Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 00:13

'Qubad İbadoğlunu dindirmədiniz, ifadəsini elan etmədiniz, bunun nəyi məhkəmə oldu?!'


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, ilyarımdır Azərbaycanda həbsdə olan Fazil Qasımov iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə suçlanır. Di gəl, təqsirləndirilən alim nə onun məhkəmədə dindirilməsinə nail ola bilir, nə də istintaqdakı ifadəsinin açıqlanmasına.

F.Qasımovun özü və vəkilləri vəsatət qaldırsalar da, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakimlər Q.İbadoğlunu çağırıb dindirməkdən boyun qaçırırlar. Bu üzdən, fevralın 14-də keçirilən məhkəmə iclasında vəkil Fuad Ağayev vəsatət qaldırıb ki, onun özü gəlməsə də, heç olmasa, istintaqdakı ifadəsi açıqlansın.

Vəsatətini əsaslandıran vəkil vurğulayıb ki, bu cinayət işində əsas fiqur kimi Q.İbadoğlunun adı keçir. F.Qasımova verilən ittihamda da iddia edilir ki, o, İstanbulda Q.İbadoğluya saxta pul verib və iqtisadçı da həmin pulu Bakıya gətirib.

İfadələrin elan olunmasına zərurət yoxdur?

Ancaq hakimlər Q.İbadoğlunun cinayət işində olan ifadəsini açıqlamaq istəməyiblər.

"Məhkəmə hesab edir ki, onun ifadələrinin elan olunmasına zərurət yoxdur", - hakim Mahirə Kərimova belə deyib.

Bu yanaşma vəkil F.Ağayevin etirazına səbəb olub. Vəkil bildirib ki, F.Qasımovun işi üzrə məhkəmə prosesi formal gedir, gerçək araşdırmadan söhbət gedə bilməz. Müdafiəçi vurğulayıb ki, iş üçün önəmli olan vəsatətlərin təmin olunmaması da bunu deməyə əsas verir: "Qubad İbadoğlu bu ittihamın mərkəzinə qoyulan əsas şəxsdir. Onu çağırıb dindirmirsiniz. Bunu məhkəmə özü etməlidir, amma siz bizim vəsatətlərimizi də rədd edirsiniz. İndi isə ifadələrini belə elan etməkdən imtina edirsiniz. Bunun nəyi məhkəmə oldu?! Siz nəyi araşdırırsınız?!".

Hakimlər cinayət işinin materiallarında olan bir çox başqa sənədləri, o cümlədən F.Qasımovla birlikdə mühakimə olunan Anar Əliyevin ərizəsini də məhkəmədə açıqlamaq istəməyiblər. Vəkil F.Ağayev deyib ki, bu, məhkəmə araşdırması deyil, faktları ört-basdır etməkdir.

Cinayət işində iddia olunur ki, Q.İbadoğlu Bakıya gətirdiyi saxta 100 dollarlıq əsginaslardan min dolları da tanışı A.Əliyevə verib. Bu üzdən o da həbsdədir.

Fuad Ağayev
Fuad Ağayev

Saxta dollarla bağlı ərizə nə vaxt yazılıb?

Vəkil F.Ağayev deyir ki, 2023-cü ilin iyulunda A.Əliyev haqqında həbs qərarı çıxarılandan sonra o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Lakin bir neçə gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılıb, 22 gün orada qanunsuz saxlanılıb. Ərizəni də idarədən qayıdandan sonra yazıb.

Həmin ərizənin cinayət işinin materiallarında olduğunu deyən vəkil o sənədin elan edilməsini istəyib. Amma hakimlər onu da açıqlamaqdan imtina ediblər. Bunu əsaslandırmaq üçün A.Əliyevin özündən soruşublar ki, o özü haqqında sənədlərin məhkəmədə elan olunmasını istəyir, yoxsa yox? A.Əliyev bu suala "yox" cavabı verib. Hakimlər də sənədlərdə nə yazıldığını məhkəmədə iştirak edənlərin nəzərinə çatdırmadan onları elan olunmuş sayıblar.

"Anar Əliyev 22 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılandan sonra ərizə yazıb ki, saxta pullarla bağlı əvvəl verdiyi ifadə düzgün deyil. Siz də həmin ərizəni tədqiq etmək istəmirsiniz. Niyə?", - deyə vəkil etirazını dilə gətirib.

Məhkəmədə təqsirləndirilən alim F.Qasımov ifadə verərkən də hakimlərlə mübahisə yaşanıb. O, Q.İbadoğlu ilə münasibətlərindən, xaricdə təhsil fondu yaratmalarından danışarkən hakim onu sözünü kəsib və bu, narazılıq doğurub.

F.Qasımov ifadəsində yüksək bal toplayıb universitetə qəbul olunduğuna görə Prezident təqaüdünə layiq görüldüyünü söyləyib. Azərbaycanda Qafqaz Universitetində təhsil alıb. Amma onları FETÖ-ya (Fətullah Gülən Terror Örgütü) bağlamaq cəhdləri olub. Sonra təhsilini Türkiyədə davam etdirib və elə orada da qalıb işləyib.

İstintaqda suallar yalnız Təhsil Fondu barədə olub

Təqsirləndirilən alim deyir ki, Q.İbadoğlu ilə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı işadamı Mübariz Mənsimov həbs edilərkən onun azadlığa buraxılmasından ötrü dəstək kampaniyası zamanı tanış olub. Sonradan münasibətləri davam edib. Onunla xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə dəstək məqsədiylə fond yaratmaq qərarına gəliblər.

Fond haqqında danışarkən hakimlər F.Qasımovun sözünü kəsərək ittihamın mahiyyətindən – saxta pul məsələsindən danışmasını istəyiblər. F.Qasımovsa bildirib ki, İstanbulda tutulub özəl təyyarə reysi ilə Bakıya gətiriləndən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona 20 günə yaxın yalnız Azərbaycan Gənclərinin Təhsil Fondu barədə suallar veriblər.

Hakimlərin ifadəyə müdaxilə etməsinə vəkil F.Ağayev narazılığını bildirib. Vəkil məhkəmə prosesinin belə yönəldilməsinin yolverilməz olduğunu deyib. Hakimlər gərəkən şahidləri dindirmir, sənədləri açıqlamır, sərbəst ifadə verməyə imkan vermirlər. O, bu üzdən növbəti iclasda bütövlükdə məhkəmə tərkibinə etiraz edəcəyini bildirib.

Bu iş üzrə məhkəmə fevralın 20-nə saxlanılıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı professor Q.İbadoğlu 2023-cü ilin yayında Londonda bir neçə azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını elan etmişdi. O, Azərbaycan məmurlarının xarici ölkələrdəki qanunsuz yolla əldə etdiyi vəsaitlərin bu fonda köçürülməsi və gənclərin təhsilinə sərf olunması üçün çalışacaqlarına diqqət çəkmişdi. Elə 2023-cü ilin iyulunda Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə həbs edilmişdi.

Onun saxlandığı gün təşkilatın ofisində axtarış aparılmış və 40 min dollar pul tapıldığı və bunun bir hissəsinin saxta olduğu iddia edilmişdi. Təqsirləndirilən professor bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bildirmişdi.

İstintaq gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsiylə də ittiham verilmiş, ancaq o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanları yalanlamışdı.

Q.İbadoğlunun tanışı olan alim F.Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, ardınca onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və bir neçə ay sonra onunla bağlı cinayət işi isə ümumi işdən ayrılıb. O, həbsdən çıxandan bir müddət sonra rəhbəri olduğu partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

XS
SM
MD
LG