AzadlıqRadiosunun müxbiri Rid Stendiş məqaləsində bildirir ki, ABŞ və Rusiyanın Səudiyyə Ərəbistanında aparacağı danışıqlar gələcək illər ərzində Avropadakı təhlükəsizlik strukturunu formalaşdıra bilər. Bu gün, fevralın 18-də Ər-Riyadda keçiriləcək yüksəksəviyyəli danışıqlarda Ukraynada müharibənin sona çatdırılması və Vaşinqton ilə Moskva arasındakı daha geniş gərginliklər müzakirə ediləcək.
Ər-Riyad görüşü Vaşinqtonun Ukraynada üç ilə yaxındır davam edən müharibəni sona çatdırmaq üçün səylərini artırdığı bir dövrə təsadüf edir. Bu səylər Kiyev və Avropa hökumətlərində müharibənin dayandırılması üçün necə bir razılaşmanın əldə olunacağına dair suallar yaradıb.
"Bu, daha uzun bir danışıqlar prosesinin ilk addımı olaraq nəzərdə tutulub, amma hadisələr sürətlə irəliləyir", –Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı, sabiq Britaniya diplomatı Naycel Quld-Devis bildirib. Onun sözlərinə görə, hazırda qeyri-müəyyənliyin yüksək olduğu bir zamanda hadisələr sürətlə inkişaf edəcək.
Ər-Riyad danışıqlarında kimlər iştirak edir?
AzadlıqRadiosunun əməkdaşı xatırladır ki, bu, son illərdə baş tutacaq ilk yüksəksəviyyəli və üzbəüz görüşdür. Görüş həm də ABŞ və Rusiya prezidentlərinin sammitinə hazırlıq məqsədi daşıyır.
Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov, ABŞ-dən isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff görüşə qatılacaq. ABŞ nümayəndə heyətinin tərkibində Ağ evin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yer almayıb. Ukrayna dövlət başçısı Zelenski xüsusi nümayəndə Kelloqun "təhlükəsizlik zəmanətləri ilə bağlı geniş müzakirələr" üçün fevralın 20-də Kiyevə gələcəyini deyib.
Ukrayna tərəfinə görüşlə bağlı dəvət göndərilməyib və rəsmi Kiyev danışıqlarda iştirak etmədiyi halda, Ukrayna ilə bağlı hər hansı razılaşmanı tanımayacağını bildirib.
Görüşün gündəliyində nələr var?
Dövlət katibi Rubio fevralın 16-da CBS telekanalına verdiyi müsahibədə bildirib ki, Ər-Riyaddakı görüşün məqsədi "Ukraynanı da əhatə edəcək və müharibənin sona çatmasını nəzərdə tutan" daha geniş dialoqu başlatmaqdır.
Lakin Rubio və Lavrov arasında danışıqların yalnız Ukraynada sülhün necə təmin olunacağı ilə məhdudlaşmayacağı, Moskva və Vaşinqton arasındakı münasibətlərin daha geniş aspektlərinə, məsələn, sanksiyalar, enerji və təhlükəsizlik məsələlərinə də toxunulacağı gözlənilir.
Rubio həmçinin qeyd edib ki, əgər Ər-Riyaddakı görüşdən sonra danışıqlar irəliləsə, Kiyev və Avropa hökumətləri də bu danışıqlara cəlb olunacaq.
Rusiya XİN rəhbəri Lavrov isə fevralın 17-də bildirib ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərdən əl çəkməyi nəzərdən keçirmir. Lavrov həmçinin avropalıların bu danışıqlara qatılmasına heç bir səbəb görmədiyini deyib.
"Atlantic Council" beyin mərkəzinin tədqiqatçısı Endrü D'Anyeri Riyaddakı görüşdən ciddi qərar gözləmir. "Tramp və Putin eyni otaqda olmayana qədər əslində heç bir böyük qərar verilməyəcək. Bu isə o deməkdir ki, avropalıların və ukraynalıların Tramp administrasiyasının düşüncəsini formalaşdırmaq üçün hələ çoxlu fürsətləri və vaxtı var", - o, AzadlıqRadiosuna bildirib.
