Tramp israfçılıqla mübarizəyə görə İlon Maskı tərifləyir

İlon Mask və Donald Tramp

ABŞ prezidenti Donald Tramp USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tənqidlərə baxmayaraq, milyarder işadamı İlon Maskı öz administrasiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etmə qərarını müdafiə edib.

Tramp yanvarın 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini məhdudlaşdırıb və üç ay müddətinə ABŞ-nin xaricə yardımlarını dayandırıb.

Tramp və Mask fevralın 18-də "Fox News"da yayımlanan ilk birgə televiziya müsahibəsində bu addımı müzakirə ediblər. Tramp USAID-in maliyyəsini dondurmaq qərarını əvvəlki Bayden administrasiyasının çox xərcləməsi, bu xərclər arasında Birləşmiş Ştatların maraqlarına xidmət etməyən xarici yardımların olması və büdcə kəsirinin artması ilə əlaqələndirib.

Müsahibə daha çox Trampın dünyanın ən zəngin adamı Mask ilə münasibətinə və niyə onu DOGE-yə rəhbər təyin etməsinə fokuslanıb.

"Bir çox işadamını tanıyıram, amma onların hamısı mütləq yaxşı insanlar deyil", –Tramp bildirib. O deyib ki, Mask ölkənin yaxşı vəziyyətdə olmasını istəyən "böyük" insandır.

Prezidentin sözlərinə görə, DOGE hökumət israfçılığını, saxtakarlığı və sui-istifadəni aradan qaldırıb, amerikalı vergiödəyicilərin milyonlarla dollarını xilas edib.

Trampın yanvarda baş tutan andiçmə mərasimindən bəri DOGE hər bir nazirlikdə yoxlamalar apararaq federal hökumətin ölçüsünü kiçiltmək və xərcləri azaltmaq məqsədilə minlərlə hökumət işçisini işdən çıxarıb.

"Məqsəd kəsirdən bir trilyon dollar çıxarmağa çalışmaqdır" deyən Mask Trampın hakimiyyətə gəldiyi zaman iki trilyon dollarlıq büdcə kəsiri ilə üzləşdiyini iddia edib.

Tramp müsahibədə bildirib ki, Mask ondan öz şirkətləri üçün – xüsusən ABŞ hökuməti ilə bir neçə müqaviləsi olan "SpaceX" və elektrikli avtomobillərin təşviqi məqsədilə ABŞ subsidiyalarından faydalanan "Tesla" üçün heç nə xahiş etməyib.

Mask isə əgər öz şirkətləri ilə əlaqəli bir vəziyyətlə üzləşsə, özünü bu məsələdən kənarlaşdıracağını bildirib. Tramp isə əlavə edib: "Əgər bir münaqişə yaranarsa, o, bu məsələyə qarışmayacaq".