Ukraynada Avropa qoşunlarının olması nə dərəcədə real görünür?

Litva-Almaniya hərbi təlimləri

Son günlər Ukraynadakı savaşı bitirməklə bağlı diplomatik səylərin artması fonunda Avropada oraya sülhüqoruma qüvvələrinin göndərilməsindən daha çox danışmağa başlayıblar.

Müharibədən sonra Ukraynanın güvənliyinin təmin edilməsi üçün Avropa qoşunlarının göndərilməsi ideyasını ilk dəfə bir il öncə Fransa prezidenti Emmanuel Makron dilə gətirsə də, o zaman ekspertlərin çoxu bu fikri ciddi saymamışdı.

Ancaq AzadlıqRadiosunun müxbiri Rey Förlonq qələmə aldığı yazıda bu fikrin dəyişdiyinə diqqət çəkib.

"Bosniya fiaskosu"

ABŞ-nin Ukrayna üzrə ayrıca nümayəndəsi Kit Kelloqun Ukraynanın gələcəyinə dair danışıqlarda Avropanın masa arxasında olmayacağı haqda dedikləri Avropa liderlərini çox düşündürür. Fevralın 18-də Ukraynaya dair Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqları gərginliyi daha da artırıb.

Niderlandın baş naziri Dik Sxof deyib ki, avropalılar hansı töhfəni verə biləcəklərini razılaşdıranda "bu yolla biz masa arxasında yer tutacağıq".

"Bu, avropalılar üçün çətin iş olacaq. Ancaq Rusiyanın NATO-nu təhdid etməsinin qarşısı Ukraynada alınmalıdırsa, bundan qaçmaq mümkün deyil", - 2018-ci ilədək NATO-da bir sıra yüksək vəzifə tutmuş Ceyms Şi belə deyib. Onun sözlərinə görə, "hamar rotasiyalı" 150 minlik qoşun üçün 50 minədək avropalı əsgər tələb oluna bilər.

Fevralın 17-də Parisdə keçirilən danışıqlarda bu məsələyə aydın baxış əldə edilməsə də, ancaq müzakirə artıq başlayıb. Britaniyanın baş naziri Kir Starmer gələn həftə ABŞ prezidenti Donald Trampla baş tutacaq görüşü ərəfəsində bu layihəyə siyasi kapital yatırıb. Starmer onu da deyib ki, bu missiya üçün Vaşinqtonun da iştirakı tələb olunacaq. O, ABŞ-nin dəstəyindən danışarkən hava gücünü ayrıca vurğulayıb. 1990-cı illərdə Balkanlarda gedən müharibələr zamanı NATO-nun sözçüsü olmuş Şi bunun potensial problemə yol aça biləcəyini deyib: "Avropalılar 1990-cı illərin əvvəllərində baş verən Bosniya fiaskosunu unutmazlar. O zaman avropalılar quruda idilər və havada güvənli ortamda olan amerikalılar tərəfindən daim tənqid edilirdilər".

Emmanuel Makron və Kir Starmer

Britaniya hazır deyil?

Qoşunların göndərilməsinə dair Starmerin söylədikləri xəbər başlıqlarına çıxıb. Di gəl, Britaniyanın məhdud hərbi imkanları barədə ciddi mütəxəssis rəyləri də mətbuatın diqqətini çəkib. Onların arasında Britaniya ordusunun keçmiş rəhbəri Riçard Dannatın açıqlaması da var.

2001-ci ildən bəri, əsasən, terrora və qiyamlara qarşı əməliyyatlara fokuslanan Britaniya ordusu son onillikdə ciddi çətinliklərlə üzləşib. Ötən ilin sentyabrında dərc edilən parlament hesabatında deyilir ki, Britaniya Rusiya təhlükəsinə dirənməyə hazır deyil.

İyul ayında Starmerin özü Britaniya silahlı qüvvələrinin "içəridən oyulduğunu" söyləyib.

