Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 00:06

Tofiq Yaqublu: 'Təqsirsizliyimi sübut etmişəm, utanmaz-utanmaz hökm oxuyublar ki…'


Tofiq Yaqublu məhkəmələrin birincə "Putinin Navalnını öldürdüyü kimi, Əliyevin də planı məni həbsxanada öldürməkdir" şüarı qaldırıb.
Tofiq Yaqublu məhkəmələrin birincə "Putinin Navalnını öldürdüyü kimi, Əliyevin də planı məni həbsxanada öldürməkdir" şüarı qaldırıb.

Müsavat Partiyası və Milli Şuranın üzvü, 1 il 2 aydır həbsdə olan siyasi fəal Tofiq Yaqublu deyir ki, 1993-cü ildən bəri məruz qaldığı şər-böhtanlar üzündən günü həbsxanalarda keçir. Bunun nəticəsində bir neçə gün öncə 64 yaşını da Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının kamerasında keçirməli olub. O, fevralın 14-də, öz məhkəməsində həmin sözləri dilə gətirib.

T.Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Məhkəmə prosesinin son bir neçə iclasında sənədlər araşdırılır. Xaricə getməkdən ötrü T.Yaqubluya pul verdiyini iddia edən Elşən Hüseynov və həmin pulu alıb siyasətçiyə çatdırdığını söyləyən Elnur Məmmədovun mobil telefonlarıyla bağlı anten məlumatları budəfəki məhkəmə iclasında tədqiq edilib. Xeyli ziddiyyətlər ortaya çıxıb. Məsələn, E.Məmmədov iddia edir ki, E.Hüseynovdan aldığı pulu siyasi fəala 8 dekabr 2023-cü ildə Zabrat qəsəbəsində verib. Telefon anten bilgiləri onun dediyi vaxtda T.Yaqublunun başqa yerdə olduğunu göstərir.

T.Yaqublu özü də əvvəlki məhkəmə iclaslarında demişdi ki, o, həmin gün Pirşağı qəsəbəsində, Milli Şuranın iclasında olub.

T.Yaqublu bildirir ki, bu ittiham tamamilə yalandır, kimisə xaricə göndərmək haqda nə söz verib, nə də pul alıb. İqtisadçı Q.İbadoğlu həbsdə olduğu dövrdə - öz həbsindən təxminən bir-iki ay öncə Bakı Apellyasiya Məhkəməsinin və Nərimanov rayon Məhkəməsinin önündə olarkən bir nəfər gəlib ona yaxınlaşaraq adının Elnur olduğunu deyib, mübarizəni dəstəklədiyini söyləyib və s. Həbsindən sonra ona məlum olub ki, E.Məmmədov onun yanına məqsədli şəkildə göndərilib. Həmin vaxt kənardan onların fotosunu çəkiblər. Onun sözlərinə görə, məqsəd də saxta sübut yaratmaq olub ki, guya onlar görüşüb və pul da bu zaman verilib.

32 il boyunca dörd dəfə saxta ittiham

Siyasi fəal budəfəki məhkəmə iclasında ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Deyib ki, son 32 il boyunca dörd dəfə saxta ittihamla barəsində cinayət işi başlanıb, hər dəfə də uzun illər həbsdə saxlanıb. Onun sözlərinə görə, dəfələrlə şərlənib və inzibati qaydada həbs olunub, hətta bu həbslərin sayını da unudub.

T.Yaqublu vaxtilə xidmətlərinə görə Milli Qəhrəman adı üçün onun haqqında təqdimat verildiyini, oğlunun da 2020-ci ildə Qarabağ döyüşlərinə qatıldığını xatırladıb: "Amma bu ölkədə bir nəfərin cəsarəti çatmır ki, şərəfini əynindəki uniformadan, mantiyadan üstün tutaraq desin ki, mən bu adamı şərləmək istəmirəm. Heç sizin də adi ev dustaqlığına buraxmağa cəsarətiniz yoxdur. İndiyədək bütün məhkəmələrdə təqsirsizliyimi sübut etmişəm, amma utanmaz-utanmaz gəlib hökmü oxuyublar ki, ittiham sübuta yetirildi, filan qədər cəza…".

Tofiq Yaqublu Bakıda müxalifətin etiraz aksiyasında
Tofiq Yaqublu Bakıda müxalifətin etiraz aksiyasında

T.Yaqublu vurğulayıb ki, onun haqqında həbs-qətimkan tədbirinin seçilməsinin əsaslarından biri kimi, ictimai baxımdan təhlükəli olması göstərilib: "Əslində isə mən cəmiyyəti quldur, oğru rejimdən xilas etmək üçün vuruşuram. İndi gəlin görək, təhlükəli olan mənəm, yoxsa ölkəni idarə edənlər?!".

T.Yaqublu saxlanılandan sonra onun evində axtarış aparılıb. İddia olunur ki, evdən 25 min avro pul tapılıb. Həmin vaxt evdə olan həyat yoldaşı Maya Yaqublu isə məhkəmədə ifadəsində deyib ki, pulu axtarışa gələnlərin özü qoyub, özləri də tapılmış kimi protokollaşdırıb.

Protokolda hal şahidi kimi Ülfət Məmmədovla Murad Nəbiyevin adı var. T.Yaqublu onların da məhkəmədə dindirilməsini istəyir və bu barədə vəsatət də qaldırıb.

Siyasi fəalın daha bir vəsatəti isə Almaniyaya getmək məqsədilə sənəd düzəltməkdən ötrü T.Yaqubluya pul verdiyini iddia edən zərərçəkmiş Elşən Hüseynovla həmin pulu çatdırdığını iddia edən Elnur Məmmədov arasındakı səsli WhatsApp mesajlarının məhkəmədə dinlənilməsidir. Cinayət işinin materiallarında mesajların mətni var, amma T.Yaqublu onların dinlənilməsini istəyir. Onun fikrincə, belə mesajlar heç olmayıb, saxta sübut yaratmaqdan ötrü mətni müstəntiq düzüb-qoşub.

Hakimlər həm ev dustaqlığı, həm də digər vəsatətləri fevralın 19-da keçiriləcək növbəti məhkəmə iclasında müzakirəyə çıxaracaqlar.

Xatırlatma

T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəalın suçlandığı maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu daha öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbs edilib. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığına diqqət çəkir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG