AzadlıqRadiosunun beynəlxalq müxbiri Mayk Ekel məqaləsində transatlantik münasibətlərin yeni istiqamətdə irəlilədiyini yazır. O, bunu Tramp administrasiyasının daha güclü, tranzaksional (münasibətlərin qarşılıqlı fayda və əməliyyatlara əsaslanması) və merkantilist (ixracatı təşviq edib idxalatı məhdudlaşdırma) xarici siyasət yürütməsi ilə əlaqələndirir. Bu siyasət ABŞ-nin iş yerlərini və sənayesini qorumağa və beynəlxalq ticarətin uzun müddət mövcud olan qaydalarını yenidən yazmağa yönəlib.
Əvvəlki ABŞ administrasiyalarının siyasətlərini nəzərə aldıqda İran və Çin kimi rəqiblər üçün bu, böyük bir dəyişiklik deyil. Lakin Avropa İttifaqı (Aİ) kimi müttəfiqlər və tərəfdaşlar üçün bu, çox sarsıdıcı və narahatedicidir.
London Kral Kollecində ABŞ və Avropa İttifaqının tənzimləyici siyasətini araşdıran dosent Çeyz Foster hesab edir ki, hazırkı ABŞ administrasiyasının nə edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir: "Trampın əvvəlki prezidentlik müddətindən daha az proqnozlaşdırıla bilən və, əlbəttə ki, əksər digər administrasiyalardan daha qeyri-müəyyəndir".
Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Dalibor Rohats isə AzadlıqRadiosuna bildirib ki, "Vaşinqton ilə Brüssel arasında sadəcə gərginlik olacağını demək məsələnin ciddiliyini azaltmaqdır".
"ABŞ-dən gələn siqnallar ənənəvi Avropa liderlərini dərindən narahat edir. Şübhəsiz ki, siyasət əsasən tranzaksionaldır, amma Donald Trampın Amerikanın milli maraqlarını anlama tərzi çox dar və şəxsi xarakterlidir", - Rohats bildirib.
Londonda yerləşən Avropa İslahat Mərkəzinin direktor müavini Ayan Bond isə hesab edir ki, qarşıdakı bir neçə il "Avropanın sabitliyi və təhlükəsizliyi üçün çox təhlükəli ola bilər və son 80 ildə həm ABŞ, həm də Avropa maraqlarına xidmət edən transatlantik əlaqələri böyük, bəlkə də, son dərəcə ağır bir gərginlik altına qoyacaq".
Diqqət, çətinliklər qabaqdadır
Tramp uzun müddətdir ki, ABŞ sənayesinin ucuz idxallar səbəbindən zəiflədiyi fikrini irəli sürür. Rüsumlar administrasiyanın Amerika işçiləri üçün daha yaxşı razılaşmalar əldə etmək, iş yerlərini qorumaq və vergi gəlirlərini artırmaq məqsədilə planlaşdırdığı əsas alətlərdən biridir.
London Kral Kollecinin dosenti Ç.Foster bildirib ki, o, "bir növ ticarət müharibəsi" gözləyir. "Hər şeyin tamamilə nəzarətdən çıxacağını demirəm, amma əgər Avropadan gələn mallara 10-20 faiz arasında rüsumlar tətbiq edilərsə, Aİ-nin qarşılıq verəcəyini gözləyirəm".
AzadlıqRadiosunun müxbiri yazır ki, Tramp administrasiyasının Brüsseldən bir üstünlüyü var: Bu, Aİ-nin zəifləyən iqtisadiyyatı ilə müqayisədə ABŞ iqtisadiyyatının gücüdür. Ancaq o, ABŞ-nin ticarət siyasəti təzyiq kimi qəbul ediləcəyi halda, qarşı tərəfin cavab reaksiyası verəcəyini istisna etmir.
Ç.Foster deyib ki, əgər bu baş verərsə, Avropa sənayesi və onun siyasi dəstəkçiləri Tramp siyasətinə qarşı çıxa bilər ki, bu da "iqtisadi patriotizm" və ya "bayraq ətrafında birləşmə" hissiyyatı yaranmasına səbəb ola bilər".
Kanadanın Trampın tarif qərarına reaksiyasını xatırladan Foster: "Bu iqtisadi olaraq daha güclü bir ölkə tərəfindən hücuma məruz qalan bir ölkənin sərt mövqe tutmasıdır. İqtisadi patriotizm, tərəfdaşlıqdan asılı olmayan bir hissiyyatdır", – deyə əlavə edib. "Buna görə, Avropa əhalisinin bir çox fərqləri bir kənara qoyaraq, öz maraqlarını ABŞ-yə və ya onlara təzyiq edən başqa bir ölkəyə qarşı müdafiə etmək üçün ümumi bir siyasət uğrunda birləşməsi mümkündür"
Texnologiya nəhəngləri ilə bağlı narazılıq
Avropa İttifaqı "Google" və "Apple" kimi texnologiya şirkətlərini tənzimləməkdə daha sərt yanaşma sərgiləyir. Keçən il Aİ-də Rəqəmsal Bazarlara Dair Qanun qüvvəyə minib, burada altı texnologiya nəhəngi "qapıçı" (rəqabəti idarə edən və bazara daxil olmaq istəyən digər şirkətlərə təsir göstərən şirkətlər) kimi qəbul edilib. Beşi ABŞ və biri Çinə məxsus olan bur şirkətlərin sərt tənzimləmələrə riayət etməsi tələb olunur.
