Keçid linkləri

2025, 20 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:53

Yeni derusifikasiya kampaniyası fonunda Qırğızıstan 'milli adları' önə çəkir


 Nurlanbek Turqunbekoviç Şakiyev
Nurlanbek Turqunbekoviç Şakiyev

Sonradan siyasətə bağlanmış jurnalist Nurlanbek Turqunbekoviç Şakiyev 20 ildən çoxdur Qırğızıstanda tanınmış sima sayılır. O bu yaxınlarda soyadını rəsmən dəyişdirdiyini, rus sonluqlarından imtina etdiyini, yeni soyadının "Turqunbek uulı" olduğunu elan edib.

"Mən bu qərara bir gecənin içində gəlməmişəm. Bu mənim çoxdankı arzum idi", - Turqunbek uulı Facebook postunda belə yazıb və milli kimlik, dil, din və ənənələrin vacibliyini də vurğulayıb.

Soyadı məsələsinə sosial durumun da təsiri var

Fevralın 6-da Qırğızıstan parlamenti ənənəvi qırğız soyadlarını dəstəkləyən qanun qəbul edib. Qanunun müəllifləri onun "soyad seçimini qırğız adət və milli özəlliklərinə uyğun olaraq genişləndirmək" məqsədi daşıdığını bildirirlər.

AzadlıqRadiosunun qırğız və qazax xidmətləri və radionun əməkdaşı Fərəngis Nəcibullanın hazırladığı materialda deyilir ki, Qırğızıstanda soyadların milli ənənəyə uyğunlaşdırılması SSRİ-nin çöküşündən bəri populyar trend olub. Di gəl, bölgədə geniş yayılmış yoxsulluq üzündən milyonlarla ortaasiyalının iş axtarışında Rusiyaya köçməyə məcbur qalması bu trendi zəiflədib.

İndi həmin trend yenidən qayıdır. Bəzi ekspertlər bunu 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücuma başlaması nəticəsində yaranmış ictimai ovqata bağlayır. Bölgədə çoxları Rusiyanın bu siyasətinə qarşıdır.

2000-ci illərin əvvəllərində on minlərlə qırğız soyadını dəyişdirərək, "-ov/-ova" və "-yev/-yeva" rus sonluqlarından imtina edib, əvəzində "-uulı" və "-kızı" kimi qırğız sonluqları olan soyadlar götürüb.

Fərqli variantlar təklif edilir

Yeni qanun ata adı və soyadlar üçün müxtəlif variantlar təklif edir. Bura milli adətlərə uyğun, həm kişi, həm qadın soyadlarında istifadə edilən "-tegi", habelə cinsə görə dəyişən "-din" və "den" sonluqlu soyadlar da daxildir.

Qanunda deyilir ki, Qırğızıstan vətəndaşları arzuladıqları halda ruslaşdırılmış soyadlar da seçə bilərlər. Müxtəlif etnik qruplara mənsub insanlar adlarını öz milli ənənələrinə uyğun seçməkdə azaddırlar.

Milli qırğız geyimi
Milli qırğız geyimi

2016-cı ildə rus sonluqlu soyadları yasaqlayan Tacikistan Orta Asiyada bu addımı atan tək ölkədir.

Tacikistan hökuməti vətəndaşlara uşaqlarına "təmiz" tacik adları qoymağı tapşırıb. Hökumət hətta yeni doğulan körpələrə qoyula biləcək adların kataloqunu da hazırlayıb. Bu addımın ərəb və İslam adlarının artan populyarlığının önünü kəsmək üçün atıldığı düşünülür.

Tacikistan prezidenti Emoməli Rəhmon özünün rus sonluqlu soyadını hələ 2007-ci ildə dəyişdirib. O, Orta Asiyada bu addımı atan, hələlik, tək dövlət başçısıdır.

Özbəkistan və Qazaxıstanda vətəndaşlara adlarını milli ənənələrə uyğunlaşdırmaq imkanı verən qanunlar hələ 1990-cı illərin ortalarında qəbul edilib.

Özbəklərin çoxu hələ də rus sonluqlu soyadlarını saxlayırlar. Ancaq Qazaxıstanda, özəlliklə mədəni elita və gənc nəsil arasında milli soyadlar populyardır.

Sərt nəzarət altında olan Türkmənistanda ruslaşdırılmış soyadlar, əsasən, qalmaqdadır.

Orta Asiyada sovet dövründən qalma şəhər, kənd, küçə və məktəb adlarının dəyişdirilməsi trendi də yenidən qayıdıb.

Qazaxıstanda hökumətin "ideoloji baxımdan köhnəlmiş" adlandırdığı coğrafi məkan adlarının dəyişdirilməsinə dair 2022-25-ci illər üçün "yol xəritəsi" qəbul edilib.

Bugünədək bölgəyə ciddi təsir gücü olan Moskva belə kampaniyaları heç də rahat həzm etmir.

2022-ci ilin noyabrında rusiyalı deputatlar Qırğızıstan hökumətinin Bişkekin dörd rayonunun sovet dövründən qalma adlarını (Lenin, Sverdlov, 1 May və Oktyabr adlarını) dəyişdirməsini sərt tənqidə tutmuşdu. Rusiya siyasətçiləri və mediası bu addımı "Bişkekin derusifikasiyası" adlandırmış, prosesin "ən erkən mərhələdə" dayandırılmalı olduğunu demişdilər ("derusifikasiya" deyərkən, rus təsirindən arınma nəzərdə tutulur -red.).

Bişkekdə Lenin rayon Məhkəməsi
Bişkekdə Lenin rayon Məhkəməsi

Londonda fəaliyyət göstərən "Central Asia Due Diligence" beyin mərkəzinin eksperti Alişer İlhomov deyir ki, "son illərdə Orta Asiyada ənənəvi adlara qayıdışla bağlı yeni dalğa Rusiyanın Ukraynaya hücumundan təsirlənir".

"Bu hərəkat …bizim milli kimliyimizi bərpa etməklə bağlı illərlə basqı görən dərin istəyimizin təcəssümüdür", - qazax jurnalist Ğaziza Uzaq belə deyir.

Heç də hamı rus sonluqlarından qurtulmaq istəmir

"Mənim adım Pərvonədir. Ancaq Tacikistan qaydalarına görə, pasportumda "-i" sonluğu ilə yazılır, yəni "Pərvonəi" olur. Rusiyada professorlarım məni "Pərvonəi" deyə çağırırlar və mən hər kəsə izah etməli oluram ki, Pərvonəyəm. Rusiyadakı yaşayışımı asanlaşdırmaq üçün adımı dəyişdirəcəyəm", - Kazan şəhərində təhsil alan tacik tələbənin AzadlıqRadiosuna dediyi sözlərdir.

Rəsmi rəqəmlərə görə, ötən il Qırğızıstanın 323 vətəndaşı ruslaşdırılmış soyadından imtina edərək milli soyad götürüb. Qırğızıstan hökumətinin rəqəmlərinə görə, eyni dövrdə öz ənənəvi qırğız adını rus sonluqlu soyadlara dəyişənlərin sayı 3 min nəfəri keçib.

XS
SM
MD
LG