Kremlin Ukraynada apardığı müharibə Rusiya ordusunun avtomobil arsenalını yıpradıb. Savaş başlanandan bəri Rusiya ordusu avadanlıq və şəxsi heyətin daşınmasından ötrü, əsasən, mülki yük maşınlarından yararlanıb.
ABŞ və Aİ-nin sanksiyaları Qərbdə istehsal olunan avtomobil hissələrinin ölkəyə gətirilməsini sonlandırmalıydı. Bu hissələr Rusiya prezidenti Vladimir Putinin hərbi kampaniyasını ayaqda saxlamağa kömək edən amillərdən biridir.
Ancaq Norveçin avtomobil hissələri istehsalçısı Rusiyaya milyonlarla dollar dəyərində yük maşını hissələri ixrac edib. AzadlıqRadiosu Ukrayna xidmətinin araşdırma qrupu olan "Sxemı" ilə Norveçin İctimai Kanalı olan NRK-nın apardığı araşdırma türkiyəli vasitəçilərin köməyiylə göndərilən bu hissələrin Rusiyanın hərb maşınını qidalandırdığını üzə çıxarıb. AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşları Maksım Savçuk və Anna Mironyukun, eləcə də "Sxemı"nın birgə hazırladığı materialda deyilir ki, Türkiyə şirkəti Aİ-nin sanksiyalarına məhəl qoymadan bu hissələri Rusiyaya satıb.
Aqressor ölkəyə satışlar
Norveçin cənubundakı Konqsberq şəhərində yerləşən "Kongsberg Automotive" şirkəti "Volvo", "Ford", "Scania" və "Jaguar Land Rover" kimi aparıcı avtomobil markalarını ehtiyat hissələri ilə təmin edən əsas təchizatçılardandır. Şirkət 2022-ci ildə Rusiyaya birbaşa ixracı öz təşəbbüsü ilə bütövlükdə dayandırdığını bildirib və aqressor ölkəyə satışları "əxlaqsız və qınağalayiq" davranış adlandırıb.
Ancaq "Sxemı"nın əldə etdiyi sızan və Rusiya gömrük sənədlərindən belə görünür ki, 2022-ci ilin iyul və 2024-cü ilin aprel ayları arasında içərisində "Kongsberg Automotive"ə aid maşın hissələrinin olduğu 126 yük partiyası Rusiyaya gəlib çatıb. Bu yükləri Norveç şirkətinin Türkiyədəki müştərilərindən biri olan "Hıdırusta Otomotiv" şirkəti göndərib. Türkiyə Qərbin Moskvanı hədəf alan sanksiya koalisiyasına qoşulmayıb.
Sözügedən yüklərin sızan sənədlərdə göstərilən toplam dəyəri 2.8 milyon dollardır.
Norveç şirkətinin avtomobil hissələrinin qət etdiyi bu dolayı marşrut Qərb hökumətlərinin sanksiyalar yolu ilə Rusiya ordusu üçün vacib olan avadanlıq və elektronika mallarının axınının qarşısını almaqda nə qədər çətinliklə üzləşdiyini bir daha göstərir.
"Hıdırusta Otomotiv"in ən iri bazarı Rusiyadır
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücum başlatdığı 2022-ci ilin fevralından öncə İstanbulda yerləşən "Hıdırusta Otomotiv" şirkətinin Rusiyaya yük göndərməsinə dair gömrük sənədlərində hər hansı qeyd yoxdur. Göründüyünə görə, bu durum bir gecənin içində dəyişib. Bilgilər göstərir ki, artıq 2023-cü ildə Rusiya bu şirkətin ən iri bazarına çevrilib və bu, indi də belədir.
"Hıdırusta Otomotiv"in Rusiyaya göndərdiyi yüklərin çoxu "Kongsberg Automotive" istehsalı olan hissələrdən ibarət olub. Şirkət bu hissələrin bir qismini başqa şirkətlərdən, qalanını isə birbaşa Norveç şirkətinin özündən alıb.
"Hıdırusta Otomotiv" məsələ ilə bağlı açıqlama xahişini cavabsız qoyub. "Kongsberg Automotive" isə ehtiyat hissələrinin Rusiyaya satışını "qəbuledilməz və dəyərlərimizə zidd" adlandırıb.
"Hıdırusta Otomotiv"in Rusiyaya satdığı "Kongsberg Automotive" hissələri yük maşınlarının təmiri və nəqliyyat xidmətləri ilə məşğul olan şirkətlərə göndərilib. Onlardan ikisinin – "A.P.R." və "Qruzavtozapçast-36"nın Rusiyanın müdafiə şirkətləri ilə sənədləşdirilmiş bağları var.
"A.P.R." "Orenburqaqrosnabtexservis" şirkətini avtomobil hissələri ilə təmin edir. Bu şirkət Rusiyanın ən köhnə və ən iri maşınqayırma və metallurgiya müəssisələrindən biri olan, 2023-cü ildən bəri ABŞ-nin sanksiya siyahısındakı Kirov Zavodunun partnyorudur.
