Xəbərlər
‘Tərtər işi’ndə həbs olunanların azadlığı istənib

İyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər
Bugün, iyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.
Onlar həbs olunmuş yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.
"Uşaqlarımıza günahsız yerə 18-20 il həbs veriblər. Onların günahı yoxdur. Deyirlər ki, “Tərtər işi” yenidən araşdırılır, 8 ay keçib, amma biz bunun nəticəsini yenə də görmürük. İşgəncə verən insanlar və buna sifariş verənlər hələ də həbs olunmayıb. İstintaq müəyyən etməlidir ki, onlar hansı ölkəyə xidmət edirlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb.
Aksiya iştirakçıları iş üzrə istintaq qrupunun rəhbərinin onları qəbul etməsini istəyiblər. Daha sonra onlardan bəziləri qəbula aparılıb.
Aksiya zamanı insident baş verməyib. Hələlik, orada səslənən fikrirlərə Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.
“Tərtər işi” üzrə həbs olunmuş hərbçilərin yaxınları bundan əvvəl də Bakıda müxtəlif rəsmi qurumların qarşısında eyni tələblə aksiyalar keçiriblər. Onlara şikayətlərinin araşdırıldığı cavabı verilib.
2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.
Xatırlatma
2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.
Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı.
Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.
Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.
Saxlanan hərbi qulluqçuların yaxınları deyirdilər ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verildiyi vurğulanırdı. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)
Bütün xəbərləri izləyin
Rumıniya prezidentliyinə keçmiş namizəd məhkəmə nəzarətinə götürülüb

Rumıniya Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd, müxalifətçi siyasətçi Kelin Corceskuya qarşı bir sıra cinayətlər üzrə ittiham irəli sürüb. O, seçkilərdə yenidən iştirak etmək üçün sənədləri verməzdən əvvəl saxlanılıb. Ötən il ilk turda Corcesku qalib gəldikdən sonra seçkilərin nəticələri ləğv edilmişdi.
62 yaşlı Corcesku konstitusiya quruluşuna qarşı fəaliyyətdə, yalan məlumatlar yaymaqda, ksenofob və antisemit qruplar yaratmaqda ittiham olunur. O, məhkəmə nəzarəti altında azadlığa buraxılıb, ölkədən çıxışı və sosial şəbəkələrdə paylaşımları qadağan edilib.
Sağçı populist fikirləri ilə diqqət çəkən Corcesku prokurorluqdan çıxarkən azadlıq uğrunda mübarizəni davam etdirəcəyini deyib. Binanın qarşısında onu yüzlərlə tərəfdar müşayiət edib.
Ona qarşı irəli sürülən ittihamlar üzrə siyasətçini 25 il həbs cəzası gözləyə bilər.
Yerli KİV-in məlumatına görə, Corceskunun tərəfdaşı və mühafizəçisi Horatsio Potra ilə bağlı da istintaq başladılıb. Onun evində axtarış zamanı milyonlarla dollar nağd pul və silah tapıldığı iddia edilir.
Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də keçirilib. Corcesku 22.9 faiz səslə sürpriz qələbə qazanıb. İkinci turda o, 19.17 faiz səs toplayan liberal siyasətçi Elena Laskoni ilə qarşılaşmalı idi.
Xüsusi xidmət orqanları Rusiyanın sifarişi ilə sağçı namizədlə bağlı qanunsuz təşviqat aparıldığını bildirib. O, bunu inkar edir.
Corcesku Konstitusiya Məhkəməsinin səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərarını "Rumıniya xalqının fundamental dəyərlərinə hücum" adlandırıb.
Corcesku prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb, Rumıniyanın NATO-ya üzvlüyünü və Ukraynaya hərbi dəstəyi tənqid etdiyi üçün "Rusiyayönlü siyasətçi" kimi ad çıxarıb.
ABŞ 5 milyon dollara 'Qızıl Kart' vizaları satacaq

