Keçid linkləri

2025, 21 Fevral, Cümə, Bakı vaxtı 00:01

'İşçi Masası'nın daha bir üzvünə həbs cəzası istənilib. Bu dəfə 7 il


Möhyəddin Orucov
Möhyəddin Orucov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, 1 il 2 aydır həbsdə olan Möhyəddin Orucova 7 il həbs cəzası istənilib. Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. O iddia edib ki, M.Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə verilən ittiham məhkəmədə sübuta yetirilib. İddiaya görə, 2023-cü il dekabrın 13-də saxlanılarkən onun cibindən 3.2 qram narkotik tapılıb.

Prokurorun çıxışından öncə məhkəmədə sənədlər tədqiq edilib, videogörüntülərə baxılıb. Gənc fəalın saxlanma protokolu da araşdırılıb. Orada onun saat 13:00 radələrində saxlandığı və protokolun 15:00 radələrində tərtib edildiyi göstərilib.

Amma videodan çəkilişin axşam - saat 19:00 radələrində aparıldığı görünür. Üstəlik, M.Orucov videoda da narkotikin ona aidiyyəti olmadığını söyləyir.

M.Orucovun vəkili Nazim Musayev ziddiyyətləri hakimlərin diqqətinə yetirərək deyib ki, müvəkkili günorta saxlandığı halda, onun üzərinə baxış altı saat sonra keçirilib. Bu, saxlanma protokoluyla videonun tədqiqindən də görünür.

Ardından məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror çıxış edərək gənc fəala 7 il həbs cəzası istəyib.

24 yaşlı M.Orucov narkotik ittihamını qəbul etmir. O, məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs olunub. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyi ilə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənib və bu dəfə uzunmüddətli həbsə göndərilib.

Xatırlatma

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı 2023-cü il avqustun 1-də etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını dilə gətiriblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəala CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib.

"İşçi Masası"nın daha bir üzvü Elvin Mustafayev 2023-cü il avqustun 4-də narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib.

E.Mustafayevdən bir neçə gün sonra sözügedən Konfederasiyanın digər üzvü Ayxan İsrafilov da narkotik ittihamıyla həbs edilib və ona da eyni cəza kəsilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.

XS
SM
MD
LG