Keçid linkləri

2025, 20 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:50

'Sputnik Azərbaycan' hədəfdə


"Sputnik"
"Sputnik"

Bu həftə Azərbaycanla Rusiya arasında səngiməyən gərginlik, ölkədə müstəqil media orqanlarının bir-birinin ardınca sıradan çıxmasından danışırıq.

Bakı ilə Moskva arasında Rus Evi ilə bağlı qalmaqal bu həftə sanki pikə çatdı, əvvəl yerləşdiyi binadan adı söküldü, daha sonra tamamilə bağlanması barədə yerli mediada xəbərlər, görüntülər yayıldı. Həftənin əvvəlində isə Rusiya Dövlət Dumasının üzvü Nikolay Valuyevin Azərbaycana girişinin yasaqlandığı açıqlandı. XİN onun Azərbaycana qarşı "təhdid xarakterli" fikirlərini "tamamilə qəbuledilməz" adlandırdı. Valuyev Rus Evindən danışarkən Rusiyadakı diasporun daha çox pulla bağlı olduğunu, bunun da heç də həmişə qanuni olmadığını demişdi.

Həftənin diqqət çəkən daha bir olayı "Sputnik-Azərbaycan"ın Azərbaycandakı fəaliyyətinin dayandıralacağı barədə xəbərlər oldu. Hökumətyönlü media orqanları elə hökumətdəki mənbələrə istinadla yazdılar ki, "Sputnik-Azərbaycan"ın redaksiyası bağlanacaq, Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Eyni paritet yanaşmanın "BBC Azərbaycanca"ya da tətbiq ediləcəyi bildirilir.

Rus Evi qalmaqalı ilə eyni vaxtda yerli media Rusiyanın casus şəbəkəsinin də ifşa olunduğunu yazdı. Bu zaman bəzi müxaliffikirlilər ""Sputnik-Azərbaycan" da qapanacaqmı" sualını verirdilər.

Maraqlıdır ki, bu xəbərlərdən öncə yerli mediada "Sputnik-Azərbaycan"ın sırf təbliğat məqsədilə ilə fəaliyyət göstərdiyi, bəzi hallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığı, Moskvanın buna göz yumduğu vurğulanırdı. Oxşar fikirləri tənqidçilər illər öncə səsləndirirdilər.

AzadlıqRadiosunun "Əslində" proqramı Rus Evinin Azərbaycanda qeydiyyatsız fəaliyyətinə niyə indi reaksiya verildiyini araşdırıb. Rusiya Dumasının keçmiş deputatı, hazırda mühacirətdə olan Gennadi Qudkov deyib ki, Azərbaycan və Rusiya kimi ölkələrdə hətta liderlər səviyyəsində şəxsi narazılıqlar olsa belə, onlar diktatura olduqlarına görə bir yerdədirlər. Onun fikrincə, Əliyevlə Putinin birliyinin Qafqaz üçün acı nəticələri olacaq.

Jurnalistləri ev dustaqlığına buraxmadılar

Bu həftə qaçaqmalçılıq və başqa ittihamlarla saxlanan tənqidçi jurnalistlərin ev dustaqlığına buraxılmaqla bağlı iddiaları təmin olunmadı. "MeydanTV işi" üzrə saxlanmış jurnalist Ramin Deko, "ToplumTV işi" üzrə saxlanmış Şahnaz Bəylərqızı barəsində həbs-qətimkan tədbiri dəyişmədi.

Ş.Bəylərqızının ev dustaqlığına buraxılması üçün gələn həftə məhkəməyə müraciət olunacaq. Vəkil Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, jurnalistin saxlanma şəraitindən şikayəti yoxdur. Xüsusən səhhətindəki problemlərə görə ona həssas davranılır: "Kəskin hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Xəstəliklərindən əlavə, məktəbyaşlı iki uşaq anasız qalıb. Heç bir sübut olmadan həbs qərarı verilib".

+++

Son ayların qalmaqallı həbslərindən biri də ötən ilin iyulunda keçmiş diplomat Emin İbrahimovun xuliqanlıq və bədənə ağır xəsarət yetirmə ittihamı ilə saxlanması olmuşdu. O, məhkəməsində ittihamları "uydurma" adlandırıb və bu səbəbdən məhkəmədə ona verilən ittiham haqda danışmaq, özünü müdafiə etmək niyyətində olmadığını deyib.

'ToplumTV'dən sonra 'Turan' da işini dayandırdı

Ötən həftə ToplumTV, bu həftə isə "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdığını, yeni bir format üzərində işləyəcəklərini açıqladı. Agentliyin direktoru Mehman Əliyev bunu maliyyə çətinlikləri ilə əsaslandırıb, medianın iqtisadi dayaqlarının vurulmasının özü-özlüyündə siyasi təzyiq olduğunu deyib.

+++

Bu həftə Azərbaycanın Ermənistana qarşı Haaqadakı Daimi Arbitraj Məhkəməsində arbitraj işi üzrə iddia sənədi təqdim etdiyi açıqlandı. Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhvinə görə bu ölkədən tam təzminat tələb edir. Bir neçə ay öncə iki ölkə arasında sülh sazişinin imzalanmasından ötrü əsas şərtlərdən biri kimi bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddiaların geri götürülməsi də sadalanırdı. AzadlıqRadiosunun müsahibləri təzminat tələblərinin sülh danışıqlarına birbaşa dəxili olmadığını, sülh prosesinə ciddi təsir göstərməyəcəyini deyir.

XS
SM
MD
LG