İya Raşevskayanın əri Donetsk vilayətində cəbhə xəttində itkin düşüb. Ona bu haqda 2023-cü ilin aprelində məlumat veriblər.
Sergey Skotarenko cəmi bir ay idi ki, xaricdəki işindən əl çəkib orduya qoşulmuşdu, itkin düşməsi xəbəri gəldi. O, Ukraynanln cənub-şərqi Zaporojye vilayətinin sakinidir.
Raşevskaya az sonra öyrənir ki, əri sağdır, digər ukraynalı hərbi əsirlərlə birgə Çeçenistanda saxlanır.
2023-cü ilin iyununda əsir mübadiləsi ilə azadlığa çıxan bir ukraynalı əsgər Raşevskayaya deyir ki, o, Skotarenko ilə Çeçenistanda eyni həbsxanada saxlanılıb.
Raşevskaya həmin ilin avqustunda ərindən gözlənilməz, qısa videozəng gəldiyini də xatırlayır.
“Ərim məndən özümü, uşaqları soruşdu. Xahiş elədi ki, evə qayıtmasına kömək edim, dedi ki, biz onun tək ümidiyik. Çox pis görünürdü, xeyli çəki itirib”, – Raşevskaya söyləyir.
Qadının sözlərinə görə, Çeçenistanda ukraynalı əsirlər “zirzəmidə saxlanır, tez hazır olan vermişel, çörək, su ilə qidalanırlar”.
Ukrayna hakimiyyəti hazırda Çeçenistanda azı 150 ukraynalı hərbi əsirin saxlandığını bildirir. Bu regionu avtoritar Ramzan Kadırov idarə edir.
Kadırovun sözlərinə görə, əsgərləri Ukraynada Rusiya qüvvələri ilə yanaşı savaşan çeçen hərbi dəstələri ələ keçirib.
Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı isə iddia edir ki, Çeçenistan ukraynalıları Rusiyanın digər hərbi bölmələrindən “alır”, sonradan danışıqlarda alver predmeti kimi istifadə edir.
AzadlıqRadiosu bu iddianı dəqiqləşdirə bilməyib.
Bəzi ukraynalı əsirləri Ukrayna qüvvələrinin ələ keçirdiyi çeçen döyüşçülərlə dəyişiblər.
Rusiya prezidenti Vladimir Putini açıq dəstəkləyən Kadırov üç il öncə Ukraynanın işğalı başlayandan oraya minlərlə çeçen döyüşçü göndərib.
2024-cü ilin dekabrında Kadırov belə bir təhdid dilə gətirmişdi ki, Qroznıdakı strateji binaları Ukraynanın dron hücumlarından qorumaq üçün ukraynalı əsirlərdən insan qalxanı kimi istifadə oluna bilər. Deyirdi ki, onları binaların damına yerləşdirəcək.
Bu bəyanatdan öncə Ukrayna dronları Çeçenistan paytaxtında polis şəhərciyini dəfələrlə dronla vurmuşdular.
2024-cü ilin yanvarında Kadırov ABŞ-nin onun qohumlarına və atlarına sanksiyalarını qaldırması əvəzində 20 ukraynalı hərbi əsiri buraxmağı təklif elədi.
48 yaşlı Kadırov, bəzi ailə üzvləri, o cümlədən anası Aymani Kadırova son illər ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıblar.
71 yaşlı Kadırova Kadırov Fondunun başçısıdır, bu fond Rusiya qüvvələrinin işğal olunmuş ərazilərdən oğurladığı uşaqlar üçün təlim proqramları gerçəkləşdirir. Vaşinqton 2023-cü ilin avqustuna Kadırovaya və fonda sanksiyalar tətbiq edib.
Kadırov isə insan haqları pozuntularına görə 2017 və 2020-ci illərdə sanksiyalara məruz qalıb.
Kadırov üçün PR kampaniyası
Çeçen insan haqları müdafiəçisi Abubakar Yanqulbayev deyir ki, Çeçenistandakı ukraynalı hərbi əsirlərlə bağlı hər hansı əsir mübadiləsi birbaşa Kadırovun nəzarəti altında həyata keçirilir.
“Ukraynada döyüşən çeçenlər Rusiya qüvvələrinə daxildirlər, amma Çeçenistanın öz maraqları var. Ukraynada tutulan çeçenlərin azadlığa buraxılması Kadırovun xalq qarşısında imicini qorumaq üçün vacibdir. Axı onları daima Ukraynada döyüşə getməyə çağırır”, – Yanqulbayev AzadlıqRadiosuna deyib.
“Bu, Kadırov üçün PR kampaniyasıdır”, – o, sözlərinə əlavə edib.
Çeçenistan əlində olan ukraynalı hərbi əsirlərin dəqiq sayını heç açıqlamayıb.
Ukraynada yerləşən İnsan Haqları uğrunda Media Təşəbbüsü qrupunun müxbiri Mariya Klimik deyir ki, bəzən Ukrayna və Çeçenistan saxladıqları əsgərləri Ukraynada döyüş zonasında “qeyri-rəsmi” şəkildə, üçüncü tərəfin iştirakı olmadan dəyiş-düyüş ediblər.
Klimik AzadlıqRadiosuna danışır ki, Çeçenistanda ukraynalı hərbi əsirləri qaranlıq, pəncərəsiz zirzəmilərdə saxlayırlar – çox güman polis şöbələrində. Məhbuslar çarpayı olmadığından rəflərdə yatırlar, Klimik bunu keçmiş hərbi əsirlərin danışdıqlarına əsasən söyləyir.
AzadlıqRadiosu bu iddiaları təsdiqlədə bilməyib.
Ukrayna prezidenti Volodimir Zelenski Yeni il müraciətində deyirdi ki, işğal başlayandan Kiyevlə Moskva arasında əsir mübadiləsi ilə 3 min 956 ukraynalı əsgər azad edilib.
Ukrayna ilə Çeçenistan arasında hər hansı birbaşa əsir mübadiləsi barədə ictimaiyyətə məlumat verilməyib. Qroznıda saxlananların ailələri isə onlara azadlıq istəyirlər.
Bu yazını AzadlıqRadiosunun əməkdaşları Olena Badyuk və Farangiz Nacibullah hazırlayıblar.