Bu həftə Parisdə ABŞ və Avropa liderləri ilə yanaşı, texnologiya rəhbərlərinin iştirak etdiyi süni intellekt sammitində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Aİ-nin texnologiya sektorunu tənzimləmək üçün atdığı addımları tənqid edib.
Analitik: Tramp Avropadakı sağçı populistləri gücləndirmək üçün əlindən gələni edəcək
AzadlıqRadiosunun beynəlxalq müxbiri yazır ki, Trampın mühafizəkar siyasətinin populist mesajlar ötürən və mühafizəkar kimi qəbul edilən Macarıstan baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fitsonun mövqeyini və nüfuzunu gücləndirib-gücləndirməyəcəyi sual altındadır.
Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı D.Rohats bildirib ki, "Orban və Fitso haqqında diqqət çəkən məqam odur ki, onların gündəliyi açıq şəkildə anti-Amerikadır – bu, Rusiya və Çin kimi ABŞ rəqiblərinin regiondakı mövqeyini gücləndirməyə çalışır. Ancaq buna baxmayaraq, onlar, 'Birinci Amerika' gündəliyini izlədiyini iddia edən cari administrasiyaya qəribə bir yaxınlıq hissi bəsləyirlər" .
Macarıstan baş naziri Orban Tramp və mühafizəkar fəallara olan rəğbətini gizlətmir. ABŞ-də seçki günü, Tramp Demokrat rəqibi Kamala Harrisi məğlub etdikdən sonra Macarıstan lideri Facebook səhifəsində qələbə xəbərini "Biz qazandıq!" mesajı ilə paylaşmışdı.
ABŞ-nin Alman Marşall Fondunun Berlindəki proqram rəhbəri Süzanna Veq AzadlıqRadiosuna bildirib ki, Orban "indi özünü haqlı hiss edir və Avropa İttifaqında əngəl yaradan davranışla özünün 'Avropa şübhəçisi' və illiberal mövqeyini daha da möhkəmləndirir".
O əlavə edib ki, Orban həmçinin müxalifətə və hökumət tənqidçilərinə təzyiqini gücləndirir.
"Hökumətin narrativi Macarıstanda müstəqil medianı və QHT-ləri hədəf alır. Bu yanaşma, Aİ-də eyni fikirdə olan digər aktyorlar tərəfindən də təkrarlanacaq və Robert Fitso, həqiqətən də, çox oxşar bir yol tutmağa başlayır", - ABŞ-nin Alman Marşall Fondunun Berlindəki proqram rəhbəri əlavə edib.
Bratislavadan olan slovakiyalı siyasi analitik Qriqori Mesejnikov isə hesab edir ki, Fitso Orbandan fərqlidir. Analitikin fikrincə, Fitsonu asanlıqla sağçı siyasətçi kateqoriyasına salmaq çətindir.
"Doğrudur, onun təqdim etdiyi ideyalar daha çox sağa yaxındır, amma o, tipik sağçı siyasətçi deyil. O, hələ də Rusiyayönlü xətti izləyir. O, Rusiyapərəstdir və həm də anti-Amerikadır, bu isə olduqca paradoksaldır", – deyə Mesejnikov AzadlıqRadiosunun müxbirinə bildirib.
Slovakiyalı ekspert deyib ki, baş nazir Fitso prezident Trampa müsbət yanaşır. "Düşünürəm ki, o, anti-Amerikanizm yanaşmasına baxmayaraq, Trampın prezident seçkilərindəki qələbəsini alqışlayıb".
Keçən həftə baş nazir Fitso İlon Maska açıq məktub ünvanlayıb və USAID-dən maliyyə dəstəyi almış slovakiyalı QHT, media və fərdi jurnalistlərlə bağlı məlumatları paylaşmasını xahiş edib.
Mesejnikov məktubu "tam bir zarafat" olaraq qiymətləndirib. Analitikin sözlərinə görə, USAID-in son illərdə Slovakiyada çox cüzi fəaliyyəti olub.
Londonda yerləşən Avropa İslahat Mərkəzinin direktor müavini A.Bond isə bildirib ki, o, Tramp administrasiyasının Avropadakı sağçı populistlərə dəstək verəcəyini gözləyir: "Tramp dövründə Ağ evin Avropadakı sağçı populistlərin mövqeyini gücləndirmək üçün əlindən gələni edəcəyini gözləyirəm və bu, yalnız artıq hakimiyyətdə olanlar, məsələn, Orban və Fitso üçün deyil, həm də hakimiyyətə gəlmək istəyənlər üçün olacaq".