Tramp Zelenskini 'seçkisiz diktator' adlandırıb

Donald Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini yenidən sərt tənqid edərək onun fəaliyyətini "uğursuz" adlandırıb və deyib ki, əgər o istəsəydi, Ər-Riyadda Rusiya ilə danışıqlara qatılardı.

Tramp "Truth Social" platformasında Zelenskini "seçkisiz diktator" adlandırıb və onu tez hərəkət etməsə, ölkəsinin yox olacağı barədə xəbərdar edib.

Mayamidəki çıxışında isə Tramp iddia edib ki, Zelenski müharibə üçün ayrılmış Amerika yardımını məqsəddən kənar istifadə edib və əvvəlki prezident Co Bayden administrasiyasından sui-istifadə edib.

Bundan əvvəl o, "Truth Social" platformasında "Zelenski, yəqin ki, bol və asan gələn yardım axınının davam etməsini istəyir" yazaraq, Qərbin yardımına işarə edib.

ABŞ prezidentinin açıqlamaları Almaniya kansleri Olaf Şolts və xarici işlər naziri Annalena Berbok da daxil olmaqla, Avropa liderlərinin tənqidlərinə səbəb olub. Şolts diktator ittihamını "yanlış və təhlükəli" adlandırıb, Berbok isə Avropada "diktatura şəraitində yaşayan" insanların Rusiyada və Belarusda olduğunu söyləyib.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 19-da "The Daily Mail" ilə müsahibədə Zelenskinin Trampa qarşı tənqidinin əks təsir göstərəcəyi barədə xəbərdarlıq edib: "Zelenski fikirləşir ki, Trampı mediada ləkələməklə onun fikirlərini dəyişə biləcək. Prezidenti tanıyan hər kəs bilir ki, bu, indiki administrasiya ilə işləməyin iyrənc yoludur".

Volodimir Zelenski

19 fevral

Zelenski: 'İndi alınmayacaq'

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Kiyevi müharibədə günahlandırmasına cavab verib.

Fevralın 19-da mətbuat konfransında danışan Ukrayna dövlət başçısı bildirib ki, Rusiyadan çoxlu dezinformasiyanın gəldiyini görür.

"Təəssüf ki, prezident Tramp... bu dezinformasiya köpüyündə yaşayır", –o bildirib.

Zelenski həmçinin onun populyarlıq reytinqinin 4 faiz olduğu iddialarını Rusiya dezinformasiyası kimi rədd edib və Rusiyanın müharibə müddətində onu əvəz etmək cəhdlərinin uğursuz olacağını bildirib.

"Heç vaxt populyarlıq reytinqləri, xüsusilə də özümün və ya digər liderlərin reytinqləri haqqında şərh vermirəm", - deyən Zelenski ən son sorğunun 58 faiz ukraynalının ona güvəndiyini göstərdiyini qeyd edib.

"Beləliklə, əgər kimlərsə məni indi əvəz etmək istəyirsə, bu, baş tutmayacaq. 4 faizdən danışarkən, bu dezinformasiyanı görürük və başa düşürük ki, bu, Rusiyadan gəlir", –o əlavə edib.

Ukrayna dövlət başçısının bu şərhi Trampın Zelenskinin Ukraynada 4 faizlik reytinqə sahib olduğu iddiasından sonra gəlib.

Prezident Zelenski mətbuat konfransında bu müharibədə Rusiyanın "günahkar tərəf" olduğunu vurğulayıb.

"Yəqin ki, hər şeyi razılaşmalarla həll edə biləcəyinizi düşünürsünüz. Bu, mümkünsüzdür. Ukraynada heç kim Putinə inanmır. Bizə aydın təhlükəsizlik zəmanətləri lazımdır", - o deyib.

"Kit Kelloq (ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi) bunu bu gün görməlidir... Gəlsin, Kiyevə və digər şəhərlərə getsin. Paytaxtın 20-30 faizi yoxdur, çünki müharibədə məhv olub", - Zelenski bildirib.

O, ABŞ rəsmisinə çıxıb sadə ukraynalılarla danışmağı və onlara Trampın şərhləri barədə nə düşündüklərini soruşmağı təklif edib: "Qoy insanlarla danışsın. Öz prezidentlərinə inanırlarmı, yoxsa Putinə? Gəlsin, Tramp haqqında soruşsun, insanların Trampın açıqlamalarından sonra nə düşündüklərini soruşsun. Sadəcə insanlarla danışmaq vacibdir. Qoy hara getmək istədiyini özü seçsin. Onun burada səfiri var. Öz gözləri ilə baş verənləri görməsi vacibdir. Sonra mən ön cəbhəyə onunla getməyə hazıram. Gəlsin, hərbiçilərlə danışsın".

Donald Tramp

18 fevral

Tramp Ukraynada seçkilərə çağırır

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni bitirmək üçün razılaşmaya nail olunacağına "daha çox əmin" olduğunu bildirib.

Tramp bunu ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların başa çatmasından sonra şərh verərkən deyib.

"Hesab edirəm ki, bu müharibəni bitirmək gücüm var", –Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

O, bu ay Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini qeyd edib və Avropanın Ukraynaya sülhməramlı qoşun göndərmək ideyasına qarşı olmadığını bildirib. Bu ideya fevralın 17-də Parisdə keçirilən sammitdə müzakirə olunub.

"Əgər onlar bunu etmək istəyirlərsə, mən tam dəstək verirəm", –Tramp bildirib. Lakin prezident Tramp əlavə edib ki, ABŞ-nin Ukraynaya təhlükəsizlik təminatı vermək məqsədilə göndəriləcək hər hansı qoşun kontingentində iştirak etmək planı yoxdur.

"Bunu gərək heç vaxt başlatmayaydınız"

O, həmçinin rəsmi Kiyevin Səudiyyə Ərəbistanındakı danışıqlardan kənarda qalması ilə bağlı narahatlığını rədd edib. Tramp deyib ki, əgər o, 2022-ci ildə prezident olsaydı, Rusiyayla razılaşma əldə edərək işğalın qarşısını ala bilərdi.

"Bu gün eşitdim ki, 'eh, biz dəvət olunmamışıq.' Yaxşı, sizə üç il idi ki, yer verilmişdi, hətta ondan da əvvəl", –Tramp Ukraynaya istinad edərək bildirib. "Bunu gərək heç vaxt başlatmayaydınız. Razılaşma əldə edə bilərdiniz".

Tramp nə demək istədiyini açıqlamayıb, lakin o, tez-tez müharibəni Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə əlaqələndirir.

Tramp əlavə edib ki, Ukrayna seçkilər keçirməlidir. "Bu, Rusiya ilə bağlı məsələ deyil, bu, məndən və digər bir çox ölkələrdən gələn bir çağırışdır".

Lakin Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini qadağan edir. Ölkədə hərbi vəziyyət rejimi Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlaması ilə tətbiq olunub və dəfələrlə uzadılaraq bugünə qədər qüvvədə qalır.

Ukrayna prezidenti Volodimir Zelenskinin beşillik müddəti martda keçiriləcək seçkilərdən sonra 2024-cü ilin mayında başa çatmalı idi.

Putin isə daha əvvəl Zelenski ilə danışıqlar aparmayacağını bildirib, çünki onun sülh sazişinə imza atmaq səlahiyyətinin olmadığını iddia edib.