Həbsdə olan media eksperti Ələsgər Məmmədli təsisçisi olduğu "Toplum" İnternet Televiziyası ilə bağlı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və "məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır".
Bunu fevralın 18-də Ə.Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib".
Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün beş gün sərf edib.
"Deməsinə görə, 50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur", - N.Məmmədli bildirib.
Bu fikirlərə istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
19 dekabr
'Həbsxanada Ələsgər Məmmədlinin səhhəti pisləşib'
Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında "Toplum" İnternet Televiziyasının hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy halsız olub. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətlənib. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb".
N.Məmmədlinin əlavə etməsinə görə, Ə.Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır, son günlər ürəyində də problemlər yaranıb.
"10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib", - daha sonra o vurğulayıb.
Ə.Məmmədlinin yaxınları bundan əvvəl də bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.