Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 22:14

Ukraynanın əsir götürdüyü mərkəzi asiyalılar bilinməz tale ilə üzləşirlər


Ukraynada hərbi əsirlər
Ukraynada hərbi əsirlər

AzadlıqRadiosunun müxbirləri Aygerim Akılbekova və Kris Rikelton birgə məqaləsində Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulub əsir düşən Mərkəzi Asiya ölkələrinin vətəndaşları barədə yazıb.

Müəlliflər xatırladır ki, yanvar ayında Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub və bu mübadilə çərçivəsində hər bir tərəf 25 müharibə əsirini azad edib. Onların arasında bir özbək əsilli əsgər də var. O, yanvarın 15-də Ukrayna tərəfindən yayımlanan videodakı çıxışında Rusiya ordusunda döyüşərkən bir qolunu itirdiyini və ayağını zədələdiyini, nəticədə bir il üç ay Ukrayna əsirliyində qaldığını bildirib.

"Mən gedərkən qonşum narahat oldu. O dedi: 'Səni aparırlar, amma məni yox, mən uzun müddətdir buradayam, səndən də əvvəl". Mən də ona dedim ki, hər şeyin öz vaxtı var. Mən də uzun müddət gözlədim, övladlarıma qovuşmaq arzusu ilə gecələr ağladım", – həmin hərbçi videokadrda deyir.

Ukrayna tərəfi bildirib ki, döyüşlərdə 50-dən çox mərkəzi asiyalı əsir götürülüb. Bu əsirləri də düşündürən sual odur ki azad olunmaq üçün nə zaman onların vaxtı gələcək.

Rusiya ilə Ukrayna arasında müharibə əsirlərinin mübadilələri müntəzəm baş verir və bəzən bir anda yüzlərlə insan dəyişdirilir. Lakin Mərkəzi Asiya ölkələrindən olan müharibə əsirlərinin bu mürəkkəb danışıqlarda yeri qeyri-müəyyəndir. Onlar həmçinin Rusiyaya yaxın olan, amma vətəndaşlarını müharibəyə qatılmaqdan çəkindirmək üçün həbs cəzası ilə hədələyən Mərkəzi Asiya hökumətlərinin də prosesə müdaxilə edib-etməyəcəyindən xəbərsizdirlər.

Vəziyyətlə bağlı daha aydın təsəvvür yaratmaq üçün AzadlıqRadiosunun jurnalistləri keçmiş müharibə əsirləri, onların qohumları və əsirlərlə bağlı vəziyyət barədə məlumatlı olan ukraynalı mülki və hərbi rəsmilərlə müsahibələr ediblər.

"Kreml hərbi əsirlərə qarşı ayrıseçkilik edir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrda bildirib ki, Moskva Ukraynada əsir düşən bütün müharibə əsirlərinin "dinindən, milliyyətindən və ya hərbi birləşmələrinə bağlılığından asılı olmayaraq" geri qaytarılmasını istəyir.

Ancaq bu ay AzadlıqRadiosunun qırğız xidmətinə müsahibə verən Ukrayna Müharibə Əsirləri ilə bağlı Koordinasiya Qərargahının katibliyinin rəhbəri Boqdan Oxrimenko bildirib ki, Rusiya öz vətəndaşlarına, xüsusən də ölkənin Avropa hissəsindən, Moskva və Sankt-Peterburqdan olanlara üstünlük verir.

Dekabr ayında Ukraynanın cənubdakı Zaporojye bölgəsində Rusiya tərəfində döyüşən başqa bir özbək vətəndaşının əsir alındığı xəbəri yayılıb.

Bu məlumat əvvəlcə "Spartan" adlı Ukrayna briqadasının sosial media hesabında dərc olunub. AzadlıqRadiosunun Ukrayna xidməti ilə müsahibəsində briqadanın zabiti Artyom Şoludko bildirib ki, həmin şəxs əvvəlcə bir restoranda işləyib, sonra isə Rusiya hərbi birləşməsində aşpazlıq işinə başlayıb. Ukraynalı zabitin sözlərinə görə, daha sonra rus komandanlığı həmin aşpazı hücum bölməsinə keçirib.

Kursk vilayətində əsir götürülən Rusiya əsgərləri mübadilə nəticəsində sərbəst buraxıldıqdan sonra.
Kursk vilayətində əsir götürülən Rusiya əsgərləri mübadilə nəticəsində sərbəst buraxıldıqdan sonra.

İkili vətəndaşlıq hərbi əsirlərin milliyyətini müəyyən etməyi çətinləşdirir

Oxrimenko AzadlıqRadiosuna deyib ki, Ukraynada saxlanılan 54 mərkəzi asiyalıdan 14-ü özbək, 21-i qazax, 18-i tacik və yalnız bir nəfər qırğızdır.

