Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1990-cı illərin sonunda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə ərazilərin mübadiləsi məsələsini müzakirə etdiyini təsdiqləyib.
ABŞ Dövlət Departamenti son vaxtlar məxfiliyi aradan qaldırılmış sənədləri dərc edib. Bu sənədlərə görə, 1990-cı illərin sonlarında Koçaryan və Əliyev vasitəçilər olmadan, təkbətək görüşdə Qarabağ məsələsini ərazilərin mübadiləsi yolu ilə həllini müzakirə ediblər – Meğrinin Qarabağa dəyişdirilməsi planı müzakirə olunub.
Bu gün, fevralın 17-də keçirdiyi mətbuat konfransında AzadlıqRadiosunun erməni xidmətinin sualını cavablandıran Koçaryan bildirib ki, H.Əliyev bu təklifi (ərazilərin dəyişdirilməsini) Vaşinqtonda edib. "Bu təklifdə mən ilk növbədə həmsədrlərin bizə sırımağa çalışdığı stereotipi sındırmaq imkanı gördüm. Düşünürdüm ki, əgər Əliyev bu məsələni həmsədrlər qarşısında qaldırarsa, deməli, biz mövcud sərt çərçivədən çıxa bilərik. Və bəli, biz onunla danışıqlar aparırdıq. O, bu variantı təklif etdi, lakin biz bildirdik ki, İranla sərhədimizi itirə bilmərik. Bu proses bizim üçün əlverişli idi, lakin mən əvvəldən şübhə etmirdim ki, müzakirələri bizim üçün məqbul olan bir həllə gətirmək imkanımız olacaq. Niyə buna əmin idim? Çünki Əliyev istənilən halda altı rayonu əldə edirdi və onun motivasiyası var idi, çünki o, əvəzində nəsə alırdı", –Koçaryan bildirib.
Koçaryanın sözlərinə görə, 1999-cu ilə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri ərazi bütövlüyü prinsipindən kənara çıxmırdılar və onların bütün təklifləri öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyü ilə birləşdirmək cəhdinə əsaslanırdı.
"Onun bunu müzakirə etdiyinə belə inanmırdım, sabah imtina edib geri çəkiləcəyini düşünürdüm. Mən nə "hə, nə də "yox" dedim. Heç bir öhdəlik götürmədən mövzunun müzakirəsinin davam etdirilməsi üçün çox ehtiyatlı idim", - Koçaryan sözlərinə əlavə edib.
"İran olmasaydı, İlham Əliyevi heç nə dayandırmazdı"
Ermənistanın ikinci prezidentinin fikrincə, Sünik ətrafında hazırkı nisbi sakitlik İranın "qəti" mövqeyi ilə bağlıdır: "Əgər İranın bu mövqeyi olmasaydı, İlham Əliyevi heç nə dayandırmazdı və bizim hakimiyyət "biz dağlar uğrunda döyüşməyəcəyik" deyərdi".
Bakı Ermənistandan gömrük nəzarəti olmadan və maneəsiz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhliz-yol verməsini tələb edir. Yerevan isə, öz növbəsində, bu marşrutun ölkələrin suverenliyi çərçivəsində fəaliyyət göstərməli olmasında israr edir.
Tehran dəfələrlə "Zəngəzur dəhlizi"nin həm Ermənistana, həm də İrana zərər verəcəyini bəyan edib. Fevralın əvvəlində İranın Ermənistandakı səfiri Tehranın "dəhliz" məntiqi çərçivəsində açılacaq istənilən yolun əleyhinə olduğunu bildirib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.