Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 10 il həbs cəzası istənilib. Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Tural Yaqubov bu təkliflə çıxış edib.
Prokurorun iddiasına görə, T.Yaqubluya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) maddələriylə verilən ittihamlar məhkəmədə sübuta yetirilib.
T.Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsiylə 25 min avro və 10 min manat alaraq onu aldatmaqda, ona saxta sənəd hazırlayıb verməkdə suçlanır.
Dövlət ittihamçısı bu ittihamlarla siyasi fəala 9 il istəsə də, onun haqqında 2020-ci ildə çıxarılmış hökmdən qalan çəkilməmiş cəzanı da xatırladıb. O bunu da üstünə gəlməklə, ona 10 il həbs cəzası kəsilməsini təklif edib. Digər təqsirləndirilən E.Məmmədova isə 9 il həbs cəzası verilməsini istəyib.
"Mən təqsirsiz olmağımla bağlı başqa nə sübut gətirim?!"
Prokurorun ittiham nitqiylə çıxışı boyunca T.Yaqublu onun söylədiklərinin yalan olduğunu deyib.
Dövlət ittihamçısının çıxışından öncə məhkəmədə bir neçə vəsatət qaldırılıb, o cümlədən T.Yaqublunun ev dustaqlığına buraxılması məsələsi müzakirəyə çıxarılıb.
"Mən təqsirsiz olmağımla bağlı başqa nə sübut gətirim?! Hətta Somalidə, Şimali Koreyada belə hakimlərin qarşısına bu qədər sübut qoyulsaydı, onlar məni həbsdə saxlamağa xəcalət çəkərdilər. Mən göstərdim ki, Elnur Məmmədov mənə pul verdiyini iddia etdiyi vaxtda Milli Şuranın iclasında olmuşam. Guya mənə verdiyi puldan 3 min ona qaytarmışam, aparıb Xırdalanda saxlayıb. Sübut elədim ki, yalan deyir, üç gün ərzində, ümumiyyətlə, Xırdalana getməyib", - T.Yaqublu belə deyib.
Hakimlər, öncəki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyiblər.
Ardından məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsi başlanıb. Prokurorun çıxışından sonra T.Yaqublu proses iştirakçılarına deyib ki, ona nə qədər cəza kəsilməsindən asılı olmayaraq, ittiham hökmü çıxarılsa, dərhal quru aclığa başlayacaq: "Ölənədək də aclığı dayandırmayacağam. Navalnı kimi, mənim də ölümümlə bütün dünya biləcək ki, ölkədə öz vətəndaşlarına zülm edən bir rejim var".
Siyasi fəalın məhkəməsi fevralın 26-da onun vəkillərinin müdafiə çıxışı ilə davam edəcək.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.