Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 22:34

Yüksəkvəzifəli respublikaçılar Trampın Zelenskini tənqid etməsinə qarşıdırlar


Respublikaçı senator Rocer Uiker
Respublikaçı senator Rocer Uiker

ABŞ Respublikaçılar Partiyasının aparıcı nümayəndələri prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə qarşı səsləndirdiyi son açıqlamalarına etiraz edirlər.

Tramp son günlərdə Zelenskiyə qarşı tənqidlərini gücləndirərək onu "seçkisiz diktator" adlandırıb və davam edən Rusiya işğalına görə Ukraynanın məsuliyyət daşıdığını iddia edib.

Sərt xətt tutan mühafizəkar respublikaçı senatorlar prezidentin bu açıqlamalarının, Kiyevə dəstəyi dayandırmaq siqnalının Rusiya prezidenti Vladimir Putini cəsarətləndirəcəyindən narahatlıq ifadə ediblər.

Trampın Zelenskiyə qarşı mənfi fikirləri Ukraynanı Rusiya təcavüzünün qurbanı kimi görən Senatdakı bir çox respublikaçıların mövqeyi ilə açıq ziddiyyət təşkil edir.

Aparıcı respublikaçı senatorlar fevralın 19-da Ukraynaya qəti dəstək bildirərək Rusiya təcavüzünə göz yumulmasına qarşı xəbərdarlıq ediblər.

Senator Con Kennedi Putinin yaratdığı təhlükə barədə danışarkən sözlərini əsirgəməyib və onu "qara qəlbli qanqster" adlandırıb. Onun fikrincə, "Putin ilə müqayisədə (məşhur qatil) Ceffri Damer Tereza Anadır".

"Müharibəyə başlayan Vladimir Putindir. Acı təcrübələrdən bilirəm ki, Vladimir Putin əsl qanqsterdir... O, Stalin kimi, qana susayıb", - Kennedi vurğulayıb.

Senator Rocer Uiker Kennedinin narahatlığını təkrarlayaraq Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün danışıqlarda ukraynalıların iştirakının və Avropanın maraqlarının nəzərə alınmasının gərəkdiyini bildirib: "Putin hərbi cinayətkarıdır və edam edilməzsə, ömrünün qalan hissəsini həbsxanada keçirməlidir".

Senator Tom Tillis Trampın Zelenskini "diktator" olaraq xarakterizə etməsi ilə razılaşmayıb, lakin senator prezident Trampı birbaşa tənqid etməkdən yayınıb.

"Mən bu sözü işlətməzdim", - deyən senator əlavə edib ki, "Vladimir Putinlə prezident Zelenski arasında heç bir mənəvi bərabərlik yoxdur".

"Aydındır ki, Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır," – Tillis fevralın 19-da Vaşinqtonda jurnalistlərə bildirib. " Onun qərarı saysız-hesabsız ukraynalıların öldürülməsinə, zorlanmasına, işgəncələrinə və oğurlanmasına səbəb olub".

Senatda respublikaçı çoxluğun lideri Con Tyun da prezident Trampı açıqlamalarına görə tənqid etməyib. "Prezident öz yerinə danışır", – o, jurnalistlərə bildirib. "Ukraynada dinc sonluq və nəticəni dəstəkləyirəm... Düşünürəm ki, hazırda administrasiya, prezident və komandası buna nail olmağa çalışır".

Zelenskinin prezidentlik mandatı 2024-cü ilin mayında başa çatmalı olsa da, Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başladığı zaman tətbiq edilən və dəfələrlə uzadılan hərbi vəziyyətə görə Ukrayna seçkilər keçirə bilməyib.

XS
SM
MD
LG