Təhlil: Trampın çoxdankı ABŞ-Rusiya qaydalarını pozması

Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh razılaşması əldə etmək planı indilik zəif görünə bilər, amma Avropa ilə Vaşinqton arasında qarşıdurma nöqtələri artıq üzə çıxmaqdadır. Bir həftədir Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı görünməmiş ritorika səslənir. AzadlıqRadiosunun Rusiya və "Current Time" layihəsi üzrə regional direktoru Natan Hoc bu barədə yazır.

Almaniyanın növbəti kansleri olacağı gözlənən Fridrix Merts NATO alyansının indiki formada qalacağına bədbin yanaşır.

"Son bir həftədə Donald Trampın bəyanatlarından sonra amerikalıların Avropanın taleyinə, əsasən, biganə yanaşdığı aydın görünür", – partiyasının 23 fevral parlament seçkilərində qələbəsindən sonra Merts deyib.

"İyunun sonunda NATO sammitinə necə gedəcəyimizi görmək istəyirəm – hələ də NATO barədə indiki formasında danışacağıq, yoxsa daha çevik şəkildə Avropanın müstəqil müdafiə qabiliyyətini qurmalı olacağıq", – o vurğulayıb.

Son üç ildə dəyişənlər

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan hər şey sürətlə dəyişib. İşğal öncəsi ABŞ-nin ozamankı prezidenti Co Bayden xəbərdarlıq edirdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya zirehli karvanlarını göndərərsə, bundan ötrü "ağır bədəl ödəyəcək".

"Bilirsiniz ki, xalqımızı, dünyanı bölən bir çox məsələlər var, ancaq Rusiyanın təcavüzünə qarşı dayanmaq onların sırasında deyil. Amerika xalqı birlikdədir. Avropa birlikdədir. Transatlantik icma bir yerdədir. Ölkəmizin siyasi partiyaları birlikdədir. Bütün azad dünya bir yerdədir", – Bayden deyirdi.

Ər-Riyadda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü

Amma Qərbin birliyi və qətiyyəti haqda bu deyilənlərin artıq qüvvədə olmadığı görünür. Rusiya və ABŞ-nin ötən həftə ilk kommunikasiyasında Ukrayna yer almadı. Bu isə Vaşinqton və Moskvanın ukraynalıların və onların avropalı müttəfiqlərinin başları üzərindən hansısa razılaşma əldə etməyə çalışa biləcəyi sarıdan narahatlıqlara yol açdı.

Üstəlik, Trampın ABŞ-Rusiya münasibətlərinin çoxdankı qaydalarını dağıtdığı görünür. O, Zelenskiyə hücumlarını artırır, onu "seçkisiz diktator" adlandırır, deyir ki, Ukraynaya qarşı təcavüzkar müharibəni Putin deyil, o başladıb.

Bu bəyanatlar Putinin tarixi təhriflərini əks etdirir: 2022-ci il fevralın 24-nə keçən gecə Putin Ukraynaya qarşı tammiqyaslı işğalı yarıgerçək, yarısaxta açıqlamalar, Ukraynanı, kollektiv Qərbi ittiham edən yalanlarla əsaslandırdı, onları Rusiyanı hərbi addıma vadar etməkdə suçladı.

İşğalın üçüncü ildönümündə ABŞ BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən qətnamənin əleyhinə səs verməklə dünyanı şoka salıb. Vaşinqton bu qətnaməyə paralel sənəd təqdim edib, ancaq o, müharibəni başlatdığına görə Rusiyanı qınamır.

Qalmaqallı Helsinki sammiti

Müəllif buna oxşar situasiyanın daha əvvəl də baş verdiyini yada salır. 2018-ci ildə Putinlə Helsinki sammitində Trampın dedikləri Vaşinqtonda qəzəb doğurmuşdu. Tramp öz ölkəsinin kəşfiyyat orqanlarının Rusiyanı 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilədə ittiham etməsini şübhə altına almış, Putinin sözünə inandığını dilə gətirmişdi.

Tramp və Putinin Helsinki görüşü

Amma Tramp administrasiyasının Ukrayna haqda aşkar şəkildə Kremlin mövqeyini yayması Amerikanın müttəfiqləri ilə daha dərin uçuruma işarə edir.

Di gəl, Trampın Putinin tezislərinin təkrarlamasının real siyasətə nə dərəcədə keçəcəyi aydın deyil. 2018-ci ildə Helsinki sammiti Vaşinqtonu qəzəbləndirdi, kapitulyasiya, Trampın ilk baxışda Rusiyanın seçkidə müdaxilədə günahsız olmasını qəbul etməsi haqda söz-söhbətə yol açdı.

Amma bu sammit Moskva ilə Vaşinqtonun münasibətlərində buzu əritmədi, əlaqələr elə minimum həddə qaldı.

Kiyev və digər Qərb paytaxtlarından isə kəskin reaksiya gəlir. Fransa prezidenti Emmanuel Makron fevralın 24-də Trampla birgə mətbuat konfransında açıq deyib ki, Rusiyanı müharibəni başladan “təcavüzkar” kimi görür. Müharibənin üç illiyində bütün dünyada Ukraynaya dəstək nümayiş olunub.

Trampın Ukrayna ilə bağlı son dediklərinin siyasətə necə keçəcəyini zaman göstərəcək. Ancaq azından simvolik səviyyədə Rusiyaya qarşı transatlantik çiyin-çiyinə yanaşması elə də qətiyyətli görünmür.