Həlledici danışıqlar ərəfəsində Rusiya amerikalı məhbusu azad edib

Kalob Bayers

Rusiya tərəfi fevralın 7-də Moskvada narkotik ittihamı ilə saxlanılmış ABŞ vətəndaşı Kalob Bayersi azad edib. Fevralın 17-si gecə saatlarda açıqlanan bu addım Səudiyyə Ərəbistanındakı danışıqlar ərəfəsində ABŞ-Rusiya gərginliyini azaltmağa yönəlmiş növbəti cəhd kimi görünür. Bu, eyni zamanda, Vaşinqtonun Ukraynada müharibənin dayandırılmasına dair diplomatik səylərini gücləndirdiyi bir vaxta təsadüf edir.

"The New York Times" Kreml rəsmisinə istinadən yazır ki, qarşıdakı danışıqlar ikitərəfli münasibətləri yaxşılaşdırmağa yönəlib, "bu səbəbdən bəzi hadisələr bu kontekstdə dəyərləndirilə bilər".

"The Associated Press"in məlumatına görə, Bayersin nümayəndələri onun hazırda ABŞ səfirliyində olduğunu və vətəninə qayıtmağı gözlədiyini bildiriblər. Qeyd olunub ki, o, məhbus mübadiləsi çərçivəsində deyil, birbaşa azadlığa buraxılıb.

Gömrük xidmətinin əməkdaşları Moskva hava limanında 28 yaşlı Bayersin baqajında çətənə tərkibli marmelad aşkar etdiklərini bildirdikdən sonra Rusiya məhkəməsi onun narkotik qaçaqmalçılığı ittihamı ilə həbsdə saxlanılmasına qərar verib. Məhkəmənin Telegram paylaşımına görə, ona qarşı irəli sürülən ittiham üzrə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.