Avropanın digər böyük hərbi gücü olan Fransa ordusu sayına görə Britaniya ordusundan böyük olsa da, illərlə Afrikanın müxtəlif yerlərində döyüşlərə qatılmalı olub. Fransalı ekspertlər onun Ukraynadakı kimi daha yüksək intensivlikli münaqişələrdə iştirak qabiliyyətinə şübhə etdiklərini deyiblər.

"Bizim, sadəcə, altı uzunmənzilli raketatıcımız qalıb. Bizim dronlara qarşı durmağa gerçək imkanlarımız yoxdur", - Fransa Beynəlxalq Münasibətlər İnstitutundan Leo Peria-Penye noyabrda belə deyib.

Danışıqlar kimi bezdirib?

İsveç və Niderland bəlli şərtlər daxilində qoşun göndərməyə hazır olduqlarını dilə gətirib. Ancaq böyük orduya sahib Polşa belə bir niyyətinin olmadığını bildirib.

Paris danışıqlarını erkən tərk edən Almaniya kansleri Olaf Şolts "vaxtından əvvəl" aparılan danışıqların onu bezdirdiyini deyib.

Almaniyada keçirilən rəy sorğularının nəticələri fevralın 23-də keçiriləcək federal seçkilərdə Şoltsun yeniləcəyini göstərir. Ancaq yeni koalisiya hökumətinin yaradılmasına dair danışıqlar getdiyi müddətdə o, daha bir neçə ay öz postunda qalacaq. Əlbəttə, o, seçki gerçəkləşəndən sonra Almaniya qoşunlarının Ukraynaya göndərilməsi fikrini dəstəkləməyə meyllənə də bilər.

Almaniyanın əsas müxalifət partiyası olan Xristian Demokrat Partiyasını təmsil edən millət vəkili Yurqen Hartd AzadlıqRadiosuna alman əsgərlərinin BMT bayrağı altında Ukrayna torpağında olmasını təsəvvür edə bildiyini deyib. Almaniyanın növbəti hökumətinə Hartdın partiyasının liderlik edəcəyi ehtimalı yüksəkdir.

"BMT qətnaməsi əsasında sülh sazişi əldə olunarsa və beynəlxalq qüvvələrdən sülhü təftiş etmələri və sülhə töhfə vermələri istənilərsə, mən Almaniyanın hərbi rolunu istisna etmirəm", - Hartdın sözləridir.

"Sülhqoruma missiyaları ilə bağlı ənənəvi problem onların BMT qərarlarına bağlı olmasıdır. Bu da o deməkdir ki, Rusiya istədiyi vaxt bu qərara veto qoya, yaxud missiyaya xitam verə bilər", - 2021-2024-cü illərdə Moldovanın xarici işlər naziri olmuş, hazırda Avropa Xarici Əlaqələr Şurasının fəxri tədqiqatçısı Niku Popesku ötən ay AzadlıqRadiosuna belə deyib.

"Qorxu oxu"

Rusiya BMT Təhlükəsizlik Şurasının veto haqları olan daimi üzvüdür.

O zaman Popesku əksər müzakirələrin sülhü qorumağa deyil, çəkindirici qüvvə üzərində fokuslandığını deyirdi. C.Şi də bu fikirlə razıdır.

Məsələnin siyasi tərəfi də vacib amildir. Qərbi Avropada aparılan rəy sorğuları əhalinin Ukraynaya qoşun göndərilməsini dəstəkləmədiyini dəfələrlə göstərib.

Belə kontingentin hətta dinc missiya üçün göndərilməsinin çox böyük riskləri olardı.

"Bunu ictimaiyyətə satmaq çətin olacaq… Qərbdən şərqə getdikcə mənim "qorxu oxu" adlandırdığım şeylə qarşılaşırsınız. Şərqiavropalılar bunu çox aydın hiss edirlər. Qərbə doğru getdikcə bu o qədər də aydın hiss olunmur", - İsveç Müdafiə Tədqiqat Agentliyindən Niklas Qranholmun sözləridir.