Planlaşdırılmış mətbuat konfransının ləğv edilməsi gərginlik əlaməti olsa da, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 20-də ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə keçirdiyi görüşü müsbət dəyərləndirib.
Prezident Zelenski axşam müraciətində Kelloq ilə görüşün ümidi bərpa etdiyini bildirib və Ukraynanın ABŞ ilə güclü razılaşmalara ehtiyacı olduğunu bir daha vurğulayıb.
"Mən sürətli və çox diqqətli şəkildə işləmək üçün göstəriş vermişəm. İqtisadiyyat və təhlükəsizlik hər zaman bir-biri ilə bağlı olmalıdır və razılaşmaların detalları vacibdir – onlar nə qədər yaxşı hazırlansa, nəticələr bir o qədər böyük olar", - Zelenski bildirib.
Prezidentin sözlərinə görə, o və Kelloq cəbhə xəttindəki vəziyyəti, Rusiyada saxlanılan ukraynalı əsirlərin azad edilməsinin zəruriliyini, həmçinin "müharibənin bir daha qayıtmamasını və rusların bir daha insan həyatını məhv etməməsini təmin edəcək" etibarlı və aydın təhlükəsizlik zəmanətinə ehtiyacı müzakirə ediblər.
Ancaq görüşdən sonra planlaşdırılan birgə mətbuat konfransı keçirilməyib və Kelloq tərəfindən danışıqlarla bağlı heç bir şərh verilməyib.
Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts isə fevralın 20-də mətbuat konfransında diqqəti Ukraynanın nadir mineral yataqlarını əhatə edən mümkün razılaşmaya yönəldib.
"O, danışıqlar masasına qayıtmalıdır", –Uolts Ağ evdə keçirilən mətbuat konfransında deyib və Zelenskini tezliklə razılaşmaya gəlməyə çağırıb. Uolts ABŞ-yə yüksəktexnologiyalı avadanlıqlar və elektrik avtomobilləri üçün batareyaların istehsalında mühüm rol oynayan nadir minerallara çıxış imkanı verilməsinin vacibliyini vurğulayıb.
Zelenski daha əvvəl ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyi qarşılığında nadir torpaq mineralları da daxil olmaqla, 500 milyard dollarlıq mineral sərvətin verilməsini nəzərdə tutan təklifi rədd edib. Bu dəstək Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğala qarşı Kiyevin müdafiəsini gücləndirməyə yönəlmişdi.
Zelenski səbəb kimi vurğulayıb ki, ABŞ-nin indiyə qədər göstərdiyi yardım bu məbləğdən xeyli azdır və ABŞ-nin təklifi konkret təhlükəsizlik zəmanətlərini əhatə etmir.
Makron: "Trampa deyəcəm ki..."
Zelenski fevralın 20-də həmçinin Fransa prezidenti Emmanuel Makron və Kanada baş naziri Castin Trüdo ilə telefonla danışaraq müharibəni bitirmək üçün aparılan son diplomatik səyləri müzakirə edib.
Fransa dövlət başçısı X sosial şəbəkəsində bildirib ki, o, Zelenskini Avropadakı tərəfdaşları və müttəfiqləri ilə apardığı danışıqlar barədə məlumatlandırıb. Onun sözlərinə görə, bu müttəfiqlər Ukrayna üçün "davamlı və möhkəm" bir sülhə nail olmaq və Avropanın təhlükəsizliyini gücləndirmək istəyirlər.
Bu, həftə ərzində Makronun Zelenski ilə dördüncü telefon danışığı olub. Makron fevralın 24-də Vaşinqtonda Tramp ilə görüşəcək.
Makron bildirib ki, o, Trampı Rusiya prezidenti Vladimir Putinə qarşı dayanmağa inandırmağa və ona ABŞ ilə Avropanın maraqlarının bir-birinə uyğun olduğunu izah etməyə çalışacaq.
"Mən ona deyəcəyəm: daxilən siz Putinə qarşı zəif ola bilməzsiniz", - Makron deyib.
Fransa prezidenti fevralın 17-də Avropa dövlət başçıları və baş nazirlərinin sammitinə ev sahibliyi edib, burada mümkün atəşkəsin təmin edilməsi üçün Avropa sülhməramlı qüvvələri məsələsi müzakirə olunub.
Tramp gələn həftə Britaniya baş naziri Kir Starmerin da ziyarətini gözləyir. Ağ ev bu görüşün fevralın 27-də keçiriləcəyini açıqlayıb.
Kanada baş naziri C.Trüdo prezident Zelenski ilə telefon danışığında müharibəni bitirmək üçün hər hansı razılaşma ilə bağlı danışıqlarda Kiyevin iştirakının vacib olduğunu vurğulayıb.
Trüdonun ofisi yaydığı məlumatda bildirib ki, "baş nazir Kanadanın Ukraynaya dəstəyini təkrarlayıb və Ukraynanın təhlükəsizliyi olmadan Avropada davamlı sülhün mümkün olmadığını vurğulayıb".
"Rusiyalı cənabın yorğun uydurmaları"
Britaniya xarici işlər naziri Devid Lemmi isə fevralın 20-də bildirib ki, o, Cənubi Afrikada Respublikasında keçirilən G20 toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışını dinləyərkən Moskvanın Ukraynada sülh istəyinə dair heç bir əlamət görməyib.
Lemmi G20 xarici işlər nazirlərinin sessiyasından sonra jurnalistlərə açıqlama verib. Lavrovun çıxışının detalları açıqlanmayıb. Lemmi onun çıxışını "rusiyalı cənabın yorğun uydurmaları" olaraq xarakterizə edib.
Britaniya XİN rəhbəri bildirib ki, o, təcavüzün günahsız qurbanlarına qarşı bir zərrə də olsa, mərhəmət və ya davamlı sülhə hazırlıqla bağlı nəsə eşitməyə ümid edirdi. "Amma eşitdiyim şey realpolitik olaraq maskalanmış imperializm məntiqi idi", –D.Lemmi bildirib. "Hamınıza deyirəm, buna təəccüblənməməliyik, amma eyni zamanda aldanmamalıyıq".
Britaniyalı nazir deyib ki, iclasda onun çıxışı olarkən Lavrov iclas zalını tərk edib.
İclasda iştirak edən xarici işlər nazirlərinin birgə xatirə fotosu çəkdirmə fürsətinin heç bir səbəb göstərilmədən ləğv edilməsi gərginlik əlaməti kimi xarakterizə olunub.