Savaş qızışdıqca Ukrayna siyasətçiləri prezidentin 'elektrikli' kürsüsünü dövrəyə alırlar

2019-cu ildə Kiyevdə parlament seçkiləri

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski haqqında dilindən çıxan sərt sözlər həssas nöqtəyə toxunub. Axı Ukraynada prezident seçkiləri ötən ilin aprelində keçirilməliydi. Ancaq Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlaması seçkinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyası hərbi vəziyyət dövründə seçki keçirilməsini yasaqlayır. Kreml tammiqyaslı hücumu başlatdığının ertəsi günü Kiyev ölkədə hərbi vəziyyət elan edib. Üstəlik, güvənliklə bağlı ciddi rahatsızlıq da var. İnsanların dolub qaynaşdığı seçki məntəqələri dəfələrlə mülki obyektlərə, o cümlədən məktəb, xəstəxana və yaşayış binalarına zərbə endirmiş Rusiya ordusu üçün gerçək hədəf olardı.

AzadlıqRadiosunun Ukrayna xidməti fevralın 20-də Kiyev sakinləriylə danışıb. Onlar seçki ideyasına qarşı olduqlarını söyləyiblər.

"Rusiyanın işğal etdiyi ərazilərimiz var. Orada insanlar səs verə, ya da öz seçimini edə bilməyəcək", - bir qadının sözləridir.

"Müharibə vaxtı kim kampaniya keçirə bilər ki?", - başqa bir seçici belə deyib.

"Yalnız savaş bitəndən sonra…"

Eyni gündə Ukraynada 130-dək vətəndaş cəmiyyəti qurumu birgə bəyanat verərək indiki şərtlər daxilində seçki keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb: "Yalnız savaş bitəndən və dayanıqlı sülhə nail olandan sonra… azad, ədalətli, demokratik seçki keçirmək mümkün olacaq".

Buna baxmayaraq, prezident olmağa ümid bəsləyənlər artıq hər ehtimala qarşı ilk addımlarını atırlar. Bu il hansısa formada atəşkəs, yaxud sülh razılaşmasının əldə ediləcəyinə, nəticədə seçkilərin mümkün olacağına dair bir gözlənti mövcuddur.

Petro Poroşenko

Keçmiş prezident Petro Poroşenko hətta tarix də dilə gətirib. O iddia edib ki, Zelenskinin ofisində məsələdən xəbərdar olan adamlar prezident seçkisinin oktyabrın 26-da keçiriləcəyini və başqa seçkilərlə üst-üstə düşəcəyini deyiblər: "Konstitusiyaya görə, ilin sonunda parlament seçkiləri olmalıdır. Düzdür, onlar iki il öncə baş tutmalı, oktyabrın sonunda isə yerli seçkilər keçirilməliydi".

Zelenskinin partiyası oktyabrın 26-na dair hər hansı planlarının olduğunu inkar edib. Prezident deyib ki, hərbi vəziyyət aradan qaldırılarsa, seçkilər bu il də keçirilə bilər. Bu da döyüşlərin dayandırılmasına dair razılığa gəlindikdən sonra mümkündür.

AzadlıqRadiosunun müxbiri Rey Förlonqun yazısında deyilir ki, rusiyayönümlü fiqurlar da fəallaşmağa başlayıb. 2019-ci ildə keçirilən seçkiləri dördüncü yerdə bitirən Yuri Boyko dekabrda "TikTok" kampaniyası başladıb. Bu kampaniya Kremlin mövqeyini əks etdirdiyindən o, Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) sorğu-suala çağrılıb.

Almaniya Yaşıllar Partiyasından Avropa Parlamentinə üzv seçilən, sovet dönəmində Rusiyada yaşayan Sergey Laqondinski bu yaxınlarda belə yazıb: "Putin Ukraynanı özünə tabe etdirmək planını məhv etdiyi üçün Zelenskiyə nifrət edir. O, yorucu müharibədən sonra rusiyayönümlü namizəd əldə etməyi arzulayır".

Ancaq təhlilçilər düşünürlər ki, Rusiya qüvvələrinin yüz minlərlə ukraynalı əsgər və dinc vətəndaşı öldürdüyü üçillik savaşdan sonra kremlyönlü marionet fiqur seçdirmək şansı çox azdır.

Volodimir Zelenski və Valeri Zalujnı

Seçkilər yetərincə sərt keçəcək

"Hər kəs bir-birini Rusiyanın tammiqyaslı hücuma başlamasında suçlu sayacaq", - "Milli Əzm və Birlik Platforması" adlı vətəndaş qrupunun həmtəsisçisi Oleq Saakyanın sözləridir.

"Nastoyaşeye Vremya"ya danışan Saakyan "veteranların veteranlara qarşı, əsgərlərin əsgərlərə qarşı" döyüşəcəyini ön görüb və "hal-hazırda prezident kürsüsü elektrik kürsüsüdür" sözlərini əlavə edib.

Zelenskinin ən yüksək reytinqi olan potensial rəqibi heç bir açıq addım atmayıb. O, heç namizəd olmaq istədiyini belə deməyib. Ordunun keçmiş baş komandanı Valeri Zalujnının Londondakı səfir postunda oturaraq sakitcə bir qıraqda gözlədiyi düşünülür.

Rəy sorğularında artıq xalqın fikrini öyrənilməyə başlanıb və Zalujnı ilk sırada gəlir.

Ancaq bugünlə gələcək səsvermə arasında çox şey baş verə bilər. Silahların susdurulması üçün hansı diplomatik razılaşmanın əldə ediləcəyindən (əgər ediləcəksə) çox şey asılı olacaq.