Hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, 13 milyon 331 min manat artıq, əsassız ödənişlər aşkar edilib.
Bu məlumat Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2024-cü il fəaliyyəti ilə bağlı açıqlamasında yer alıb.
Xidmət bildirir ki, yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib.
Əlavə edilir ki, ötən il həmçinin iş planına əsasən 38 (ümumilikdə 100) təşkilatda yoxlamalar aparılıb. Vurğulandığına görə, bu yoxlamalarla da 6 milyon 360 min manat artıq və əsassız ödənişlər müəyyən edilib: "5 milyon 146.6 min manat hissəsinin təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib. Həmin nəzarət obyektlərindən iki təşkilat üzrə aşkar olunmuş 1 milyon 213.5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Baş Prokurorluğuna göndərilib".
Habelə bildirilir ki, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə 45 vəzifəli şəxsə 40.6 min manat cərimələr tətbiq edilib, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Məlumatda qurum və vəzifəli şəxslərin adları çəkilmir.
Dövlət Maliyyə Nəzarəti Xidməti bundan əvvəlki illərdə də oxşar açıqlamalarla çıxış edib. Amma müstəqil ekspertlər hesab edirlər ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda maliyyə pozuntuları ilə bağlı adekvat araşdırmalar aparılmır. Onların fikrincə, yoxlama və araşdırmalarda, əsasən, kiçik vəzifəli şəxslər cəzalandırılır, iri korrupsiya halları əhatə edilmir.