Jurnalist Nurlan Libre həbs olunub

Nurlan Libre (Qəhrəmanlı)

Bu gün, fevralın 21-də Xətai rayon Məhkəməsində jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə bağlı istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onun "MeydanTV işi" ilə bağlı açılan cinayət işi üzrə həbs olunduğu bildirilir.

"MeydanTV işi"ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.

N.Qəhrəmanlının da ittihamı qəbul etmədiyi deyilir.

+++

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) fevralın 20-də Bakıda saxlanıb. Yaxınlarının vurğulamasına görə, onun Sumqayıtda yaşadığı evdə axtarış aparılıb.

+++

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən beşdən çox jurnalist ötən ilin dekabrında tutulub. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti hökuməti siyasi motivlərlə, haqsız saxlananları azad etməyə çağırır.