Fevralın 21-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) həbs edilib. Onun "MeydanTV işi" ilə əlaqədar həbs olunduğu bildirilir. Son bir ildə Azərbaycanda maliyyə qaçaqmalçılığında ittiham olunaraq 30-yə yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlar ittihamları qəbul etmir, siyasi sifariş sayırlar.
Prezident İlham Əliyev bu həftə Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşüb. Sakinlərdən biri prezidentə deyib: "Mən oğlumun adını İlham qoymuşam. İnanın, Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam".
Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. O, 28 ildir bu postu tutur.
Son iki həftədə "ToplumTV" və "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdığını elan edib. Hökumətyönlü mediada AzadlıqRadiosu, digər müstəqil media orqanlarına qarşı zaman-zaman ittiham dolu yazılar dərc olunur.
Daxili İşlər Nazirliyi polisə ictimai dəstək olanların bundan sonra "mülki inspektor" adlandırılmasına qərar verib. Mülki inspektor olan şəxslərin həmçinin xüsusi formaları da olacaq. Azərbaycan polisə ictimai dəstək qrupları 2016-cı ildən fəaliyyət göstərir.
Bugünlərdə hakimiyyətə yaxın media Azərbaycanda Rusiyanın casus şəbəkəsi qurması, onun vasitəsilə ölkədə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışması iddialarının yer aldığı yazılar dərc edir.
Azərbaycanla Rusiya arasında AZAL-a məxsus təyyarəsinin keçən il dekabrın 25-də qəzaya uğramasından sonra gərginliyin artdığı bildirilir. Rəsmi Bakı Azərbaycandan "Rossotrudniçestva"nın tərkibində yer alan Rus Evini çıxaracağını bəyan edib.
Fevralın 6-da Azərbaycanda daha iki jurnalist həbs olunub. Artıq ölkədə 30-dan artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir.
Fevralın 4-dən 5-nə keçən gecə daha bir jurnalist, arqument.az saytının baş redaktoru, Şəmşad Ağa (Ağayev) saxlanıb. Onun "MeydanTV işi" üzrə qaçaqmalçılıq maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilir. Bu iş üzrə altı jurnalist eyni maddə ilə həbsdədir.
"Azərbaycan qədər dəqiq, düzgün, ədalətli seçki keçirilən çox az ölkəyə rast gəlmək olur". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov parlamentin iclasında deyib.
Bugünlərdə hakimiyyətyönlü "Baku TV" telekanalında Bakıda yerləşən "Rus Evi" mədəniyyət mərkəzi ilə bağlı reportaj efirə gedib. "Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi" adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb.
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində müxtəlif dairələrdən pozuntularla bağlı şikayətlər gəlir. Bəzi seçki dairələrindən ayrı-ayrı şəxslərin bir neçə dəfə müxtəlif məntəqələrdə səs verməsinə (karusel) dair də şikayətlər eşidilir.
Davamı