"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Bu barədə fevralın 13-də "Turan"ın direktoru Mehman Əliyev agentliyin kollektivi adından müraciətində bildirib. Vurğulayıb ki, 30 ildən artıq bir müddətdə "Turan" müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv, etibarlı xəbərlər təqdim edib: "1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb".
O əlavə edib ki, indi qaçılmaz bir reallıqla üzləşiblər: "Daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. ...bizi uzun illər təqib edən maliyyə çətinlikləri, nəhayət, agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi".
Amma M.Əliyevin sözlərinə görə, bu, onların missiyalarının sonu deyil: "Əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları göstərən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır".
Bəs "Turan"ın yeni formatda oxucularla görüşü nə vaxt gerçəkləşəcək? M.Əliyev AzadlıqRadiosuna açıqlamasında dəqiq vaxt söyləməyib.
O, təzyiqlərlə bağlı suala isə belə cavab verib: "Medianın iqtisadi dayaqlarının vurulması özü-özlüyündə siyasi təzyiqdir".
"Turan" İA 1990-cı ildə, SSRİ-nin süqutundan bir il öncə yaradılmışdı. Azərbaycan onda hələ SSRİ tərkibində müttəfiq respublikalardan biri idi. 1990-cı illər Azərbaycanda yenidən müstəqil medianın yaranma dövrü kimi dəyərləndirilir.