Müharibəni sonlandırmaqla bağlı Vaşinqtonun son bəyanatları
Tramp seçki kampaniyasında və daha sonra Ukraynada müharibəni sürətlə sona çatdırmaq üçün vəd verib və onun administrasiyası indi ilk 100 gün ərzində bir razılaşmanı əldə etməyi hədəfləyir.
ABŞ müdafiə naziri kimi Avropaya ilk səfərini etmiş Pit Heqset fevralın 12-də NATO-nun qərargahındakı çıxışında Vaşinqtonun Ukraynanın sülh razılaşması çərçivəsində NATO-ya qoşulmasını dəstəkləmədiyini və Kiyevin 2014-cü ildən əvvəlki ərazi sərhədlərini bərpa etməsinin gerçəkçi olmadığını bildirib.
Heqset deyib ki, Avropa qoşunları müharibə sonrası Ukraynanın təhlükəsizliyini təmin etməli və ABŞ qoşunları bu prosesə qatılmamalıdır.
Eyni gün, Putin və Tramp arasında telefon danışığı baş tutub. Burada ABŞ prezidenti Rusiyanın diplomatik təcridinin sona çatması barədə siqnal verib. Prezidentlər ikitərəfli iqtisadi əməkdaşlıq mövzusunu müzakirə edib və Tramp Rusiyanın 2014-cü ildə Krımın qanunsuz ilhaqına görə G8 qrupundan çıxarılmasından sonra Moskvanın bu qrupa bərpa olunmasını təklif edib.
Danışıqlara gedərkən Rusiyanın mövqeyi nədən ibarətdir?
Putin Ukraynaya qarşı müharibəni başladarkən Kiyevi ələ keçirmək və burada Moskvaya simpatiya göstərən bir hökumət qurmaq istəyirdi. Bunun baş tutmaması nəticəsində Kreml işğal olunmuş Ukrayna ərazilərini saxlamaq və Ukraynanın hərbi qüvvələrinin ölçüsünü məhdudlaşdırmaq tələblərində israr edir.
Telefon danışığı zamanı Putin Trampa münaqişənin səbəblərini həll etmək istədiyini bildirib. Bu da Rusiyanın Ukraynanın Qərbə inteqrasiyasını dayandırmaq və Soyuq müharibə sonrası təhlükəsizlik düzənini dəyişdirmək hədəflərindən vaz keçmədiyini göstərir.
"Əgər mən Putin olsaydım, indi ABŞ-nin bu razılaşmanı sürətlə əldə etməyə hazır olduğundan yararlanaraq müharibənin əvvəllərindən bəri tutduğum maksimalist mövqelərə mümkün qədər yaxınlaşmağa çalışardım", – Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun Rusiya üzrə eksperti Con Hardi AzadlıqRadiosuna bildirib.
Sabiq Britaniya diplomatı Naycel Quld-Devis isə deyib ki, Kremlin 2021-ci ilin sonlarında başladığı tammiqyaslı işğaldan əvvəl irəli sürdüyü oxşar tələbləri təkrarlamaq istəyi ola bilər.
Həmin vaxt Lavrov ABŞ ilə apardığı danışıqlarda Ukraynanın NATO-ya qoşulmasının qadağan olunmasını və NATO qoşunlarının və silahlarının 1997-ci ildəki yerləşdiyi mövqelərə geri çəkilməsini tələb etmişdi.
"Putin açıq şəkildə bildirib ki, o, atəşkəsdə maraqlı deyil, yalnız müharibənin sonuna çıxmaq istəyir. Bu, bir sıra əsas məsələlər üzrə razılaşma və Rusiya üçün daha əlverişli şərtlərlə yeni regional düzənin yaradılmasını nəzərdə tutur", - Quld-Devis vurğulayıb.