Ermənistanda Aİ missiyasının rəhbəri: 'Sərhəddə sakitlikdir, ancaq tərəflər mövqelərini gücləndirir'

Markus Ritter

Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Missiyasının rəhbəri Markus Ritter bildirib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin hansı istiqamətində patrul üçün gedəcəklərini Bakıya əvvəldən xəbər verirlər.

"Bu o deməkdir ki, onlar hətta bizim hara getdiyimizi əvvəlcədən bilirlər. Bu, çox açıq və şəffafdır və biz heç bir kəşfiyyat işi ilə məşğul olmuruq", - o, "Armenpress" agentliyinə müsahibəsində deyib.

Rəsmi Bakı Aİ-nin Ermənistandakı Mülki Missiyasını casusluq və regional sabitliyə zərbə vurmaqda suçlayır.

Azərbaycan prezidenti İlham Əliyev yanvarda yerli televiziya kanallarına müsahibəsində Aİ-nin sözügedən missiyasını tənqid edib. O bildirib ki, daha əvvəl Aİ Ermənistana göndərdiyi Mülki Missiyanın mandatının iki ay sürəcəyini və 40-a yaxın nümayəndədən ibarət olacağını bildirsə də, sonradan bu razılaşmanı pozub: "Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər... Onlar yarıhərbi geyim, çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər".

Mülki Missiyanın rəhbəri M.Ritter onlarla bağlı səsləndirilən kəşfiyyat fəaliyyəti ittihamına belə cavab verib: "Biz burada olduğumuz ilk gündən indiyə qədər eyni şeyi edirik və heç vaxt fəaliyyətimiz dəyişməmişik. Biz sərhəd və Nəzarət Xətti boyunca açıq şəkildə patrul çəkirik. Sərhəddə haradasa görünsək də, hər zaman belə bir mövqedə qalırıq ki, hər iki tərəf də bizim orada olduğumuzu görə bilsin".

M.Ritter qeyd edib ki, Brüssel onlardan yalnız Azərbaycanı deyil, həm də Ermənistanı müşahidə etməyi tələb edir. "Biz yalnız Azərbaycan tərəfində nələr baş verdiyini yox, həm də Ermənistan tərəfində nələr baş verdiyini müşahidə edirik, çünki Brüssel bizdən sərhəddəki vəziyyətin necə olduğunu bilmək istəyir. Onlar yalnız Azərbaycanın etdiklərini bildirməyimizi istəmir. Ona görə də biz hər iki tərəfi müşahidə edirik. Buna görə də biz həmişə açıq şəkildə patrul çəkirik. Heç vaxt haradasa gizlənmirik".

Ritterin sözlərinə görə, hazırda sərhəddə vəziyyət sakitdir: "Hazırda heç bir hadisə baş vermir. Hər iki tərəf mövqelərini gücləndirir. Hər iki tərəf ən pisə hazır olmağa davam edir ki, bu da açıq-aşkar görünür. Lakin biz hal-hazırda heç bir gərginlik görmürük və bu vəziyyət bir aydır davam edir. Biz əminik ki, region yaxşı bir yolda irəliləyir".

Xatırlatma

Aİ Missiyası Ermənistan hökumətinin rəsmi müraciəti təməlində yaradılıb. Aİ-nin Ermənistandakı missiyası (EUMA) 2023-cü il fevralın 20-də qurumun Xarici İşlər Şurasının qərarı ilə fəaliyyətə başlayıb.

Yanvarın 29-da Aİ-yə üzv dövlətlərin nümayəndələri qurumun Ermənistanın Azərbaycanla sərhədi boyunca müşahidə missiyasının mandatının daha iki il uzadılması təklifini təsdiqləyiblər.