Belarus işğal altındakı Ukrayna torpaqlarından əldə etdiyi raps yağını Avropa İttifaqına satır

Aleksandr Lukaşenko dövlət televiziyasının kameraları qarşısında raps yağının dadına baxır.

2022-ci ilin iyununda Rusiya ordusu Ukraynanın cənubundakı geniş münbit əraziləri işğal etdi. Bundan bir qədər sonra Belarus lideri Aleksandr Lukaşenko ölkəsinin istehsal etdiyi raps yağına Avropada tələbatın artmasından danışdı.

"Hətta bu qızğın sanksiyalar dövründə belə Avropa "bizə raps yağı verin" deyir", - ölkənin şərqindəki Moqilyov bölgəsini ziyarət edərkən Lukaşenkonun yerli məmurlara dediyi sözlərdir.

2022-ci ilin sonuna doğru Belarus gerçəkdən Avropa İttifaqına (Aİ) ən çox (114 min ton) raps yağı satan ölkə idi.

Bəs hansı ölkə 2021-ci ildə Aİ-yə ən çox raps yağı satıb? Ukrayna.

Ukraynanın ixracatındakı azalmanın səbəbi bilinir

Mərkəzi və Şərqi Avropada Aqrar İnkişaf İnstitutunun (IAMO) bilgisinə görə, işğal, ərazilərin minalanması və hərbi əməliyyatlar nəticəsində Ukrayna əkinə yararlı torpaqlarının 18 faizə qədərini itirib.

2022-ci ildə Kreml Ukraynaya hücum zamanı Belarus ərazisindən də yararlanıb. Bu halda sual doğur: Belarusun aqrar inkişafında Ukraynanın işğalda olan torpaqlarının da payı varmı?

"Avrostat"ın bilgisinə görə, təkcə 2024-cü ilin ilk yarısında Aİ üzvü olan dövlətlər Belarusdan toplam dəyəri 67.7 milyon avro olan 90 min 400 ton raps yağı alıb. Bu, ölkənin bütün 2021-ci il ərzində ixrac etdiyi yağdan təxminən dörd dəfə çoxdur.

AzadlıqRadiosu Ukrayna xidmətinin "Sxemı" qrupunun media tərəfdaşları ilə birgə araşdırması Belarusun ən iri raps yağı emalı müəssisələrinin Rusiya işğalındakı Ukrayna ərazilərindən toplanan xammaldan yararlandığını və yekun məhsulu rahatca Aİ-yə satdığını üzə çıxarıb.

2024-cü ilin ilk yarısında Aİ Belarusdan toplam dəyəri 67.7 milyon avro olan 90 min 400 ton raps yağı alıb.

Araşdırma nəticəsində eyni şirkətin Latviya və Polşa vasitəsilə Litvaya da raps yağı satışını davam etdirdiyi bilinib. Halbuki, Rusiya Ukraynaya qarşı hücuma başlayandan bəri Litva Belarus istehsalı olan qida məhsullarının idxalını yasaqlayan, hələlik, tək Aİ ölkəsidir.

Əgər Ukraynanı bəzən "dünyanın çörək səbəti" adlandırırlarsa, ölkənin cənubunda yerləşən Xerson bölgəsinə də "Ukraynanın çörək səbəti" deyirlər.

Müharibənin ilk həftələri ərzində Rusiya ordusu Xerson bölgəsində bir neçə rayonu ələ keçirdi. Tezliklə yeni işğal administrasiyasının nəzarəti altında kənd təsərrüfatı məhsullarının qanunsuz ixracına başlandı. Ötən ilin avqustunda, "Sxemı" Rusiyadan sızan bilgi sayəsində Xersonda toplanan külli miqdarda taxılın Belarusa daşındığını üzə çıxarıb.

Sızan bilgilərə görə…

2023-cü ildə Rusiya şirkətləri 5 min tona yaxın raps yağını Belarusa daşıyıb. Bu şirkətlərin arasındakı "Torqtreyd" şirkəti Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın İsayev ailəsinə bağlıdır. "Aqrotreyd" adlı başqa bir şirkətsə Rusiyanın hakim "Vahid Rusiya" partiyasının Krımın Yalta şəhərindəki yüksəkvəzifəli məmuru olmuş Anton Tixomirova bağlıdır.

Maksım Savçukun "Sxemı" və Belarus Araşdırma Mərkəzinin materialları əsasında hazırladığı yazıda deyilir ki, digər daşımaları Moskvada yerləşən "Veles-Aqro" və Barnaul şəhərindən olan Aleksey Lukyançenko gerçəkləşdirib.

Rusiya tərəfindən işğal olunmuş Xersondan raps daşıyan şirkətlər

Araşdırmaçı jurnalistlər Belarusda, azı, beş şirkətə Rusiya işğalı altında olan Xerson bölgəsindən raps yağı çatdırıldığını üzə çıxarıblar.

Bu şirkətlərdən biri olan "Aqroprodukt" iri raps yağı istehsalçısı və ixracatçısıdır.

Moskvanın hücumuna yardım göstərdiyi üçün Qərbin sanksiyaları olsa da, Ukraynanın avropalı müttəfiqləri Belarusun qida məhsulları ixracatını hədəf almayıblar.

Ancaq Litva 2024-cü ilin iyununda Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına qadağa qoyub. Bu addım "Litvanın milli güvənliyinə təhlükə yaradan dövlətlərin iqtisadiyyatının zəiflədilməsi" tədbirlərinin bir bölümüydü.

Bu qadağanın ciddi önəmi vardı, axı Litva və Latviya Belarusun istehsal etdiyi raps yağının Aİ içərisindəki əsas idxalatçılarıydı. "Aqroprodukt" şirkəti 2024-cü il boyunca bu iki ölkənin hər birinə 50 min tonadək raps yağı göndərib.

"Sxemı"nın jurnalistləri "Aqroprodukt"un yol-göndəriş sənədlərini görüblər. Bu sənədlərdə məhsulun mənbəyi kimi "Rusiya Federasiyasının Xerson bölgəsi" göstərilib. Söhbət Ukraynanın Rusiya işğalı altında olan Xerson bölgəsindən gedir.

"Aqroprodukt" yalnız raps yağı istehsalçısı deyil

Bu şirkətin 70 faizinə Belarusun "Tranzit-Avto 2003" şirkəti nəzarət edir. 2023-cü ilin yanvarında Ukrayna bu şirkətə qarşı sanksiya tətbiq edib. Ukrayna Prezidenti Volodımır Zelenski həmin əmrlə bağlı açıqlamasında bu cəza tədbirinin aqressor dövlətin hərbi avadanlıq və əsgərləri dəmiryolla daşımaq üçün istifadə etdiyi fiziki və hüquqi şəxslərə qarşı yönəldiyini deyib.

"Tranzit-Avto 2003"ün Rusiya əsgərləri və hərbi avadanlığını hansı şəraitdə daşıdığı bilinmir. Ancaq "Aqroprodukt" və onun aid olduğu şirkətin Lukaşenko rejimi ilə bağlantısı bilinir.

Di gəl, "Aqroprodukt"un özünə qarşı nə Avropa, nə də Ukrayna hər hansı sanksiya tətbiq edib. Bu o deməkdir ki, şirkət həm Aİ-yə yağı sata, həm də Avropa və Ukrayna fermerlərindən xammal satın ala bilər.