Zəngin rusiyalılar uzun zamandan bəri maliyyə güvənliyi və xaricə asan gediş-gəliş üçün Kipr və Malta kimi "ofşor cənnətləri"nin "qızıl pasport" və viza proqramlarından yararlanıblar. Ancaq Kreml Ukraynaya qarşı tammiqyaslı hücum başladandan sonra tətbiq edilən beynəlxalq səyahət qadağaları və iqtisadi sanksiyalar Rusiyada Qırğızıstan pasportlarına yeni bazar açıb.
AzadlıqRadiosunun əməkdaşları Kubatbek Aybaşov, Kubat Kasımbekov, Anton Bayev və Karl Şrekin hazırladığı materialda deyilir ki, Qırğızıstanın özündə çoxları bu haldan narazıdır.
Pulunu ver, vətəndaşlıq al?
"Rus bloqerləri lağla deyirlər: "Baxın, Qırğızıstan vətəndaşlığını satın almaq olur; bunu etmək çox asandır, bura pulunu verir, vətəndaşlıq alırsınız"", - qırğız müxalif millət vəkili Dastan Bekeşev ötən ay parlament dinləməsində belə deyib.
AzadlıqRadiosu qırğız xidmətinin əldə etdiyi hökumət bilgiləri göstərir ki, 2022-ci ildən bəri Qırğızıstan pasportu alan Rusiya vətəndaşlarının sayı kəskin artıb.
Rəqəmlər Qırğızıstanın 7 milyonluq əhalisi ilə müqayisədə böyük olmasa da, bu trend rusiyalılara Qırğızıstan vətəndaşlığı almaqda kömək təklif edən onlayn bazarın çiçəklənməsi ilə üst-üstə düşür. Həmin bazar olası saxtakarlıq və korrupsiya halları ilə bağlı şübhələr doğurur.
"Hamı bizi lağa qoyur. Deyirlər, bu nə cür hökumətdir", - Qırğızıstanın bir başqa siyasətçisi Emil Toktoşevin ötən ay parlament dinləməsində dediyi sözlərdir.
Facebook, YouTube və Telegram-da rus dilindəki reklamlarda Qırğızıstan pasportunun rusiyalılara verə biləcəyi üstünlüklər sadalanır. Üstünlüklər arasında səfər məhdudiyyətlərinin daha az olması və üçüncü ölkələrdə "qızıl viza" imkanlarına çıxış da var. Rusiyalıların "qızıl viza" imkanlarına çıxışına 2022-ci ildən bəri qadağa qoyulub.
Rusiyalılar nədən Qırğızıstan vətəndaşlığına meyllənə bilər?
Reklamlarda vurğulanan üstünlüklər arasında rus dilinin Qırğızıstanın ikinci dili olması, ölkədəki siyasi sabitlik və ölkənin uzun zamandan bəri avtoritar regionda demokratiya qalası kimi tanınması da qeyd edilir. Düzdür, Qırğızıstan prezidenti Sadır Japarov hakimiyyətə gəldiyi 2020-ci ildən bəri media, vətəndaş cəmiyyəti və tənqidçiləri təqib edir.
Bu xidmətlərin qiyməti dəyişir və 20 min dollaradək yüksələ bilər. Pasport dəllallarının bəziləri cəmi üç-altı ay ərzində yeni qırğız pasportu çıxarılacağını vəd edirlər.
Qırğızıstan rəsmiləri deyirlər ki, müraciətin verildiyi zamandan asılı olaraq, bu zaman çərçivəsi mümkün görünür. Ancaq onlar bu şirkətlərin Rusiyada qeydiyyatdan keçdiyini, bu üzdən, Qırğızıstan hökumətinin əlinin bağlı olduğunu deyirlər. Di gəl, həm Bekeşev, həm də Toktoşev mümkün korrupsiya halları ilə bağlı təlaşlarını dilə gətiriblər.
"Hüquq-mühafizə qurumları bunu araşdırmalıdır. Bu agentliklərin arxasında kim dayanır? Bəlkə, onlar Qırğızıstanda oturublar? Bəlkə, onlara hüquq-mühafizə orqanlarından kimsə kömək edir?", - Bekeşev AzadlıqRadiosunun qırğız xidmətinə belə deyib.
"Onlar bizim pasportları açıq reklam edib satırlarsa, bunu pulsuz etmirlər. Onların burada bağlantıları ola bilər", - bu sözləri isə Toktoşev deyir.
"İşinizə baxacaq bir-iki məmurla razılaşmalısınız"
Prosesi daha yaxından araşdırmaq üçün AzadlıqRadiosu rus xidmətinin araşdırma qrupu olan "Sistema" rusiyalılara Qırğızıstan pasportu almaqda kömək göstərən çox sayda dəllalla əlaqə saxlayıb. Onların heç biri rüşvətxorluq hallarının olduğunu deməyib. Düzdür, onlardan biri pulun prosesi sürətləndirə biləcəyinə eyham vurub.
"Pasportu mümkün qədər tez almaq və bu prosesdən əziyyətsiz keçmək üçün, belə demək olarsa, sənədlərinizi qəbul edən məmurla razılaşmalısınız. İşinizə baxacaq bir-iki məmurla razılaşmalısınız. Onlar vaxt məsələsinə ciddi təsir göstərə bilirlər", - həmin dəllalın sözləridir.