ABŞ prezidenti Donald Tramp hər biri 5 milyon dollara satılacaq "qızıl kart" yaşayış icazəsi planını təqdim edərək rusiyalı oliqarxların da bu fürsətdən yararlana biləcəyini açıqlayıb.
Fevralın 25-də Ağ evdə sözügedən proqramı elan edən prezident Tramp "qızıl kart"ların təxminən iki həftəyə hazır olacağını söyləyib.
"Sizin "yaşıl kart"ınız var, bu isə "qızıl kart"dır. Bu kartın dəyəri təxminən 5 milyon dollar olacaq", –Tramp bəyan edib.
ABŞ prezidenti bu kartların satışından əldə olunan gəlirin büdcə kəsirinin azaldılmasına yönəldiləcəyini bildirib. Prezidentin sözlərinə görə, proqram, əsasən, iş yerləri yaradacaq "maliyyə imkanı olan" insanlara istiqamətlənəcək.
"Onlar varlı və uğurlu insanlar olacaq, çoxlu vəsait xərcləyəcək, yüksək vergilər ödəyəcək və çoxlu insanı işlə təmin edəcəklər. Biz hesab edirik ki, bu proqram son dərəcə uğurlu olacaq", –Tramp vurğulayıb.
Yeni "qızıl kart" üçün müraciət edən şəxslər ciddi yoxlamadan keçəcək və varlı rusiyalıların da bu proqrama müraciət etməsi mümkün ola bilər: "Mən çox yaxşı rusiyalı oliqarxları tanıyıram. Bu mümkündür. Onlar əvvəlki qədər varlı deyillər, amma düşünürəm ki, bunu edə bilərlər. 5 milyon dollar ödəməyə imkanları çatır".
ABŞ ticarət naziri Hovard Latnik jurnalistlərə deyib ki, "Tramp Qızıl Kartı" 1990-cı ildə Konqres tərəfindən xarici investisiyaları cəlb etmək məqsədilə yaradılmış EB-5 İnvestorların Miqrasiya Proqramının əvəzləyəcək.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin ən son illik miqrasiya hesabatına görə, 2022-ci il sentyabrın 30-da başa çatan 12 aylıq dövr ərzində 8 min nəfər EB-5 proqramı vasitəsilə investor vizası alıb.
Jurnalistlər ev dustaqlığına buraxılmayıb

Fevralın 25-də həbsdə olan jurnalistlər Fərid İsmayılov və Natiq Cavadlının ev dustaqlığına buraxılma vəsatətləri üzrə məhkəmə iclasları keçirilib. Məhkəmə heç bir jurnalistin vəsatətini təmin etməyib.
F.İsmayılov "ToplumTV", N.Cavadlı isə "MeydanTV" işləri üzrə həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.
Müdafiə tərəfi bildirir ki, F.İsmayılovun səhhətində problemlər var və o, yeddi dəfə əməliyyat olunub. Vurğulandığına görə, son bir ayda da o, iki dəfə xəstələnib, amma lazımi tibbi diqqəti görməyib.
Onlar həbslərini peşə fəaliyyətləri ilə izah ediblər.
Müdafiə tərəfinin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
17 yanvar
'ToplumTV işi'ndə Fərid İsmayılov da həbs edildi
"ToplumTV işi" üzrə daha bir jurnalist həbs olunub. Ötən ilin martında saxlanılıb daha sonra barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilən Fərid İsmayılov bu gün, yanvarın 17-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Vəkil Zibeydə Sadiqova bildirib ki, onun barəsində 2 ay 20 gün müddətində həbs-qətimkan tədbiri seçilib: "Bəhanə kimi qeyd etdilər ki, Fərid müxtəlif rayonlara gedirdi, amma bu barədə polisə məlumat vermirdi, ittihamlar ağırdır və qətimkan tədbiri dəyişməlidir. Halbuki, Fərid həftədə üç dəfə polisə gedib qol çəkirdi".
Z.Sadıqova qeyd edib ki, F.İsmayılov özünü təqsirli bilməyib: "O, jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib. Eyni zamanda, Fərid səhhətində problemlərin olduğunu, əməliyyat keçirdiyini da deyib, amma təəssüf ki, bu, nəzərə alınmadı".
İttihamlar ağırlaşdırıldı
"Toplum" İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamının ağırlaşdığı bildirilir.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Verilən məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbsini fəaliyyətləri ilə əlaqələndirirlər.
Hələlik, bu məlumata istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi.
Bu iş üzrə bu vaxta qədər həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbardır.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Xocalı faciəsindən 33 il keçir
Azərbaycanda hər il fevralın 26-da rəsmi qaydada Xocalı faciəsi yad edilir.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi bildirilir. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.
Azərbaycanda su da bahalaşacaqmı?
Bu gün, fevralın 25-də Azərbaycan saytlarında su tariflərinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarsalamadığı ilə bağlı məlumatlar yayılıb.
Həmin xidmətin rəsmisinə istinadla yayılan məlumatlara görə, bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. "Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - məlumatlarda əlavə edilib.
Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.
Bu açıqlamadan sonra indi bəzi sosial şəbəkə istifadəçiləri arasında suyun qiymətinin yenidən artacağı ilə bağlı narahatlıqlar müşahidə edilir.
Bu il Azərbaycanda elektrik və qaz daxil bir sıra kommunal xidmətlərdə bahalaşma baş verib.
Azərbaycan hakimiyyətini tənqid edən bloqer Belarusdan Ermənistana aparılıb

