Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 02:23

Analitiklər Rusiyaya sərfəli şərtlərlə danışıqlara getməyi 'zəif' strategiya sayırlar


Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə bir saatdan artıq davam edən telefon danışığından sonra bildirib ki, Putin müharibəni sonlandırmaq istəyir.

ABŞ prezidenti bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"O, (Vladimir Putin) bunu sonlandırmaq istəyir. O bunu bitirib, altı ay sonra yenidən müharibəyə başlamaq istəmir. Düşünürəm ki, biz sülh əldə etmək yolundayıq. Mən hesab edirəm ki, prezident Putin də, prezident Zelenski də sülh istəyir. Mən də sülh və insanların öldürülməsinin dayandığını görmək istəyirəm. Məncə onlar sülh əldə etməlidirlər. Onların vətəndaşları ölür", - "Reuters" prezident Trampdan sitat gətirib.

D.Tramp rusiyalı həmkarı ilə görüşü gözlədiyini, bunun böyük ehtimalla Səudiyyə Ərəbistanında baş tutacağını bildirib. O, bu görüşün 'çox uzaq olmayan gələcəkdə' keçiriləcəyini əlavə edib. ABŞ dövlət başçısı qeyd edib ki, Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman da bu görüşdə iştirak edəcək.

Tramp həmçinin Zelenski ilə ikitərəfli görüşlərin də planlaşdırılacağını bildirib.

Bu şərhlər prezident Trampın müharibəni sürətlə sona çatdırmaqla bağlı vədini necə yerinə yetirmək niyyətində olduğunun aydın göstəricilərindən bəziləridir. Lakin bəzi analitiklər Rusiyaya sərfəli şərtlər verməklə danışıqlara zəmin yaratmağın zəif strategiya olduğunu bildirir.

"Putin bunu çox istərdi"

Tafts Universitetinin siyasi elmlər professoru Oksana Şevel AzadlıqRadiosuna deyib ki, Ukrayna müharibəni sona çatdırmaq üçün aparılacaq danışıqlarda NATO-ya üzv olma ümidlərinin masada olmayacağını artıq qəbul edib.

Lakin professor Şevel xəbərdarlıq edib ki, əgər Putin Trampı NATO-nun Ukraynanın hərbi alyansa üzvlüyü ilə bağlı deklarasiyasını geri çəkməyə məcbur edərsə, bu, ciddi problem olacaq. Bu deklarasiya 2024-cü ilin iyulunda NATO-nun Vaşinqton sammitində qəbul edilib. NATO ölkələri Ukraynanın gələcək üzvlüyünə doğru "dönməz" yolda Kiyevə dəstək verəcəklərini vəd ediblər.

"Putin bunu çox istərdi", - Şevel bildirib və əlavə edib ki, bunun NATO-nun Avropadakı üzvləri tərəfindən yaxşı qarşılanacağını təsəvvür etmir.

Şevel həmçinin qeyd edib ki, danışıqlar başlamazdan əvvəl güzəştlər etmək "pis" danışıq strategiyasıdır. Ancaq professor onu da əlavə edib ki, indiyə qədər verilən bəyanatlara əsasən tam olaraq nəyin təhlükədə olacağına dair dəqiq bir şey demək çətindir.

NATO müdafiə nazirlərinin Brüssel görüşü
NATO müdafiə nazirlərinin Brüssel görüşü

Avropa liderləri xəbərdarlıq edir: Ukrayna sülh danışıqlarının bir hissəsi olmalıdır

Avropa liderləri Ukraynanın Rusiya ilə aparılacaq istənilən sülh danışıqlarının bir hissəsi olacağına dair təminat tələb edir. Bu tələb fevralın 12-də ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının ardından birbaşa danışıqların başlanması ilə bağlı açıqlamasından sonra səsləndirilib.

ABŞ müdafiə naziri Pit Heqset fevralın 13-də bildirib ki, Trampın telefon zəngi Ağ evin üç ildir davam edən müharibəni tez bir zamanda bitirmək məqsədinin bir hissəsi kimi qiymətləndirilir və "qətiyyən Kiyevə xəyanət deyil".

Lakin Almaniya, Fransa, Polşa və Böyük Britaniya da daxil olmaqla Avropanın əsas müttəfiqlərinin xarici işlər nazirləri bəyanat verərək xəbərdarlıq ediblər ki, "Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır".

Almaniya kansleri Olaf Şolts fevralın 13-də "Politico"ya verdiyi müsahibədə bildirib ki, sülh Ukraynaya zorla qəbul etdirilə bilməz.

"Mənim üçün o da tam aydındır ki, ABŞ-nin da iştirak etmədiyi bir həll yolu ola bilməz", –Şolts əlavə edib.

"Növbəti vəzifə məcburi sülhün olmadığına əmin olmaqdır", - Almaniya kansleri vurğulayıb.

Fevralın 13-də Brüsseldə NATO qərargahında hərbi alyansın 32 üzvünün müdafiə nazirlərinin iclasında çıxış edən Böyük Britaniyanın müdafiə naziri Con Hili "Ukraynanın səsi istənilən danışıqların mərkəzində olmalıdır" deyə bildirib.

"Mənim üçün aydındır ki, Avropa danışıqlarda iştirak etməlidir. Düşünürəm ki, bunu anlamaq çox asandır", - Almaniyanın müdafiə naziri Boris Pistorius çıxışında deyib.

İclasda iştirak edən ABŞ müdafiə naziri Heqset prezident Trampın təşəbbüsünü müdafiə edib. "Söhbət danışıqlar yolu ilə əldə edilən sülhdən gedir. Bu isə hər iki tərəfin istəmədikləri bəzi şeyləri qəbul etməsini tələb edəcək", - amerikalı nazir deyib.

XS
SM
MD
LG