Prezident Administrasiyası yanında əhalinin qeydiyyatı departamenti sədrinin müavini Bekzat İbraimov AzadlıqRadiosunun qırğız xidmətinə açıqlamasında bu prosesdə hər hansı korrupsiya, yaxud rüşvətxorluğun mümkünlüyünü inkar edib: "Mən düşünürəm ki, korrupsiya mümkün deyil. Əgər qərarın qəbul edilməsinə yalnız bir nəfər cavabdeh olsaydı, müraciətçilər yalnız bir şəxslə işləsəydilər, o zaman, bəlkə də, korrupsiya baş verərdi. Ancaq burada proses bir neçə mərhələdən keçir. Mən korrupsiyanın necə baş verəcəyini təsəvvürümə belə gətirmirəm. Onların dediyi gerçək deyil".
Yanvarda keçirilən parlament müzakirəsində İbraimov Qırğızıstan pasportlarını reklam edən rusiyalı dəllalları "fırıldaqçı" adlandırıb.
"Hər şeydən öncə, belə görünür ki, bu agentliklər, sadəcə, məsləhət xidmətləri verir. Müraciətçilər vasitəçilərsiz birbaşa bizə gəlirlər", - İbraimov AzadlıqRadiosunun qırğız xidmətinə belə deyib.
Rusiyanı kimlər tərk edirlər?
Kreml 2022-ci ilin fevralında Ukraynaya savaş açandan bəri yüz minlərlə rusiyalı ölkəni tərk edib. Onların arasında iqtisadi miqrantlar, eləcə də çağırış və artan siyasi repressiyalardan yayınanlar da var.
Savaş başlayandan bəri Qırğızıstan vətəndaşlığı almaqdan ötrü müraciət edənlərin və vətəndaşlıq alanların sayı kəskin artıb. Hökumətin rəqəmlərinə görə, 2021-ci ildə Qırğızıstan vətəndaşlığı alan rusiyalıların sayı 400 nəfər idisə, növbəti il bu say 1122, 2023 və 2024-cü illərdə isə, müvafiq olaraq, 5373 və 7122 olub.
Bu yeni vətəndaşların bir çoxu Rusiya pasportu olan etnik qırğızlar, o cümlədən müharibənin başlanmasından sonra vətənə dönənlərdir. Onlardan bir neçəsi AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, çağırış şərtlərinə uyğun gəldikləri üçün Rusiya dövlət qurumları onların ölkədən çıxmasını əngəlləyib.
Ancaq yeni vətəndaşların Prezident Administrasiyası tərəfindən açıqlanan siyahısına əsasən, Qırğızıstan vətəndaşlığı alanlar arasında Rusiyanın siyasi və biznes elitasına aid şəxslər də var.
Siyahıda Tver regionunun keçmiş qubernatoru Dmitri Zelenin, dövlətə aid Skolkovo İnnovasiya Mərkəzinin yüksəkvəzifəli əməkdaşlarından biri olan Kayem Kirill, Putinin partiyası olan "Vahid Rusiya" partiyasından seçilmiş, adı ABŞ-nin sanksiya siyahısında olan Duma üzvü Yuri Petrovun arvadı və oğlu da var.
Ukraynaya hücum başladılandan sonra Qırğızıstan pasportu əldə edən daha bir rusiyalı Moskvada yerləşən Sosial Dizayn Agentliyinin rəhbəri İlya Qambaşidzedir. Vaşinqton bu qurumun Kremlin xeyrinə təbliğat kampaniyası apardığını deyir.
Rusiyalı biznesmen Vladislav Bakalçuk da Qırğızıstan vətəndaşlığı alıb. O, ötən il Qırğızıstan pasportu barədə Telegram postunda özünün keçmiş həyat yoldaşı, Rusiyanın onlayn satış nəhəngi "Wildberries"in təsisçisi və icraçı direktoru Tatyana Bakalçuk və Sadır Japarovla birlikdə şəklini paylaşıb. "Wildberries" V.Bakalçuku şirkətin yaxınlığında baş vermiş və ölümlə nəticələnən atışmada əli olmaqda suçlayıb.
Dördtərəfli sazişin açdığı imkanlar
2014-cü ildə qəbul edilmiş qanuna görə, xarici pasportu, yaxud oturum icazəsi olan Rusiya vətəndaşları bu barədə dövlət qurumlarını bilgiləndirməlidir.
Zelenin, Kirill, Petrov və Qambaşidze nə üçün Qırğızıstan pasportu aldıqlarına dair açıqlama ilə bağlı xahişlərə cavab verməyiblər.
Qırğızıstan, Qazaxıstan, Belarus və Rusiya arasında imzalanan dördtərəfli razılaşmaya görə, SSRİ-nin dağılmasından öncə doğulan rusiyalılar bu ölkələrdən ikinci pasport almaq üçün sadələşdirilmiş prosesdən yararlana bilərlər. Bundan ötrü onlar daha öncə həmin ölkədə yaşamış olmaq məcburiyyətində deyillər.
AzadlıqRadiosunun qırğız xidmətinin əldə etdiyi eksklüziv bilgidən anlamaq olur ki, SSRİ-nin dağıldığı vaxtdan - 1991-ci il dekabrın 21-dən öncə doğulan və müharibənin başlanmasından sonra sözügedən sazişə dayanaraq, Qırğızıstan pasportu almaq üçün müraciət edən rusiyalıların sayında ciddi artım var.
Yeni vətəndaşlıqları Qırğızıstan prezidenti S.Japarov təsdiqləyir. Onun administrasiyası 2023-cü ildən bəri Qırğızıstanın yeni vətəndaşlarının adlarını açıqlamağı dayandırıb.