Kiyevin meri ölkə prezidenti ilə çəkişir. Silah tədarükünə nəzarətlə bağlı çəkişmə fonunda müdafiə naziri barəsində araşdırma aparılır. Hərbi komissarlıq cəbhəyə yetərincə adam toplamaqda çətinlik çəkir. Bir yandan da ukraynalılar çağırış yaşının azaldılması çağırışlarına qarşı çıxırlar.
AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin hazırladığı materialda deyilir ki, bu həftə daha iki şəhər Rusiya ordusuna təslim olub. Düzdür, bunlar taktik olmaqdan çox, rəmzi itkilərdir.
Üç ildir sürən savaşın haldan saldığı Ukrayna xalqı, əsasən, prezident Volodimir Zelenskinin arxasında durmaqdadır. Ancaq ölkə rəhbərliyi və siyasi zümrə arasında parçalanma yaranmağa başlayır və, hələlik, bu parçalanmanın nə dərəcədə genişlənəcəyi və dərinləşəcəyi bilinmir.
İstənilən halda, Moskvanın atəşkəs əldə etmək üçün fürsət qazandığı, Ukraynanı silahla təchiz edən ABŞ-nin savaşı sonlandırmaq istədiyi, həftəsonu keçiriləcək Münxen Güvənlik Konfransı ərəfəsində diplomatiyanın aktivləşdiyi zamanda bu parçalanma Kiyevdən ötrü heç arzulanmazdır.
"Ümid çoxdur"
"Bu faktlar onu göstərir ki, Ukraynada hətta müharibə zamanı da siyasi proseslər aktiv qalır. Gerçəkdən də atəşkəsin əldə edilməsinə və siyasi rəqabətin yenidən başlanmasına ümid çoxdur", - Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Ukrayna üzrə təhlilçisi Orısya Lutseviç belə deyir.
Ukrayna ordusu aylardır döyüş meydanında arzulanan nəticə göstərə bilmir.
Ötən ilin avqustunda Ukrayna gözlənilmədən Rusiyanın Kursk vilayətinə daxil olmaqla mövcud durumu dəyişməyə çalışdı. Bu, İkinci Dünya savaşından bəri Rusiya ərazisinə ən iri hücum idi. Kiyev bu addımı atmaqla cəbhə xəttinin digər nöqtələrində gərginliyi azaltmağa və Qərbdəki müttəfiqlərinə hələ də döyüş meydanında məharət göstərməyə qadir olduğunu göstərməyə ümid bəsləyirdi.
Qərb gerçəkdən təəccübləndi, ancaq Rusiya hər hansı bölgədən qoşunlarını çıxarmadı. Payız və qış boyunca Ukrayna bir neçə nöqtədə geri çəkilməyə məcbur qaldı.
Yanvarın 27-də Donbas bölgəsinin cənubunda yerləşən Velika Novosilka şəhəri Rusiya qoşunlarına təslim oldu. Ukrayna rəsmiləri 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın şəhərdən çəkildiyini açıqladı. Bir neçə gün sonra Rusiya qoşunları Kuraxovanın qalıqlarını da ələ keçirdi və ukraynalıları qərb istiqamətində Zaporojye tərəfə çəkilməyə məcbur etdi.
Kiyevin meri, boksçu və ağır çəki dərəcəsində keçmiş dünya çempionu Vitali Kliçko yanvarın 29-da prezident ofisini şəhərin yeni hərbi komendantı ilə siyasi intriqa aparmaqda günahlandırdı.
"Siyasi intriqayla məşğul olurlar"
Rusiya tammiqyaslı hücum başladandan bəri mülki və hərbi qurumlar arasında rahat koordinasiya yaratmaq üçün ölkənin hər yerinə hərbi komendantlar təyin edilib. Ancaq Kliçko deyir ki, bir ay öncə Timur Tkaçenkonun təyinatı siyasi motivlərlə bağlıdır. O iddia edir ki, Tkaçenko paytaxtda iqtisadi fəaliyyətə müdaxilə edir və onlara mane olur.
"Mən Ukrayna prezidentinə üz tuturam. Siz ölkənin Ali baş komandanı kimi müharibəyə və Ukraynanın müdafiəsinə fokuslandığınız halda, çevrənizdəki adamlar yorulmadan siyasi intriqa ilə məşğul olurlar", - Kliçko Telegram-da paylaşdığı videoda belə deyib.
Tkaçenko bu hücumu cavabsız qoymayıb: "Mən şəhər hökumətində onillərlə oturan bəzi adamlar kimi siyasi şoular düzəltməyə meylli deyiləm. Biz şəhərin problemlərini çözəcək, Kiyev sakinlərinə kömək edəcəyik".
Müdafiə Nazirliyi isə orduya silah almaq üçün bürokratik savaş aparır.
Müdafiə Təchizatı Agentliyi 2022-ci ildə həm xaricdən, həm də ölkə daxilindən gələn silah axınının idarə edilməsi məqsədilə yaradılıb. Əvvəlki zamanlarda təchizat sahəsi korrupsiya və rüşvətxorluq girdabında idi.
