Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr olub

Ceyhun Bayramov Oleksandr Mişenkonu qəbul edir.

Bu gün, fevralın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) məlumatına görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

"Tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin... vacibliyini vurğulayıblar", - məlumatda əlavə edilib.

XİN habelə bildirir ki, eyni gündə onlar arasında siyasi məsləhətləşmələr olub: "Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib".

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.

Başqa tərəfdən, 2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" də imzalanıb. Bu sənəddə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs olunur.