"Ekstremist" materialların yayılmasına görə inzibati ittihamla Minskdə həbs edilmiş bloqer Roza Babaxanyan (Bella) Belarusdan Ermənistana aparılıb. Bu barədə "Çiçəklənən Ermənistan" partiyasının lideri, işadamı Qaqik Tsarukyanın mətbuat katibi İveta Tonoyan məlumat verib.
Onun həbsi barədə məlumat fevralın 15-də yayılıb. Bloqer Aleksandr Lapşin bildirib ki, o, Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilir: nifrətin qızışdırılması, müharibə təbliğatı, adam öldürmə və ya sağlamlığa zərər vurma hədəsi, dövlət məmuruna böhtan atma və təhqir etmə. Lapşin onun Azərbaycan hakimiyyətinə təhvil verilə biləcəyini bildirib.
Ermənistanın Belarusdakı səfirliyindən "Mediazona"ya bildirilib ki, Lapşinin məlumatı həqiqətəuyğun deyil.
"Reform" yazır ki, bloqer Babaxanyan Belarusa məxsus "EW-301PJ" nömrəli hökumət biznes təyyarəsi ilə gətirilib. Bu təyyarədən yüksəkvəzifəli məmurlar, eləcə də Lukaşenkonun oğulları - Viktor və Dmitri istifadə edir. Nəşrin yazdığına görə, onun azad olunması üçün öz əlaqələrini işə salan Tsarukyan Lukaşenko ilə yaxın əlaqələrə malikdir.
R.Babaxanyan son 27 ildə Belarusda yaşayıb. "Vyasna"nın məlumatına görə, onun Ermənistan və Belarus vətəndaşlığı var. O, bloqunda Azərbaycan hakimiyyətini tənqid edib.