İfrat sağçı "Almaniya üçün Alternativ" Partiyası (AfD) fevralın 23-də keçirilən Almaniya parlament seçkilərində ən yaxşı nəticəsini əldə edib və təxminən 20 faiz səslə ikinci olub. Bu isə dörd il əvvəl əldə etdiyi nəticədən təxminən iki dəfə artıqdır.
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak məqaləsində yazır ki, mərkəzçilərin iqtidarda olduğu bir çox Avropa paytaxtlarında, eləcə də Almaniyanın özündə rahat nəfəs alacaqlar - səsvermənin nəticələri rəy sorğularının çoxdan proqnozlaşdırdığı ilə üst-üstə düşüb.
Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb.
CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Merts bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkilərə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir.
Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertsin üzərinə düşəcək. Dəqiq olanı odur ki AfD — 20.8 faiz səs toplayan partiya — bu danışıqlarda iştirak etməyəcək, çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir.
İndi sual odur ki, Merts öz istədiyini ala biləcəkmi? Rəqəmlər göstərir ki, parlamentdə əksər yerləri əldə etmək üçün o, ən azı iki partiyanı koalisiyaya qatmalı ola bilər, baxmayaraq ki, mandatların paylanması ümumi səs sayından bir az fərqlənə bilər.
İki əsas namizəd mərkəz-sol Sosial Demokrat (SPD) və Yaşıllar partiyalarıdır. Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi SPD dörd il əvvəlki nəticələrə nisbətən 10 faiz azalma ilə yalnız 16.4 faiz səs toplayıb. "Yaşıllar" 11.6 faizlə dördüncü yeri tutub.
Müəllif yazır ki, bəzi ilkin mandat təxminlərinə görə, CDU/CSU və SPD birlikdə parlamentdə cüzi çoxluq əldə edə və "böyük koalisiya" yarada bilər.
Seçkilərdən əvvəl F.Merts bildirib ki, o, yeni hökuməti Pasxa bayramına - aprelin 20-dək qurmaq istəyir.
Yeni kansleri gözləyən çətinliklər
Əsas məsələ Merts ilə yeni hökumətin qurulmasının nə qədər vaxt alacağıdır. O, nə qədər tez bunu bacarsa, bir o qədər yaxşıdır, çünki hökuməti gözləyən çoxsaylı məsələlər var. Almaniya iqtisadiyyatı ardıcıl iki il resessiya yaşayıb, bir çox seçici son aylarda radikal islamla əlaqəli bir neçə ölümcül hücumların ardından miqrasiya qaydalarının sərtləşdirilməsini gözləyir.
Bununla belə, indi ən böyük problem yeni ABŞ administrasiyası ilə necə əlaqə qurmaq və ABŞ ilə Rusiya arasında Ukrayna ilə bağlı istənilən potensial razılaşmada Avropanın söz sahibi olmasını necə təmin etmək olacaq.
Merts ABŞ prezidenti Donald Tramp ilə bəzi oxşar xüsusiyyətlərə sahibdir: hər ikisi biznes sahəsində təcrübə qazanıb və, məsələn, həvəsli qolfçudurlar, amma bu, kifayət edərmi?.
Ekzit-polların açıqlanmasından sonra Tramp nəticələri yüksək qiymətləndirərək sosial media platformasında mühafizəkarların qələbəsinin "Almaniya üçün əla gün" olduğunu yazıb.
"ABŞ kimi, Almaniya xalqı da, xüsusilə enerji və immiqrasiya məsələlərində mənasız gündəmdən yorulub", - Tramp qeyd edib.
Müəllif ehtimal edir ki, gözlənilən transatlantik ticarət müharibəsi ixracyönümlü Almaniya iqtisadiyyatına ağır zərbə vuracaq, Tramp tezliklə alman avtomobillərinə yüksək tariflər tətbiq edəcəyini deyib.
CDU/CSU da daxil olmaqla, Almaniyanın əksər siyasi partiyaları isə Ukraynaya həm iqtisadi, həm də siyasi dəstək verməyə davam etməkdə israrlıdır.
Yeni Almaniya kansleri bir çox çətinliklərlə üzləşəcək. Avropa isə bir çox məsələdə Almaniyanın öncülük etməsini gözləyəcək. Məsələn, digər Avropa ölkələri Almaniyaya baxacaq ki, o, Ukraynada potensial atəşkəsin nəzarət altına alınması üçün hərbi qüvvələr göndərməyə hazırdırmı.
Seçkilərdən sonra Merts bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə etmək hələ çox tezdir: "Bu məsələyə kansler Olaf Şolts ilə eyni şəkildə yanaşıram. Hazırda bu, sual deyil".
Merts, eyni zamanda, Trampın NATO-nun fəaliyyət qabiliyyəti ilə bağlı davamlı açıqlamaları qarşısında transatlantik alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib. "Biz Avropanın müstəqil müdafiə qabiliyyətini daha sürətlə inkişaf etdirməliyik. Bu, tamamilə mənim prioritetimdir və Amerikada baş verənlər barədə heç bir illüziyam yoxdur", - Merts bildirib.