Avropa Məhkəməsi Azərbaycanda ifadə azadlığının pozulduğunu tanıyıb

MTRŞ sədri Nuşirəvan Məhərrəmli mətbuat konfransında. 2006

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş Milli Televiziya və Radio Şurasının 2010-cu ildə "Obyektiv Radio"ya yayım hüququ verməkdən imtina etməsini ifadə azadlığının pozuntusu kimi dəyərləndirib.

""Obyektiv" Televiziya və Radio Yayım Şirkəti və başqaları Azərbaycana qarşı" işinin detallarına görə, ərizəçilər – "Obyektiv Radio", onun təsisçiləri Mehman Əliyev Emin Hüseynov, habelə "Alternativ Radio"nun təsisçisi Rəsul Cəfərov 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.

Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi tenderin qalibi isə "Golden Prince LLC" şirkəti ("Azad Xəbər" radiosu) elan olunub.

Tenderin nəticələri ilə razılaşmayan ərizəçilər yerli məhkəmələrə üz tutaraq MTRŞ-ni inhisarçılıq və müstəqil mediaya qərəzlilikdə günahlandırıb nəticələrin ləğvini istəsələr də, onların şikayətləri təmin edilməyib.

Ərizəçilər Strasburq Məhkəməsi qarşısında iddia ediblər ki, MTRŞ-nin qərarı onların ifadə azadlığına özbaşına müdaxilə təşkil edib. Onlar bunu "qüsurlu prosedur", "şəffaflıq və məntiqi əsaslandırmanın olmaması" ilə izah ediblər.

Məhkəmə işinin kommunikasiyası zamanı R.Cəfərov və hökumət dostca razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Cəfərov ərizəsini geri götürməyi, hökumət isə ona 3 min avro kompensasiya ödəməyi öhdəsinə götürüb.

Digər ərizəçilər – "Obyektiv Radio", onun təsisçiləri M.Əliyev və E.Hüseynov isə şikayətlərini davam etdiriblər.

AİHM fevralın 18-də açıqladığı qərarında ərizəçilərə münasibətdə ifadə azadlığının pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərərə görə 4 min 500 avro, xərclərə görə isə 2 min avro məbləğində kompensasiya ödəməlidir.

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2002-ci ildə təsis edilib. Daha sonra onun əsasında Azərbaycan Audiovizual Şurası yaradılıb.