Yanvarda İranın cənub-şərqində saxlanılmış britaniyalı cütlük casusluqda ittiham edilir və Qərb kəşfiyyat xidmətləri ilə əlaqədə olmaqda günahlandırılır.
İranın ədliyyə qurumunun sözçüsü Əsgər Cahangir fevralın 18-də bildirib ki, "iki Britaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib". Onun sözlərinə görə, Kirman vilayətində saxlanılan bu cütlüyün düşmən və Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə bağlı gizli qurumlarla əməkdaşlıq etdiyi müəyyənləşib.
İran tərəfi bildirib ki, "şəxslər turist adı altında İrana daxil olub və araşdırma aparmaq adı altında ölkənin müxtəlif bölgələrində məlumat toplayıblar".
Ötən həftə Britaniya mətbuatı İranda saxlanılan britaniyalı cütlüyün adlarını açıqlamışdı. Onlar 50 yaşlarında olan Kreyq və Lindsi Formandır.
Britaniyalı cütlük ötən il dekabrın 30-da Ermənistandan İrana keçib. Dünya üzrə motosiklet səyahətinin bir hissəsi kimi onlar İranda cəmi beş gün qalmağı planlaşdırıbmış.
Böyük Britaniya Xarici İşlər Nazirliyi britaniyalı vətəndaşlara İrana səyahət etməmələrini tövsiyə edir.
"Təkcə Britaniya pasportunun olması və ya Birləşmiş Krallıqla əlaqələr İran hakimiyyətinə sizi həbs etmək üçün kifayət qədər səbəb verə bilər", - XİN-in rəsmi xəbərdarlığında bildirilir.