Yanvarın 31-də müdafiə naziri Rustem Umerov agentliyin rəhbəri Mariya Bezrukovanı yanlış idarəçilikdə suçlayaraq vəzifəsindən uzaqlaşdırıb.
Bezrukova isə bu ittihamı rədd edərək deyib ki, agentliyin idarə heyəti onun müqaviləsini uzatdığı üçün Umerovun işdən çıxarma haqda əmri qanunsuzdur. Müstəqil hüquq-mühafizə qurumu olan Milli Antikorrupsiya İdarəsi Umerovun qanunu gerçəkdən pozub-pozmadığı ilə bağlı araşdırmaya başlayıb.
Bu qarışıqlıq G7 dövlətlərini rahatsız edib. "İctimaiyyətin və beynəlxalq tərəfdaşların güvənini qoruyub saxlamaq üçün yaxşı idarəetmə prinsipləri və NATO-nun tövsiyələrinə əməl edilməsi vacibdir", - onların öz bəyanatlarında dilə gətirdiyi sözlərdir.
Canlı qüvvə problem çözülməyib
Ukraynada orduya daha çox canlı qüvvə cəlb etmək hələ də böyük problem olaraq qalmaqdadır.
Fransalı mütəxəssislərdən təlim alan, Ukraynanın modernləşdirilmiş silahlı qüvvələrinin bayraqdarı sayılmalı olan 155-ci əlahiddə mexanikləşdirilmiş briqadanın ətrafında baş verən qalmaqal bu problemi aydın nümayiş etdirir. Bu birliyin çox sayda əsgəri fərarilik edir. Briqadanın Donbasa göndərilməsi ərəfəsində onun komandiri vəzifəsindən kənarlaşdırılıb. Hazırda müstəntiqlər nəyin yanlış getdiyini araşdırırlar. Zelenski belə briqadalar yaratmağı dayandırmağı əmr edib.
Qərb rəsmiləri çağırış yaşının 25-dən 18-ə endirilməsinə çağırırlar. Ölkənin artıq ağır halda olan demoqrafik durumunun daha da pisləşməsindən, gələcəkdə əhalinin artmasının qeyri-mümkün olacağından qorxan Zelenski buna müqavimət göstərir.
Tramp administrasiyası Kiyevlə Moskvanı danışıqlar masası arxasına oturtmaq üçün həm məcburedici, həm də həvəsləndirici rıçaqlardan yararlanacağının siqnallarını verib.
Gündəmdə olan məsələlərdən biri Ukraynanın hərbi vəziyyəti dayandıraraq yeni prezident seçkiləri keçirilməsinə şərait yaratmasıdır. Rusiyanın hücuma keçəndən bəri seçkilər yasaqlanıb. Zelenski isə 2019-cu ildə seçkidə qalib gəlib və beş il müddətinə prezident seçilib.
Zalujnı milli həmrəyliyə çağırır
Fevralın 3-də dərc edilən sorğu nəticələrinə görə, ukraynalıların ən çox güvəndiyi ictimai şəxslərin siyahısında keçmiş baş komandan Valeri Zalujnı birinci yeri tutub. Zalujnı Britaniyada səfir təyin ediləndən bəri siyasi profilini çox da qabartmır. Ancaq çoxları onu seçki keçirilərsə, güclü rəqib sayır.
Siyahıda Zalujnıdan sonrakı yeri tutan şəxs Ukraynanın hərbi kəşfiyyat qurumunun rəhbəri Kirilo Budanovdur. Üçüncü yeri isə ötən il ağır çəki dərəcəsində boks üzrə dünya çempionu olan Oleksandr Usik tutur. Zelenski dördüncü yerdədir.
Ekspertlər deyirlər ki, Zelenskinin siyasi müşavirləri Zalujnının seçkidə güclü rəqib olacağını bilirlər. Bu zəhmli general Londona köçəndən bəri ictimai açıqlamalarının çoxunda xarici düşmənlə mübarizədə milli həmrəyliyə çağırır.
Rusiyanın Ukraynada keçiriləcək seçkilərə keçmişdə olduğu kimi müdaxilə edə biləcəyinə dair qorxu da var.
Vaşinqtonda yerləşən Vilson Mərkəzinin tədqiqatçısı və İndianadakı Boll Dövlət Universitetinin professoru Sergey Juk ötən ay AzadlıqRadiosuna müsahibəsində deyib ki, Kreml seçki zamanı ölkədə sabitliyi pozmaq üçün öz güclü təbliğat maşınından və Ukrayna daxilindəki rusiyameylli ünsürlərdən yararlana bilər.
2019-cu ildə seçkidə Zelenskiyə yenilmiş keçmiş prezident Petro Poroşenkonun dəstəkçiləri onun yenidən namizəd olmasına zəmin hazırlayırlar. Hərçənd, o, hələ də əhali arasında populyar deyil.