Parisdə keçirilən fövqəladə sammitin ardından Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını bəyan ediblər. Lakin onlar vurğulayıblar ki, bu zəmanətlərin səviyyəsi hərtərəfli sülh sazişi bağlandığı təqdirdə Vaşinqtonun iştirakından asılı olacaq.
Eyni zamanda liderlər Kiyevə davamlı dəstəklərini ifadə ediblər. NATO-nun baş katibi Mark Rütte iclasdan sonra fevralın 17-də X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Avropa Ukraynanın dəstəkləməyə hazırdır: "Bu, bu gün Parisdə keçirilən görüşdən çıxardığım əsas nəticədir. Avropa Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdə liderlik etməyə hazırdır və istəklidir. Biz təhlükəsizliyimizə daha çox sərmayə qoymağa da hazırıq. Detallar hələ müəyyənləşdirilməlidir, lakin öhdəlik aydındır".
Avropa İttifaqının (Aİ) adı açıqlanmayan rəsmisi "Reuters"ə bildirib ki, Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır, ancaq bu, əsasən, Vaşinqtonun bu məsələdə göstərəcəyi dəstəyin səviyyəsindən asılıdır.
"Ancaq biz hesab edirik ki, sülh sazişi olmadan atəşkəsin bağlanması risklidir", - rəsmi şəxs əlavə edib.
Tədbirə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron isə Ukraynada "güclü və davamlı" sülhə nail olmağa çalışdıqlarını bildirib.
"Bunun üçün Rusiya öz aqressiyasına son qoymalıdır və bu, Ukrayna üçün güclü və etibarlı təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır", - Makron vurğulayıb.
AzadlıqRadiosunun əldə etdiyi layihə sənədinə görə, Aİ yaxın zamanda Ukraynaya əlavə 5 milyard avro yardımın ayrılmasını təsdiqləməyə hazırlaşır.
Sənəddə bildirilir ki, Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğalından bəri Aİ Ukraynaya ümumilikdə 134.5 milyard avro yardım ayırıb, bunun 48.5 milyard avrosu hərbi dəstəkdən ibarətdir.
"Avropa İttifaqı Ukraynaya lazım olduğu müddətcə və tələb olunan intensivlikdə hərbi dəstək göstərəcək", - layihə mətnində qeyd olunub.
E.Makron toplantıdan sonra ABŞ prezidenti Donald Trampla danışıb. Ağ ev rəsmisinin verdiyi məlumata görə, "dostca" baş tutan bu zəng 30 dəqiqə davam edib və müharibə, Paris görüşü və Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara toxunulub.
Britaniya Ukraynaya sülhməramlıların göndərilməsini mümkün, Almaniya "uyğunsuz" sayır
Britaniya baş naziri Kir Starmerin açıqlamalarından sonra atəşkəsin ardından Ukraynaya Avropa sülhməramlılarının göndərilməsi ideyası ön plana çıxıb.
Fevralın 17-də Parisdə mətbuat konfransında çıxış edən Starmer bildirib ki, o, davamlı bir sülh sazişi olarsa, Britaniya qüvvələrini digər qüvvələrlə birgə Ukraynada yerləşdirməyi nəzərdən keçirməyə hazırdır.
Bununla belə, o əlavə edib ki, "ABŞ-nin dəstəyi olmalıdır, çünki yalnız Vaşinqtonun təhlükəsizlik zəmanəti Rusiyanı Ukraynaya növbəti hücumu həyata keçirməkdən effektiv şəkildə çəkindirmək üçün yeganə yoldur".
Sammitdən sonra Almaniya kansleri Olaf Şolts sülhməramlıların göndərilməsi məsələsini "tamamilə vaxtından əvvəl" və "müharibə davam edərkən son dərəcə uyğunsuz" adlandırıb.
Şolts əlavə edib ki, onun fikrincə, Ukraynanın təhlükəsizliyi ilə bağlı məsuliyyət məsələsində Avropa və ABŞ arasında heç bir bölgü olmamalıdır: "NATO həmişə birlikdə hərəkət etdiyimiz və riskləri paylaşdığımız prinsipə əsaslanır, beləliklə, biz təhlükəsizliyimizi təmin edirik. Bu, sual altına alınmamalıdır".
O əlavə edib ki, Kiyevin razılığı olmadan heç bir sülh sazişi olmayacaq.
Ancaq görünür ki, heç də bütün Avropa ölkələri Ukraynaya əlavə dəstək verməyə tələsmir. Bu ölkələrdən bir də Kremlin Ukraynaya genişmiqyaslı işğalından sonra belə Rusiya ilə yaxın əlaqələrini qoruyub saxlayan Macarıstandır.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Paris sammitini tənqid edərək bunu "narazı Avropa siyasətçilərinin toplantısı" adlandırıb.
Macarıstan XİN rəhbəri Rusiyanın rəsmi şəxsləri tərəfindən tez-tez irəli sürülən ittihamları təkrarlayaraq bildirib ki, sammit iştirakçıları müharibəni uzatmaq istəyirlər.
"Bu gün müharibə tərəfdarları, anti-Tramp Avropa siyasətçiləri Parisdə toplaşır və Ukrayna ilə sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışırlar", – o bildirib.