Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 22:55

ABŞ və Rusiya Ukrayna olmadan öz aralarında müqavilə bağlaya bilərmi?


Vladimir Putin və Donald Tramp 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən G20 liderlərinin sammitində.
Vladimir Putin və Donald Tramp 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən G20 liderlərinin sammitində.

Bu həftə Avropada keçirilən iki təcili zirvə görüşü və Ukrayna prezidenti Volodımır Zelenskinin təlaşlı açıqlamaları ilə yadda qalıb. Baş verənlər Kiyevdən Londonadək Avropa paytaxtlarını bürüyən narahatlığın təzahürüdür.

Narahatlıq Vaşinqtonla Moskvanın Kiyev və ABŞ-nin Avropadakı müttəfiqlərinin iştirakı olmadan Ukraynanın gələcəyinə dair öz razılaşmalarını əldə etməyə çalışa biləcəyi ilə bağlıdır.

ABŞ rəsmiləri hər hansı tərəfi prosesdən uzaqlaşdırmaq istədiklərini danırlar, ancaq Avropanın danışıqlar masası arxasında olmayacağına dair ABŞ-nin dedikləri ciddi həyəcan doğurub. Fevralın 18-də Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşü isə əsəbləri əməlli-başlı gərib.

İki sual

Bu mərhələdə iki əsas sual doğur: Vaşinqton və Moskva Ukraynada savaşı sonlandırmaq üçün hər ikisini razı salacaq sövdələşmə əldə edə biləcəkmi? Və bunu bacaracaqlarsa, kimsə bununla bağlı nə edə bilər?

AzadlıqRadiosunun müxbiri Rey Förlonqun qələmə aldığı yazıda deyilir ki, Ağ ev açıq-aydın sülh istəyir. Ancaq Moskvanın sülh istəyib-istəməməsi aydın deyil. Trampın Ukrayna və Rusiya üzrə özəl nümayəndəsi Kit Kelloq fevralın 19-da Kiyevə gəlib. Onun gəlişindən cəmi bir neçə saat öncə Rusiya Ukraynaya zərbələr endirib. 250 minədək insan Odessa şəhərində dondurucu temperaturlarda elektriksiz qalmağa məcbur edilib.

Moskvada xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deyib ki, "bu böhran atəşkəslə çözülməməlidir".

Kreml razılaşmaya hazır olsa belə, göründüyünə görə öz ağır şərtlərini qəbul etdirməyə çalışacaq. Rusiyanın bu ağır şərtlərinə Vaşinqtonun razı olması Ukrayna və onun avropalı müttəfiqlərindən ötrü qorxunc ssenari olardı.

ABŞ rəsmiləri bildiriblər ki, münaqişənin hər iki tərəfi güzəştlərə getməli olacaq. Ancaq onlar Rusiyanın getməli olduğu güzəştlərin nədən ibarət ola biləcəyini deməyiblər.

Prezident Zelenskinin ofisinin rəhbəri Andriy Yermak fevralın 19-da Kiyevdə ABŞ-nin xüsusi elçisi Kit Kelloqla əl sıxır.
Prezident Zelenskinin ofisinin rəhbəri Andriy Yermak fevralın 19-da Kiyevdə ABŞ-nin xüsusi elçisi Kit Kelloqla əl sıxır.

Ərazi güzəştləri və güc tətbiqinin dayandırılması

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında bu haqda suala cavab verən Kelloq deyib ki, ərazi güzəştləri olacaq və "güc tətbiqinin dayandırılması da mümkündür".

Skeptiklər xəbərdar edirlər ki, ABŞ sürətli və asan diplomatik qələbə üçün çox şeyi və çox erkən güzəştə gedir. Di gəl, Ukrayna və Avropanı razı salmayacaq razılaşma əldə edilsə, necə olacaq?

Bununla bağlı bir sıra güclü açıqlamalar verilib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Münxen konfransında Kiyevin yanlış sazişi qəbul etməməsinin necə görünəcəyinə dair sualı belə cavablandırıb: "Biz dirənməyi bacarırıq. Döyüş meydanında bunu sübut etmişik".

Ancaq ABŞ-nin davamlı dəstəyi olmadan Ukraynanın dirənməsi çətin olacaq. Kil Dünya İqtisadiyyatı İnstitutunun rəqəmlərinə görə, indiyədək Avropa Ukraynaya ABŞ-dən daha çox yardım göstərib. Rəqəmlər hərbi, maliyyə və humanitar yardımı əhatə edir.

Ancaq Vaşinqton ən çox hərbi dəstək verən tərəfdir. Bu baxımdan, ABŞ-nin dəstəyi olmadan Ukraynanın üzləşəcəyi çətinliyin miqyasını daha yaxşı anlamaq mümkündür. Bu boşluğu doldurmaq üçün Avropa Kiyevə ümumi dəstəyini, az qala, iki dəfə artırmalı olardı.

Avropa liderləri Ukraynaya yardımı "gərəkən müddətdə" davam etdirəcəklərini təkrarlayırlar. Di gəl, bu, onların yaranacaq boşluğu doldurmaq üçün yardımı kəskin artırıb-artırmayacağına dair suala cavab vermir.

Hətta mümkün atəşkəs, yaxud sülh sazişinin əldə edilməsindən sonra Ukraynaya yerləşdirilə biləcək Avropa sülhməramlı qüvvələriylə bağlı deyilənlər də ABŞ-nin iştirakı və dəstəyinin tələb olunacağına dair xəbərdarlıqla müşayiət olunur.

Maliyyə məhdudiyyətləri və siyasi parçalanma gözə alınsa, Avropanın bu təşəbbüsü göstərib-göstərməyəcəyi aydın deyil. Hələlik, Avropa hər addımda Amerikanın dəstəyinə ehtiyac duyub.

XS
SM
MD
LG