Keçid linkləri

2025, 25 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Serbiya BMT-də Aİ-nin qətnaməsinə 'səhvən' səs verib


Aleksandar Vuçiç
Aleksandar Vuçiç

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsinin BMT Baş Assambleyasındakı nümayəndələri "səhvən" Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səs veriblər, onlar bitərəf qalmalı idilər.

"Düşünürəm ki, Serbiya bu gün (fevralın 24-də) səhv edib, buna görə Serbiya vətəndaşlarından üzr istəyirəm və bu, mənim məsuliyyətimdir... Biz Avropa qətnaməsinin lehinə səs verdik, Amerika qətnaməsinə isə lazım olduğu kimi səs verdik - bitərəf qaldıq. Avropanın qətnaməsi üzrə də onlar bitərəf qalmalı idilər", - Vuçiç "Happy Television" telekanalına bildirib.

Prezident əlavə edib ki, işi çox olduğundan düzəlişlərə baxmağa vaxtı qalmayıb: "Yorğunam, məşğulam, hər şeyi edə bilmirəm".

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsindən sonra Serbiya Moskva ilə məsafə saxlaması üçün artan təzyiqlərlə üzləşsə də, sanksiyalara qoşulmaqdan imtina edib. Əvəzində Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında balans siyasəti yürütməyə çalışıb.

BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlanmasının üçüncü ildönümü ilə bağlı iclası.
BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlanmasının üçüncü ildönümü ilə bağlı iclası.
24 fevral

BMT TŞ son üç ildə Ukrayna ilə bağlı ilk qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümü münasibətilə Birləşmiş Ştatların hazırladığı qətnamə layihəsini qəbul edib. Qətnamə Vaşinqtonun münaqişə ilə bağlı neytral mövqeyini əks etdirir, prezident Donald Tramp sülhün bərqərarında vasitəçi olmağa çalışır.

Rusiya veto hüququna malik olduğu üçün indiyədək Şuranın 15 üzvü Ukraynadakı münaqişə ilə bağlı heç bir tədbir görə bilməyib.

ABŞ qətnaməsi lehinə 10 səs toplayıb. Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan və Sloveniya bitərəf qalıb.

Birləşmiş Ştatların BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi deyib: "Bu qətnamə bizi sülh yoluna çıxarır. Bu, hamımızın qürur duymalı olduğumuz ilk, lakin vacib addımdır. İndi biz bundan Ukrayna, Rusiya və beynəlxalq ictimaiyyət üçün dinc gələcək qurmaq üçün istifadə etməliyik".

Qətnamənin qısa mətnində Rusiya-Ukrayna münaqişəsinin qurbanlarına görə kədər ifadə edilir, BMT-nin məqsədinin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq olduğu təsdiqlənir. Qətnamə tezliklə möhkəm sülhün bərqərar olmasına çağırır.

BMT-də Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsi: ABŞ, Ermənistan və Azərbaycan necə səs verdi [Foto]

Fevralın 24-də BMT Baş Assambleyası Ukrayna ilə bağlı Kiyev və onun müttəfiqlərinin hazırladığı qətnamə layihəsini səs çoxluğu ilə qəbul edib. Sənəddə Rusiyanın təcavüzü pislənir, müharibənin tez bir zamanda bitirilməsi və Ukraynaya dəymiş ziyanın ödənilməsi tələb olunur.

BMT-yə üzv olan dövlətlərdən 93-ü qətnamənin lehinə, ABŞ, İsrail və Macarıstan da daxil 18-i əleyhinə səs verib, 65-i, o cümlədən Çin və Ermənistan bitərəf qalıb.

Azərbaycan və Gürcüstan səsvermədə iştirak etməyib.

ABŞ öz qətnaməsinə səs verməyib

Birləşmiş Ştatlar Kiyev və Brüsselin qətnamə layihəsinin geri götürülməsinə çağırıb və öz mətnini təklif edib. O, daha neytraldır və Rusiyanı qınamır, yalnız atəşkəsə çağırır.

Baş Assambleya bir sıra düzəlişlərlə Amerika qətnaməsini də qəbul edib. Onun lehinə də 93 ölkə səs verib, səkkiz ölkə qarşı çıxıb, 73 ölkə, o cümlədən ABŞ və Çin bitərəf qalıb.

BMT Baş Assambleyasının qətnamələri tövsiyə xarakteri daşıyır.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üç ili tamam olub.

XS
SM
MD
LG