Paşinyan referendum keçirib yeni konstitusiyanın qəbulunu zəruri sayır

Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var.

O, bu barədə fevralın 19-da telemüraciəti zamanı bildirib.

Baş nazir yeni konstitusiyanın qəbulunun strateji məqsədinin erməniləri "dövlətsiz xalq" statusundan çıxararaq dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi vacibdir, çünki "əvvəlki bütün konstitusiya referendumları, ən azı, ictimai rəydə ciddi legitimlik çatışmazlığından əziyyət çəkirdi".

Ədliyyə naziri istinadın çıxarılacağını istisna etmir

Yanvarda Ermənistanın ədliyyə naziri parlament seçkilərinə qədər yeni konstitusiyanın mətninin hazırlanacağını bildirib.

Ədliyyə naziri Surbuhi Qalyan Konstitusiyanın yeni mətninin preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını istisna etməyib. Baxmayaraq ki, ölkənin Konstitusiya Məhkəməsi delimitasiya normalarının konstitusiyaya uyğunluğu məsələsinə baxarkən qeyd edib ki, Əsas Qanunun preambulası, habelə 1-ci, 3-cü və 203-cü maddələr dəyişməz müddəalardır.

"Hələlik bu məsələ ilə bağlı yekun qərarımız yoxdur. Amma bu ifadənin mətndə olub-olmamasından asılı olmayaraq real həyatımızda heç nə dəyişməyəcək", - nazir bildirib.

Ermənistan müxalifəti iddia edir ki, baş nazir N.Paşinyan rəsmi Bakının tələbini təmin etmək üçün Konstitusiyanı dəyişdirmək qərarına gəlib. Müxalifətin bəzi deputatları vətəndaşları yeni konstitusiyanı boykota çağırıblar.

"Bu qondarma konstitusiyanı boykot etmək lazımdır: boykot et, get, əleyhinə səs ver, amma Əliyevin tələbi keçməməlidir", - müxalifət deputatı Artur Xaçatryan deyib.

Konstitusiyanın dəyişdirilməsi məsələsi Bakının tələbindən sonra Ermənistan hökumətinin gündəliyinə daxil olub.

Azərbaycan Ermənistan Konstitusiyasının preambulasında bu ölkənin Müstəqillik Bəyannaməsinə istinadı problemli hesab edir, çünki bəyannamədə Qarabağın Ermənistanla birləşməsi qeyd olunur. Ötən il Ermənistan Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığı barədə qərar qəbul edib. Lakin rəsmi Bakı tələbini davam etdirib və bunu sülh razılaşması üçün şərtlərdən biri adlandırıb.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.