'BBC Azərbaycanca' fəaliyyətini 'könülsüz' dayandırır. XİN-dən reaksiya

BBC Azərbaycanca

Azərbaycan hökuməti "BBC News Azərbaycanca"nın Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib.

BBC-nin bu gün, fevralın 20-də yaydığı bəyanatında vurğulanır ki, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul edib.

Media qurumu qeyd edib ki, hökumətin tələbi şifahi şəkildə çatdırılıb, onlar Azərbaycan hökumətindən yazılı heç nə almayıblar və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıblar.

BBC-dən bildirilib ki, Bakıdakı jurnalist komandası işini dayandırsa da, Azərbaycan dilində xəbər verməyə davam edəcək.

+++

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old BBC-nin Bakıdakı ofisinin bağlanması ilə bağlı təəssüfünü ifadə edib.

"30 ildən artıq xidmətdən sonra BBC Azərbaycanca ofisinin bağlanması təkcə onların hər həftə artan 1 milyon nəfərlik auditoriyası üçün kədərli bir gün deyil. Müstəqil və peşəkar media cəhalət və dezinformasiyaya qarşı əsas müdafiə vasitəsidir", - Britaniya səfiri X səhifəsində yazıb.

XİN-dən reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BBC-nin açıqlamasını qəbuledilməz sayır. Nazirlik bildirir ki, məsələnin "siyasiləşdirilməsi", "təhrif olunması" təəssüf doğurur və qəbuledilməzdir.

Məlumata görə, BBC-nin Azərbaycandakı nümayəndəliyinin bağlanması ilə bağlı qərar fevralın 13-də XİN tərəfindən BBC-nin nümayəndələri ilə görüşdə rəsmi şəkildə çatdırılıb, BBC-nin Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı bildirilib.

"Nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və bir nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib", - nazirliyin sözçüsü Ayxan Hacızadə deyib.

Ötən həftə Azərbaycanda hökumətə yaxın mediada "BBC Azərbaycanca"nın fəaliyyətinin məhdudlaşdırılmasına dair xəbərlər yayılmışdı. Xəbərlərdə bu, "BBC Azərbaycanca" əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbi ilə izah olunub. Hökumətə yaxın mediada eyni tələbin "Sputnik Azərbaycan" (Rusiyanin media orqanı) qarşısında da qaldırıldığı iddia edilmişdi.

+++

Fransanın Azərbaycandakı səfiri Ann Buayon: " BBC-nin Azərbaycan dilində xidmət göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın göstəricisi idi. Bu, həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir".

BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən "BBC Azərbaycanca" radio yayımlarını durdurub.

Bundan sonra "BBC Azərbaycanca" onlayn fəaliyyətini genişləndirmişdi.

Xatırlatma

Bütün bunlardan öncə, hələ 2009-cu ildə Azərbaycan hökuməti AzadlıqRadiosunun FM tezliyindəki yayımını dayandırmışdı. 2014-cü ildə isə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onu bağlayıblar. 2017-18-ci illərdə də Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra, bir sıra media orqanları kimi, azadlıq.org saytına da Azərbaycandan giriş məhdudlaşdırılıb. Yerli məhkəmələr bunu qanunvericiliyə dəyişikliklər ilə əsaslandırıblar. Amma ötən il Avropa İnsan Hüquqları Məhkəməsi bunu Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı) maddəsində nəzərdə tutulmuş hüququn pozuntusu sayıb.