Bu həftə də ölkədə ictimai və siyasi fəalların bəzilərinə cəza istənildi. Daha bir jurnalist saxlanıldı. "BBC Azərbaycanca" fəaliyyətini dayandırdığını açıqladı.
Fevralın 19-da prokuror Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 10 il həbs cəzası istədi. Daha öncə də bir neçə dəfə həbs cəzası çəkmiş, yerli və beynəlxalq insan haqları qurumlarının siyasi məhbus kimi tanıdığı T.Yaqublu ittihamları "yalan" adlandırır. "Mən təqsirsiz olmağımla bağlı başqa nə sübut gətirim?! Hətta Somalidə, Şimali Koreyada belə hakimlərin qarşısına bu qədər sübut qoyulsaydı, onlar məni həbsdə saxlamağa xəcalət çəkərdilər", - o, məhkəməsində deyib. Siyasi fəal onu da əlavə edib ki, nə qədər cəza kəsiləcəyindən asılı olmayaraq, ittiham hökmü çıxarılsa, dərhal quru aclığa başlayacaq.
+++
İctimai fəal, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucova isə 7 il həbs cəzası istənilib. O da T.Yaqublu kimi 1 il 2 aydır həbsdədir. M.Orucov narkotiklə bağlı maddə ilə ittiham edilir, özü isə narkotikin ona aid olmadığını deyib. "İşçi Masası"nın bəzi üzvləri də həbsdədir, onlar məhz işçilərin hüquqlarını müdafiə etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.
+++
Bu həftə "MeydanTV işi" ilə bağlı daha bir jurnalist – Nurlan Qəhrəmanlı saxlanıldı, barəsində 1 ay 17 gün həbs-qətimkan tədbiri seçildi. İstər MeydanTV, istərsə də son 15 ayda digər müstəqil media orqanları ilə əlaqədar saxlanılan, qaçaqmalçılıq və digər maddələrlə ittiham olunan jurnalistlər və fəallar özlərini günahkar bilmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
+++
Elə media eksperti Ələsgər Məmmədli də deyir ki, təsisçisi olduğu "ToplumTV"yə açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və "məhkəmədə azacıq ədalət olarsa, bütün ittihamları puç edəcəyinə inanır". Ə.Məmmədli 11 ay davam edən istintaq müddətində həbsinin qanunsuz olmasına etiraz olaraq heç bir ifadə verməyib.
+++
Hökumətyönlü media bu arada yenə də "ToplumTV işi" çərçivəsində istintaq sirlərini yaymaqla məşğul oldu. AzadlıqRadiosu bir müddət öncə "Qanuni doğru" verilişində istintaq sirlərinin hökumət mediasına necə yol tapmasını araşdırmışdı, bu tip məlumatları məhz istintaqın yaydığı fikirləri səslənmişdi. Yerli qanunvericilik isə ibtidai istintaq məlumatlarının yayılmasını qadağan edir.
+++
Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan hökumətini səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.
İnsan haqları qurumu bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür, qadın jurnalistlər də bunun ağır bədəlini ödəyiblər. Bəyanatda hazırda həbsdə olan qadın jurnalistlərin, o cümlədən "ToplumTV işi" ilə bağlı saxlanılmış Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərinin olduğu vurğulanır.
Növbə "BBC Azərbaycanca"ya çatdı
Bu həftə "BBC Azərbaycanca" Azərbaycanda fəaliyyətini dayandırdığını, hökumətdən şifahi göstəriş aldıqdan sonra ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul etdiyini bildirib. XİN isə məsələni siyasiləşdirməməyə çağırıb, oxşar qərarın bəzi digər media qurumları ilə bağlı da verildiyini açıqlayıb. Ötən həftə hökumətyönlü media yazırdı ki, "BBC Azərbaycanca" və Rusiyanın "Sputnik Azərbaycan" media orqanının əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələb olunub.
"BBC Azərbaycanca" ölkədə tənqidi, fərqli fikirlərə yer ayıran azsaylı media orqanlarından biridir. Ötən il növbədənkənar keçirilən prezident və parlament seçkilərində "karusel" və digər seçki pozuntularını işıqlandırıb.
Ötən həftə "Turan" İnformasiya Agentliyi, daha öncə isə "Toplum TV" internet televiziyası fəaliyyətini dayandırıb, biri bunu maliyyə çətinlikləri, digəri təzyiqlər, əməkdaşlarının həbsi ilə izah edib. Avropa Parlamenti dekabrda Azərbaycanı müstəqil mediaya gərəksiz məhdudiyyətləri qaldırmağa, QHT-lər və media qanunvericiliyini Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmağa çağırır, MeydanTV, ToplumTV, AbzasMedia, Kanal13-ə repressiyanı dayandırmağı tələb edirdi. AŞPA isə yanvarda rəsmi Bakını "repressiv" təqibləri dayandırmağa çağırıb.
Müxalif düşüncənin bədəli və ya "doğru söz yerdə qalsın"
AzadlıqRadiosu ölkədə müxalif düşüncəyə görə cəzalandırılan şəxslərin yaşadıqlarına işıq salıb. Müsavat fəalı Əlikram Xurşidov deyir ki, bir prezidenti, bir daxili işlər nazirini tənqid etmək olmaz, son dövrlər bəzən fəalların gecə saxlanmasının səbəbi isə əhalidə xof, qorxu mühiti yaratmaqdır.
+++
Bu il Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatın 150 illiyi qeyd olunacaq, bu münasibətlə yubiley medalı da təsis olunub. Belə bir dönəmdə ölkədə azı 20 jurnalist həbsdədir, müstəqil media orqanlarının meydanı getdikcə daralır, tənqidi səslər susdurulur, dövlətçiliyə kölgə salmaqda suçlanırlar.
"Əkinçi" qəzetinin naşiri H.Zərdabinin vaxtilə ümidlə gözlədiyi doğru yolun nə zaman aşkar olacağı isə bilinməz qalır:
"...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə 10 qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənçiliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar".