Keçid linkləri

2025, 22 Fevral, şənbə, Bakı vaxtı 12:57

Bəhruz Səmədov həbsdə aclığa başladığını açıqladı: 'Vaxtilə Bağırov da indiki kimi ziyalıları məhv edirdi...'


Bəhruz Səmədov
Bəhruz Səmədov

Politoloq Bəhruz Səmədov dövlətə xəyanətdə suçlanıb altı aydır həbsdə saxlanmasına etiraz olaraq aclığa başladığını deyib. O, fevralın 21-də öz məhkəməsində bunu dilə gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində B.Səmədovun işi üzrə məhkəmə prosesi başlanıb. Fevralın 21-dəki məhkəmənin hazırlıq iclasında onun vəkili Zibeydə Sadıqova bir neçə vəsatət qaldırıb. Bunların arasında B.Səmədov haqqında cinayət işinə xitam verilməsi, bu olmasa, hökm çıxarılanadək ev dustaqlığına buraxılması, qanunsuz yolla əldə edilmiş sübutların yolverilməz sayılıb çıxarılması, işgəncə şikayətinin, müdafiə hüququ pozuntusunun araşdırılması kimi məsələlər vardı.

"O danışıqların heç birində dövlətə xəyanət tərkibi yaradan əməl yoxdur"

Vəkil deyir ki, B.Səmədova Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq kimi ağır ittiham verilsə də, ortaya heç bir mötəbər sübut qoyulmayıb. Müdafiəçinin sözlərinə görə, müvəkkili tutularkən telefonu əlindən alınıb. Bu telefonda onun üç erməni qadınla danışığı olub: "O danışıqların heç birində Cinayət Məcəlləsinin 274-cü maddəsinin (dövlətə xəyanət) tərkibini yaradan əməl yoxdur".

Z.Sadıqova vurğulayıb ki, müvəkkili müharibənin əleyhinə olub. Azərbaycanla Ermənistan arasında döyüşlər başlayarkən də buna qarşı petisiyalara imza atıb.

Müdafiəçi deyir ki, B.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında döyülməsindən şikayətlənib, onunla pis davranışın araşdırılmasından ötrü prokurorluğa şikayət yazılıb. Prokurorluqsa cavabında yazıb ki, "polisin hərəkətində qanunsuzluq haqda iddialar təsdiqini tapmadı": "Halbuki, biz heç polislərin hərəkətindən şikayət etməmişdik. Bu da onu göstərir ki, prokurorluq araşdırma aparmayıb, formal qərar çıxarıb".

B.Səmədovun müdafiə hüququnun pozulmasından danışan vəkil bildirib ki, müvəkkili ilə görüşərkən konfidensial yazışmaları, qeydləri yoxlanılır, bu da qanunsuzdur.

Bəhruz Səmədov
Bəhruz Səmədov

Vəkilinin vəsatətlərinə münasibət bildirən B.Səmədov hazırda ölkədə yaşananları ötən əsrin 30-cu illərində yaşananlarla müqayisə edib və yada salıb ki, vaxtilə Mircəfər Bağırov da ölkədə, indiki kimi, ziyalıları, alimləri repressiyalara məruz qoyurdu. O vurğulayıb ki, Bağırovun repressiyalarının qurbanlarından biri də alim Heydər Hüseynov olub: "Onun əsəbləri Bağırovun təqiblərinə, qarayaxma kampaniyasına dözmədi. 1950-ci ildə özünə qəsd etdi. Amma siz bir baxın, Heydər Hüseynov tarixdə necə qalıb, Mircəfər Bağırov necə xatırlanır...".

B.Səmədov əlavə edib ki, ona qarşı dövlətə xəyanət ittihamı əsassızdır, heç bir cinayət törətmədiyi halda, altı aydır həbsdə saxlanılır. O, elmlə məşğul olduğunu xatırladaraq deyib: "Günahı olmayan alimi həbsdə saxlamaq heç bir ölkəyə başucalığı gətirmir. Ölkənin imici baxımından da mən azadlığa buraxılmalıyam".

Məhkəmə vəsatətləri təmin etməyib. Yalnız DTX-da döyülmə məsələsinin araşdırılmamasıyla bağlı şikayətlə əlaqədar məhkəmə prokurorluğa sorğu göndərməyə qərar verib. Hakimlər B.Səmədovun işinə qapalı məhkəmə prosesində baxılmasına, onun DTX-nın istintaq təcridxanasından Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar veriblər.

Bu iş üzrə məhkəmə baxışı martın 7-nə təyin edilib.

Həmin qərarın ardından B.Səmədov məhkəməsinə gələnlərə elan edib ki, qanunsuz həbsdə saxlanmasına etiraz olaraq aclıq aksiyasına başlayır.

Xatırlatma

B.Səmədov 2024-cü il avqustun 21-də saxlanılıb, iki gün sonra Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə barəsində həbs-qətimkan tədbiri seçilib. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

O, ittihamı qəbul etmir.

Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatı Səmədovun həbsini pisləyib.

Praqadakı Karlova Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov həbs olunduğu dövrdə məzuniyyətə gəlmişdi.

O, müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

XS
SM
MD
LG