Keçid linkləri

2025, 25 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Avropa ölkələri və Aİ Ukraynaya yeni yardım paketlərini elan edib


Kiyevdə müharibənin 3 illiyini anırlar
Kiyevdə müharibənin 3 illiyini anırlar

Britaniyanın Baş naziri Kir Starmer bu il üçün ölkəsinin Ukraynaya 4.5 milyard funt-sterlinq ayıracağını bəyan edib. Bu, indiyədək Britaniyanın ayırdığı ən böyük maliyyə dəstəyidir. Starmer Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin üçüncü ildönümü ilə bağlı Kiyevdə keçirilən Ukraynaya dəstəklə bağlı sammitə onlayn qatılıb.

"Bu müharibədə bütün kartlar Rusiyanın əlində deyil... Çünki ukraynalılar öz ölkələrini müdafiə etmək cəsarətinə malikdir... Çünki Rusiyanın iqtisadiyyatı problemlər içindədir... Ona görə də biz davamlı sülh üçün təzyiqi daha da artırmalıyıq, nəinki döyüşdə fasilə verməliyik", - deyə Starmer ABŞ prezidenti Donald Trampın "kartlar Rusiyanın əlindədir" fikrinə işarə edərək deyib.

Baş nazir Starmer deyib ki, davamlı və ədalətli sülh üçün Ukraynaya hərbi dəstək gücləndirilməli, Rusiyaya iqtisadi təzyiqlər daha da artırılmalı və kollektiv güc sülh səylərinə yönəldilməlidir. O, müharibənin ilk günlərindən bəri Birləşmiş Krallığın Rusiyaya qarşı ən böyük sanksiya paketini elan etdiyini də açıqlayıb. O, Ukraynanın danışıqlar masasında yer almalı olduğunu vurğulayıb.

Kiyevdə sammit
Kiyevdə sammit

Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen də sammitdə şəxsən iştirak edib və o, çıxışında Ukraynaya "silah və sursatların çatdırılmasını sürətləndirməliyik" deyib.

"Bu, təkcə Ukraynanın taleyi deyil, Avropanın da taleyi təhlükə altındadır", - Avropa Komissiyasının prezidenti çıxışında vurğulayıb. O, Aİ-nin Ukraynaya əlavə 3,5 milyard avro yardım ayıracağını elan edib.

Sammitə qatılan İspaniyanın Baş naziri Pedro Sançez də ölkəsinin Ukraynaya 1 milyard avro ayıracağını açıqlayıb.

"İspaniya keçmişdə etdiklərimizdən daha qətiyyətlə hərbi dəstək və avadanlıq verməyə davam edəcək", - Baş nazir Sançez deyib.

Kanadanın baş naziri Castin Trüdo isə çıxışında bildirib ki, onun ölkəsi Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 5 milyard dollar yardım göndərəcək. O, Ukrayna üçün əlavə 25 yüngül zirehli avtomobil və Ukraynanın elektrik şəbəkəsinin təhülkəsizliyinə kömək niyyətilə qrant vəd edib. Kanadanın hökumət başısı da çıxışında müharibənin başa çatması ilə bağlı istənilən danışıqlarda Ukraynanın birbaşa iştirakının zəruriliyini vurğulayıb.

Danimarka, Norveç, İsveç və Finlandiya hökumətləri də Ukraynaya əlavə humanitar, hərbi və enerji yardımı ayıracaqlarını elan ediblər.

Kiyevdə anım tədbirləri
Kiyevdə anım tədbirləri

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib. Aİ Şurasının rəsmi saytında dərc olunan məlumatda bildirilib ki, Aİ xarici işlər nazirləri fevralın 24-də Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 48 fiziki şəxsin və 35 hüquq şəxsin daxil edildiyi siyahı üzərində razılığa gəlib.

Yeni sanksiyalar paketi çərçivəsində Aİ Rusiyanın enerji ixracına qarşı beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na məxsus 74 neft tankerinə qarşı məhdudiyyətlər tətbiq edib. Bununla da belə gəmilərin sayı 153-ə çatıb.

Aİ Rusiyada olan bəzi dəniz və hava limanlarına qarşı da məhdudiyyətlər tətbiq edib və onlarla hər hansı əməliyyatlar qadağan edilib.

Yeni sanksiyalar paketi çərçivəsində ilk dəfə olaraq Rusiyadan kənarda yerləşən və Rusiya Mərkəzi Bankının "Maliyyə Mesajlarının Köçürülməsi Sistemi" (SPFS) vasitəsilə əməliyyat aparan kredit və maliyyə institutlarına qarşı əməliyyat qadağası tətbiq edilib. 13 bankın beynəlxalq SWIFT ödəniş sistemindən çıxarılması qərarı verilib. Bu banklar arasında Çində qeydiyyatdan keçmiş bir Rusiya bankı və Belarusda fəaliyyət göstərən iki bank da var.

Aİ Şurası həmçinin 53 yeni qurumu "Ukraynaya qarşı işğalçı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verənlər" siyahısına əlavə edib. Bu qurumlar Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji cəhətdən təkmilləşməsinə töhfə verə biləcək ikili təyinatlı mallar və texnologiyalarla bağlı daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar. Bu qurumların üçdə biri Rusiya, digərləri isə üçüncü ölkələrdə (Çin daxil olmaqla Honq-Konq, Hindistan, Qazaxıstan, Sinqapur Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan) yerləşir.

Yeni paket, eyni zamanda, Rusiyanın sənaye imkanlarının artırılmasına kömək edən malların (kimyəvi məhsullar, plastik və kauçuk) ixracına və onların Rusiya ərazisindən tranzitinə, habelə Rusiyaya əhəmiyyətli gəlir gətirən ilkin alüminiumun idxalına da əlavə məhdudiyyətlər tətbiq edib.

16-cı sanksiyalar paketi çərçivəsində "Rusiya rəhbərliyinin daimi nəzarəti altında olan" Rusiyaya məxsus 8 media orqanının yayım lisenziyası da dayandırılıb.

Bu gün, fevralın 24-də təsdiqlənən sənəddə Şura Aİ-nin uçuş qadağasını Rusiya daxilində uçuşlar həyata keçirən və ya Rusiya aviadaşıyıcılarına təyyarə və ya digər aviasiya malları və texnologiyaları ixrac edən aviadaşıyıcılara da şamil etmək qərarına gəlib.

Bundan əlavə, Aİ Rusiya fiziki və ya hüquqi şəxslərin 25 faizdən çox pay sahibi olduğu Aİ yol nəqliyyatı operatorlarına qarşı mövcud qadağanı gücləndirir. Yeni qayda bu cür yol nəqliyyatı şirkətlərinin kapital strukturunda elə bir dəyişiklik edilməsini qadağan edir ki, nəticədə Rusiya mənşəli fiziki və ya hüquqi şəxslərin payı 25 faizdən çox olsun.

Yeni sanksiyalar həmçinin neftin alış qiymətindən və bu məhsulların son təyinat yerindən asılı olmayaraq, Rusiya xam nefti və neft məhsullarının Aİ daxilində müvəqqəti saxlanmasının təmin edilməsini də qadağan edir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Kiyev dəmiryol vağzalında
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Kiyev dəmiryol vağzalında

Aİ liderləri Rusiya işğalının üçüncü ildönümündə Kiyevə gəliblər

Rusiyanın 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı başlatdığı genişmiqlayslı işğalçı müharibənin üçüncü ildönümündə Avropa İttifaqının yüksəksəviyyəli rəsmiləri, həmçinin bir sıra Avropa ölkələrinin dövlət və hökumət başçıları Kiyevə gəlib.

Kiyevə gəlişi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen X sosial şəbəkəsində paylaşım edib. "Rusiyanın qəddar işğalının üçüncü ildönümündə Avropa Kiyevdədir. Biz bu gün Kiyevdəyik, çünki Ukrayna Avropadır. Yaşamaq uğrunda bu mübarizədə təkcə Ukraynanın taleyi təhlükə altında deyil. Bu, Avropanın taleyidir", - o, paylaşımında bildirib.

Aİ rəsmiləri ilə yanaşı, ildönümündə Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə gələnlər arasında Baltikyanı və Skandinaviya ölkələrinin dövlət və hökumət başçıları, İspaniyanın baş naziri ilə yanaşı, Kanadanın baş naziri Castin Trüdo da var.

Ukrayna mətbuatı yazır ki, liderlərin bugünkü səfərinin məqsədi həm də Ukraynanın mümkün danışıqlar strategiyası və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Kiyevdə keçirilən sammitdə iştirakdır.

Prezident Volodimir Zelenski fevralın 23-də bildirib ki, sammitə 13 liderin şəxsən, 24-nün isə onlayn qatılacağı gözlənilir.

XS
SM
MD
LG