Kirov Zavodunun törəmə müəssisələrindən Sankt-Peterburqda yerləşən "Universalmaş" zavodu Rusiya ordusunun Ukraynadakı müharibədə yararlandığı hərbi texnikanı ehtiyat hissələri ilə təchiz edir.
"Qruzavtozapçast-36"nınsa "Baltic Leasing" şirkəti ilə bağları var. Bu Rusiya şirkəti ötən il Rusiyanın ən iri hərbi təlim obyektlərindən birini buldozerlərlə təmin edib.
Nə "A.P.R.", nə də "Qruzavtozapçast-36" bu yazı çapa hazırlanarkən, açıqlama xahişlərinə cavab verib.
"Ukraynada aparılan müharibə, əsasən, logistika savaşıdır"
Norveç İnsan Haqları üzrə Helsinki Komitəsinin baş müşaviri Oqe Borxqrevink deyir ki, müharibənin hərbi maşınları sıradan çıxarması fonunda yük maşınları Rusiyanın apardığı müharibə kampaniyası üçün ciddi önəm daşıyır.
"Ukraynada aparılan müharibə, əsasən, logistika savaşıdır. Bütün Rusiya iqtisadiyyatı bu müharibəni mümkün edəcək mal və xidmət istehsalına yönəldilib. Burada ən mühüm şeylərdən biri yük maşınları və avtomobil hissələridir", - Borxqrevink belə deyir.
Bundan başqa, mülki yük maşınlarından təkcə daşıma üçün deyil, İran istehsalı olan "Shahed-136" dronlarının havaya buraxılması üçün də istifadə edilə bilər. Rusiya bu dronlardan Ukraynaya qarşı hücumlarda aktiv yararlanır. 2022-ci ilin martında İranın hərb sahəsində ixtisaslaşan "IMA Media" xəbər qurumu bu prosesin necə işlədiyini detallı göstərən video paylaşıb.
"Təkərlər yenə fırlansın deyə"
"Sözün gerçək anlamında təkərlər yenə fırlansın deyə, Rusiyanın tam yeni yük maşını donanmasına ehtiyacı vardı. Bundan ötrü də ehtiyat hissələri tələb olunurdu", - Borxqrevinkin sözləridir.
Helsinki İnsan Haqları Komitəsi və Norveçin "Corisk" risklərin təhlili şirkətinin birgə apardığı araşdırma göstərir ki, Rusiyanın yük maşınları idxalı 2023-cü ilin qışında qəfildən artıb. "Corisk"in hesabatına görə, o zamandan bəri Moskva yük maşını idxalını on dəfə artırıb. Məqsəd, Qərbin sərt sanksiyaları olsa da, döyüş meydanındakı logistikanın davamlılığını təmin etməkdir.
"Corisk"in tədqiqatçısı Erlend Bollman Byortvedt deyir ki, Rusiya cəbhə xətlərinə qidadan tutmuş, sursat və mərmilərədək hər şeyin daşınması üçün get-gedə daha çox mülki avtomobillərdən istifadə etməli olur.
Rusiya mediası da bu trendi əks etdirir; vətəndaşları mülki avtomobillərini müharibəyə ianə etməyə çağırır və bu çağırışı Ukraynanın dronlardan geniş istifadə etməsi nəticəsində yaranan kəskin qıtlığa bağlayır.
"Təkcə kiçik bir ehtiyat hissə üzündən bütöv bir yük maşınını yararsız hala düşə bilər. Bu üzdən, siz Qərb şirkətisinizsə və, bəlkə, məsum görünən kiçik hissələr, bir neçə dollarlıq rezin halqa… istehsal edirsinizsə, bu, xarab olan yük maşınının yenidən işləməsinə imkan verən həmin o kiçik ehtiyat hissə ola bilər", - Byortvedt belə deyir.
Aşkar olunan bu faktlarla razılaşmayan "Kongsberg Automotive" özünü bu tranzaksiyalardan kənarlaşdırır və Rusiyaya birbaşa satışları hələ 2022-ci ildə dayandırdığını deyir.
Ancaq şirkət məhsullarını satdıqdan sonra onların marşrutunu izləməyin çətin olduğunu bildirib.
"Kongsberg" "Hıdırusta Otomotiv"in bu qədər iri həcmdə malı Rusiyaya satması faktından sarsıldığını dilə gətirərək türkiyəli müştərisini yaxşı yoxlaya bilmədiyini bildirib. Şirkət "Hıdırusta"nın ən iri ixracat bazarının Rusiya olduğunu bilmədiyini iddia edib.
"Sxemı" və NRK-nın araşdırmalarından sonra Norveç şirkəti "Hıdırusta Otomotiv"lə əlaqələrinə xitam verdiyini və bütün müştərilərinə bu şirkətlə iş görməməyi tapşırdığını bildirib. Bundan başqa, şirkət artıq mallarını yenidən satacaq müştərilərindən sanksiyalara əməl ediləcəyinə dair müqavilə öhdəlikləri imzalamalarını tələb etdiyini də bildirib.