ABŞ prezidenti Donald Tramp fevralın 12-si səhər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Məlumatı Tramp "TruthSocial" səhifəsində paylaşıb.
"Biz Ukrayna, Yaxın Şərq, energetika, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik. Hər ikimiz xalqlarımızın böyük tarixi haqqında fikir mübadiləsi apardıq", - deyə Tramp yazıb.
Amerika liderinin sözlərinə görə, tərəflər bir-birinə qarşılıqlı səfərlər barədə razılığa gəliblər: "Həmçinin razılaşdıq ki, müvafiq komandalarımız [Ukraynadakı müharibəni dayandırmaq üçün] dərhal danışıqlara başlasın".
Ukrayna üzrə danışıqlar prosesini aparmaq üçün Tramp dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və xüsusi elçi Stiv Uitkoff daxil olmaqla, yüksəkvəzifəli məmurlardan ibarət komanda təyin edib.
Kremlin sözçüsü Dmitri Peskov prezidentlərin söhbətinin təxminən saat yarım davam etdiyini bildirib. Onun sözlərinə görə, Putin Trampın Moskva və Vaşinqtonun birlikdə işləməli olduğu tezisini dəstəkləyib.
+++
D.Tramp rusiyalı həmkarı V.Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Daha əvvəl Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə "indi" zəng vuracağını bildirmişdi.
"Uzun söhbət idi. Sülhə nail olmaq imkanları haqqında... Skott Bessent ilə söhbətimizi və təhlükəsizlik, iqtisadi və resurs əməkdaşlığı ilə bağlı yeni sazişimizin hazırlanmasını müzakirə etdik", - Zelenski sosial şəbəkədə yazıb.
Pentaqon rəhbəri: Ukraynanın müharibədən əvvəlki sərhədlərinə qayıtması qeyri-realdır
ABŞ müdafiə naziri Pit Heqset Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını və Rusiya tərəfindən ilhaq edilmiş Krımın geri qaytarılmasını "qeyri-real" adlandırıb. O həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya-Ukrayna münaqişəsinin həllinin tərkib hissəsi kimi nəzərdən keçirilmir.
Heqset bu açıqlamaları NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müttəfiq ölkələrinin toplantısında edib. Pentaqon rəhbəri onu da vurğulayıb ki, Kiyev və Moskvanın hansı şərtlərlə atəşkəsə nail olmasından asılı olmayaraq, ABŞ Ukraynada öz qoşunlarını yerləşdirməyəcək və ABŞ ordusu regionda sülhün heç bir qarantiyasının hissəsi olmayacaq.
"Biz də sizin kimi Ukraynaya sülh və firavanlıq arzulayırıq. Ancaq başa düşməliyik ki, Ukraynanı 2014-cü ildən əvvəlki sərhədlərinə qaytarmaq hədəfi real deyil. Belə bir xəyali hədəfin dalınca qaçmaqla biz müharibə və iztirabları yalnız uzadacağıq", - nazir bildirib.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
Hazırda Ukrayna ərazisinin (603 min 628 kv.km) 20 faizindən çoxu işğal altındadır.