Əsirlərin çoxunun Rusiya pasportu olduğunu deyən Ukrayna rəsmisi əlavə edib ki, bu da həmin əsirlərin milliyyətinin müəyyən edilməsini çətinləşdirir. Məsələn, Tacikistanın Rusiya ilə ikili vətəndaşlıq müqaviləsi var, Qırğızıstan isə praktiki olaraq vətəndaşlarına iki pasporta sahib olmağa icazə verir.

Özbəkistan öz vətəndaşlarının digər pasportlarını tanımır və Özbəkistan vətəndaşlığından çıxmaq zəhmət tələb edən prosesdir. Qazaxıstan qanunvericiliyi də ikili vətəndaşlığa icazə vermir.

Oxrimenko qeyd edib ki, 21 qazaxdan yalnız altısı Qazaxıstan, qalanları isə Rusiya vətəndaşlarıdır.

Ukrayna hakimiyyəti indiyədək Kiyev tərəfindən artıq neçə mərkəzi asiyalı hərbi əsir azad edildiyini açıqlamayıb. Lakin AzadlıqRadiosunun qırğız xidməti bu ayın əvvəlində ikili Qırğızıstan-Rusiya vətəndaşlığı olan və özünü "etnik rus" adlandıran qırğız əsilli bir şəxslə əlaqə saxlayıb. Bu Qırğızıstan vətəndaşı təxminən üç il əvvəl əsir mübadiləsi çərçivəsində Ukrayna tərəfindən azad edilib.

Müsahibədə adının açıqlanmasını istəməyən, hazırda 27 yaşında olan bu şəxs Ukraynanın şimal-şərqindəki Sumı vilayətində əsir götürüldüyünü, bir aydan çox əsirlikdə qaldığını deyib. O, azad olunduqdan sonra Rusiyada mülki həyata qayıdıb. Qırğızıstanın cənubundakı Oş şəhərində anadan olan bu şəxs Ukrayna hərbi əsir düşərgəsindəki şəraitin həbsxanaya bənzədiyini söyləyib, lakin ona qarşı pis rəftar olunmadığını əlavə edib.

O etiraf edib ki, Rusiya ordusunda xidmət üçün istəkli şəkildə müqavilə imzalayıb. Ancaq onun sözlərinə görə, o, qeyri-hərbi vəzifədə xidmət edəcəyini gözləyirmiş. "Yəqin ki, bəxtim gətirdi. Bəziləri bir-iki il əsirlikdə qaldılar", - o müsahibəsində deyib. Qırğızıstan vətəndaşı olan bu şəxsin sözlərinə görə, onunla birlikdə əsirlikdə Rusiyadan olan ruslar, tatarlar, başqırdlar və tuvalılar olsa da, orta asiyalılar olmayıb.

Alişer Tursunov
Alişer Tursunov

"O, bir pensiyaçıdır"

Əsir alındıqdan qısa müddət sonra azadlığa buraxılan daha bir Qırğızıstan vətəndaşının adı hamıya məlumdur. Bu, Alişer Tursunovdur. Tursunovun videosu Ukraynaya məxsus Telegram kanalında yayımlanıb. Burada o başına gələnləri təsvir edib və xilası üçün Qırğızıstan prezidenti Sadır Japarova müraciət edib.

56 yaşlı Tursunov 2024-cü ilin mayında oğlunu görmək üçün Rusiyanın Ryazan şəhərinə getdiyini bildirib. 2024-cü ilin martında Moskva yaxınlığındakı konsert salonunda törədilən terror aktından sonra Mərkəzi Asiyadan olan miqrantların kütləvi saxlanması çərçivəsində o da saxlanıldığını bildirib.

Videodakı çıxışında Tursunov deyib ki, o, Rusiyada həbs olunub, polis tərəfindən döyülüb və Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlamağa məcbur edilib. Cəbhədə o, qumbaraatandan atəş açmağa və səngər qazmağa məcbur edilib.

Tursunov əlavə edib ki, o, ilk fürsətdə Ukrayna qüvvələrinə təslim olub.

Müharibə əsirləri videolarda görünəndə onların bunu könüllü və ya təzyiq altında etdikləri adətən aydın olmur. Bu səbəbdən onların həqiqəti söylədiklərinə heç bir zəmanət yoxdur.

Lakin müharibə başlayandan bəri mərkəzi asiyalıların aldadılaraq Rusiya hərbi xidmətinə cəlb və ya məcbur edilməsi ilə bağlı çoxlu məlumatlar var.

Buna görə də Tursunovun videomüraciəti Qırğızıstan cəmiyyətində güclü rezonans doğurub. Bu da çox güman ki, onun adının da Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi siyahısına salınmasına imkan verib.

"O, başqa bir ölkəyə gedib insanları öldürə biləcək biri deyil. O, bir pensiyaçıdır", - onun qardaşı Uluqbek Tursunov AzadlıqRadiosuna deyib.

AzadlıqRadiosu Tursunov azadlığa çıxdıqdan sonra ondan müsahibə almağa cəhd edib, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG