Həbsdə olan keçmiş diplomat: 'Mən bu tamaşada rol almaq istəmirəm, ona görə özümü müdafiə etməyəcəyəm'

Emin Şaiq İbrahimov-keçmiş diplomat

Azərbaycanın ABŞ-dəki səfirliyində katib, Uruqvaydakı diplomatik missiyasında müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimov 7 aydır həbsdədir. Keçmiş diplomatın sözlərinə görə, onun cinayət törətmədiyini hər kəs, hətta işinə baxan hakimlər də bilir. O bu sözləri fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən elə hakimlər önündəcə dilə gətirib.

Məhkəmədə öncə prokuror ittiham aktını açıqlayıb. Orada göstərilib ki, 44 yaşlı keçmiş diplomatla bu işdə zərərçəkmiş qismində tanınan 38 yaşlı Kamal Şükürov bir-birini öncədən tanımayıblar. Ötən il iyulun 22-də onlar metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında küçədə gedərkən təsadüfən üz-üzə gəliblər. Bu zaman K.Şükürovun çiyni E.İbrahimova toxunub. Bundan əsəbiləşən keçmiş diplomat onu təhqir edib, sinəsindən yapışaraq ardından qarın nahiyəsindən bıçaqlayıb. Bu üzdən, ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddələriylə ittiham verilib.

"Bu iş başdan-ayağa uydurmadır"

İttihama münasibət bildirən E.İbrahimov orada yazılanları "uydurma" adlandırıb və bu səbəbdən məhkəmədə ona verilən ittiham haqda danışmaq, özünü müdafiə etmək niyyətində olmadığını vurğulayıb: "Bir var saxtalaşdırılmış işlər, bu isə başdan-ayağa uydurmadır. Hamı, siz hakimlər də bunu yaxşı bilirsiniz. Mən bu tamaşada rol almaq istəmirəm. Ona görə də bu işlə bağlı özümü müdafiə etməyəcəyəm. Sadəcə, müəyyən məsələlərə münasibət bildirəcəyəm".

E.İbrahimov ifadəsində son vaxtlar həbs olunan ictimai-siyasi fəallara dəstəyini dilə gətirib. Hakim Vüqar Quliyev bunu ona irad tutub. Keçmiş diplomat deyib ki, bu, gerçək məhkəmə deyil, tamaşadır, sonda da ona, azı, 8 il həbs cəzası veriləcək.

"Mənim işimə ədalətli baxmaq üçün rahatlığınızdan imtina etməlisiniz. Əsl hakim olmaq diktaturaya qarşı çıxmaqdır, sizdə bu cəsarət varmı? Bu gün mənə "Kamal Şükürovdan danış" demək məni təhqir etməkdir. Bu gün mənə qarşı cinayət baş verir və sizlər də bu prosesdə iştirak edirsiniz", - E.İbrahimov hakimlərə belə deyib.

K.Şükürov da məhkəmədə danışıb. O, hadisədən öncə E.İbrahimovu tanımadığını, iyulun 22-də yolda gedərkən təsadüfən çiyninin ona dəydiyini deyib. Buna söyüşlə reaksiya verildiyindən əlbəyaxa olublar. O, keçmiş diplomatın onu bıçaqla vurduğunu iddia edib: "Əlində bıçağı görmədim, amma birdən qarnıma istilik gəldi. Yerə çökdüm. Gördüm ki, qan axır. Özüm polisə də, təcili yardıma da zəng etdim".

K.Şükürov bir gün sonra xəstəxanada polisə izahat verdiyini desə də, iş materiallarında ondan Nizami rayon Polis İdarəsində izahat alındığı yazılıb.

Zərərçəkmiş E.İbrahimovla barışmadıqlarını da ifadəsinə əlavə edib: "Barışıq üçün heç bir addım atmayıb".

Keçmiş diplomatın məhkəməsi martın 12-də davam edəcək.

Xatırlatma

E.İbrahimov ötən il iyulun 22-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinə dayanaraq verilən ittihamda 11 ilədək həbs cəzası nəzərdə tutulub.

E.İbrahimov bildirib ki, evinə gedərkən bir nəfər qəfildən üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Dərhal sonra kənardan polislər hücum edib və onu saxlayıblar. Keçmiş diplomat saxlandıqdan sonra polis bölməsində telefonunun şifrəsini verməkdən ötrü işgəncələrə məruz qaldığını vurğulayıb.

E.İbrahimov 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb, ölkədə insanların hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayıb və belə bir vəziyyətdə işləmək istəmədiyini bildirərək, diplomatik xidmətdən azad olunmasını istəyib.

O, 2023-cü il sentyabrın 20-də də həbs edilib. Keçmiş diplomata İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsiylə 30 sutka həbs cəzası verilib. O zaman da E.İbrahimov bildirirdi ki, yayılması qadağan olunan heç bir informasiya yaymayıb. Onun sözlərinə görə, etik çərçivəni, qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşıb və buna görə cəzalandırılıb.