Rusiya prezidenti Vladimir Putinlə "çox tezliklə" görüşəcəyini bildirən ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibəni sonlandırmaq üçün aparılacaq istənilən sülh danışıqlarında Ukrayna dövlət başçısı Volodimir Zelenskinin də iştirak edəcəyini deyib.
D.Tramp fevralın 16-da jurnalistlərə ayrı-ayrı açıqlamalarında diplomatik səylərin detalları barədə danışmayıb.
Təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Tramp Putinlə mümkün görüş barədə sual verildikdə "Vaxt müəyyən edilməyib, amma bu, çox tezliklə ola bilər" deyə cavab verib.
"Düşünürəm ki, o, müharibəni bitirmək istəyir və onlar bunu tez bitirmək istəyirlər. Hər ikisi, Zelenski də bunu bitirmək istəyir", - Tramp bildirib.
ABŞ prezidenti daha sonra avtomobil yarışını izlədiyi Floridada jurnalistlərə danışıb və burada o, Zelenskinin sülh danışıqlarında iştirak edəcəyini söyləyib.
Prezident Tramp komandasının Rusiya rəsmiləri ilə "uzun və çətin" danışıqlar apardığını deyib.
Bu açıqlama Vaşinqtonun Rusiya ilə razılaşma əldə edərkən bu prosesdə Kiyev və Avropanın masadan kənarda saxlanması ilə bağlı narahatlıqlar fonunda verilib.
"Bloomberg" adını açıqlamayan rəsmilərə istinadən fevralın 16-da yazıb ki, Tramp həm Qərb, həm də Pravoslav kilsələri üçün bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə etmək istəyir.
ABŞ qarşıdakı günlərdə Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlar aparmağa hazırlaşır. Danışıqlara ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Ağ evin bildirdiyinə görə, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və milli təhlükəsizlik müşaviri Maykl Uolts da danışıqlara qatılacaq.
"Ümid edirəm ki, həqiqətən yaxşı irəliləyiş əldə edəcəyik", - S.Uitkoff "Fox News"a bildirib.
Dövlət katibi Rubio isə fevralın 15-də CBS-yə bildirib ki, qarşıdakı bir neçə gün Putinin Ukraynada sülhə ciddi yanaşıb-yanaşmadığını müəyyən edəcək.
D.Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq isə ABŞ-nin Rusiya ilə Ukrayna müharibəsini bitirmək üçün danışıqlara vasitəçilik edəcəyi təqdirdə Avropanın danışıqlar masasında olmayacağı fikrini səsləndirib. Bu, həm Ukraynada, həm də Avropada ciddi müzakirələrə səbəb olub.
Lakin Kelloq hətta masada oturmasa belə, Avropanın qərarvermə prosesindən kənarda qalmayacağını vurğulayıb. O, Ukraynanın danışıqlarda yer alacağını desə də, Kiyev Səudiyyə Ərəbistanındakı görüşə dəvət almadığını bildirib.
Fevralın 16-da prezident Zelenskinin Yaxın Şərqə səfəri başlasa da, rəsmi Kiyev bildirib ki, onun Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə olan səfəri iqtisadi əlaqələri gücləndirmək məqsədini daşıyır və ABŞ və ya Rusiya rəsmiləri ilə görüşlər üçün heç bir plan yoxdur.
Rubio və digər ABŞ rəsmiləri isə israr edir ki, Ukrayna və digər Avropa ölkələri istənilən real danışıqlar sessiyalarına daxil ediləcək, əgər belə danışıqlar baş tutarsa.
"Nəhayət, bir mərhələ çatacaq – əgər bu, real danışıqlar olacaqsa, - biz hələ o mərhələdə deyilik, –Ukrayna mütləq iştirak etməli olacaq, çünki onlar işğal edilən tərəfdir. Avropalılar da iştirak etməli olacaq, çünki onlar da Putinə və Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Ancaq sadəcə biz hələ orada - həmin mərhələdə deyilik", - Rubio vurğulayıb.
Avropa liderləri fövqəladə iclas üçün Parisdə toplanırlar
Bu arada, bu gün, fevralın 17-də Ukrayna müharibəsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirmək üçün Avropa liderləri Fransa prezidenti Makronun təşəbbüsü ilə Parisdə toplanacaq.
Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka liderlərinin görüşə qatılacağı gözlənilir.
Böyük Britaniyanın baş naziri Kir Starmer müharibəni bitirmək üçün razılaşma əldə edilsə, Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazır olduğunu bildirib.
Finlandiya prezidenti Aleksandr Stubb isə bildirib ki, Vaşinqton və Moskva arasındakı danışıqlar Avropanın təhlükəsizlik maraqlarını hörmətlə yanaşaraq aparılmalıdır: "Biz heç bir halda Rusiyanın bu yeni, bölünməz təhlükəsizlik nizamı haqda fantaziyasına qapı açmamalıyıq".