"Ekstremist" materialların yayılmasına görə inzibati ittihamla Minskdə həbs edilmiş bloqer Roza Babaxanyan (Bella) Belarusdan Ermənistana aparılıb. Bu barədə "Çiçəklənən Ermənistan" partiyasının lideri, işadamı Qaqik Tsarukyanın mətbuat katibi İveta Tonoyan məlumat verib.
Onun həbsi barədə məlumat fevralın 15-də yayılıb. Bloqer Aleksandr Lapşin bildirib ki, o, Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilir: nifrətin qızışdırılması, müharibə təbliğatı, adam öldürmə və ya sağlamlığa zərər vurma hədəsi, dövlət məmuruna böhtan atma və təhqir etmə. Lapşin onun Azərbaycan hakimiyyətinə təhvil verilə biləcəyini bildirib.
Ermənistanın Belarusdakı səfirliyindən "Mediazona"ya bildirilib ki, Lapşinin məlumatı həqiqətəuyğun deyil.
"Reform" yazır ki, bloqer Babaxanyan Belarusa məxsus "EW-301PJ" nömrəli hökumət biznes təyyarəsi ilə gətirilib. Bu təyyarədən yüksəkvəzifəli məmurlar, eləcə də Lukaşenkonun oğulları - Viktor və Dmitri istifadə edir. Nəşrin yazdığına görə, onun azad olunması üçün öz əlaqələrini işə salan Tsarukyan Lukaşenko ilə yaxın əlaqələrə malikdir.
R.Babaxanyan son 27 ildə Belarusda yaşayıb. "Vyasna"nın məlumatına görə, onun Ermənistan və Belarus vətəndaşlığı var. O, bloqunda Azərbaycan hakimiyyətini tənqid edib.
'Amerikanın səsi'nin akkreditasiyası ləğv olunur

"Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib. Bu barədə yerli mediaya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Onun vurğulamasına görə, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi də ləğv edilib.
A.Hacızadə bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
XİN sözçüsünün açıqlamasına sözügedən media orqanlarindan, hələlik, münasibət almaq mümkün olmayıb.
"Amerikanın səsi" radiosunun Bakıda iki müxbiri var.
20 fevral
'BBC Azərbaycanca' fəaliyyətini 'könülsüz' dayandırır.
Azərbaycan hökuməti "BBC News Azərbaycanca"nın Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib.
BBC-nin bu gün, fevralın 20-də yaydığı bəyanatında vurğulanır ki, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul edib.
Media qurumu qeyd edib ki, hökumətin tələbi şifahi şəkildə çatdırılıb, onlar Azərbaycan hökumətindən yazılı heç nə almayıblar və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıblar.
BBC-dən bildirilib ki, Bakıdakı jurnalist komandası işini dayandırsa da, Azərbaycan dilində xəbər verməyə davam edəcək.
+++
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old BBC-nin Bakıdakı ofisinin bağlanması ilə bağlı təəssüfünü ifadə edib.
"30 ildən artıq xidmətdən sonra BBC Azərbaycanca ofisinin bağlanması təkcə onların hər həftə artan 1 milyon nəfərlik auditoriyası üçün kədərli bir gün deyil. Müstəqil və peşəkar media cəhalət və dezinformasiyaya qarşı əsas müdafiə vasitəsidir", - Britaniya səfiri X səhifəsində yazıb.
XİN-dən reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BBC-nin açıqlamasını qəbuledilməz sayır. Nazirlik bildirir ki, məsələnin "siyasiləşdirilməsi", "təhrif olunması" təəssüf doğurur və qəbuledilməzdir.
Məlumata görə, BBC-nin Azərbaycandakı nümayəndəliyinin bağlanması ilə bağlı qərar fevralın 13-də XİN tərəfindən BBC-nin nümayəndələri ilə görüşdə rəsmi şəkildə çatdırılıb, BBC-nin Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı bildirilib.
"Nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və bir nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib", - nazirliyin sözçüsü Ayxan Hacızadə deyib.
Ötən həftə Azərbaycanda hökumətə yaxın mediada "BBC Azərbaycanca"nın fəaliyyətinin məhdudlaşdırılmasına dair xəbərlər yayılmışdı. Xəbərlərdə bu, "BBC Azərbaycanca" əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələbi ilə izah olunub. Hökumətə yaxın mediada eyni tələbin "Sputnik Azərbaycan" (Rusiyanin media orqanı) qarşısında da qaldırıldığı iddia edilmişdi.
+++
Fransanın Azərbaycandakı səfiri Ann Buayon: " BBC-nin Azərbaycan dilində xidmət göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın göstəricisi idi. Bu, həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir".
BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən "BBC Azərbaycanca" radio yayımlarını durdurub.
Bundan sonra "BBC Azərbaycanca" onlayn fəaliyyətini genişləndirmişdi.
Xatırlatma
Bütün bunlardan öncə, hələ 2009-cu ildə Azərbaycan hökuməti AzadlıqRadiosunun FM tezliyindəki yayımını dayandırmışdı. 2014-cü ildə isə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onu bağlayıblar. 2017-18-ci illərdə də Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra, bir sıra media orqanları kimi, azadlıq.org saytına da Azərbaycandan giriş məhdudlaşdırılıb. Yerli məhkəmələr bunu qanunvericiliyə dəyişikliklər ilə əsaslandırıblar. Amma ötən il Avropa İnsan Hüquqları Məhkəməsi bunu Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı) maddəsində nəzərdə tutulmuş hüququn pozuntusu sayıb.
Baş Prokurorluq: Sabunçuda 15 nəfər spirtdən zəhərlənərək ölüb

Bakının Sabunçu rayonunda iki gündə 15 nəfərin spirtdən zəhərlənərək öldüyü bildirilir.
Bu barədə bu gün, fevralın 24-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 22-i və 23-də Sabunçu rayonunda ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır: "Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib".
Vurğulanır ki, məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə, meyitlərə baxış keçirilib: "İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları götürülüb...".
Məsələ ilə bağlı zərərçəkmiş şəxslərin yaxınları ilə isə danışmaq mümkün olmayıb.
AXCP: Üzvümüzə 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin üzvü Əkrəm Şabinin fevralın 21-də polisin qanuni əmrinə tabe olmamaq maddəsi ilə 30 sutkalıq inzibati qaydada həbs edildiyi bildirilir.
Bu partiyanın sədri Əli Kərimlinin vurğulamasına görə, Ə.Şabi son üç ayda inzibati qaydada həbs olunmuş 11-ci AXCP fəalıdır. Partiya ittihamı siyasi sayır.
Hələlik, AXCP-nin açıqlamasına Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350 civarında çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Tramp Ukrayna ilə mədən müqaviləsində israrlıdır

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsinin üçüncü ildönümündə Kiyev rəhbərliyi Ukraynanın mineral ehtiyatları ilə bağlı ABŞ-nin təkliflərini dəyərləndirir.
Fevralın 23-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bu məsələ ilə bağlı ABŞ ilə aparılan danışıqlar "irəliləyir".
Lakin razılaşmanın detalları hələ də dəqiqləşdirilməlidir. Zelenski mümkün maneəyə işarə edərək sazişin bağlanması üçün Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin tələb oluna biləcəyini bildirib.
Başqa bir yüksəkvəzifəli ukraynalı siyasətçi bildirib ki, ildönümünün anım tədbirləri keçirilərkən işçi qrup yaradılacaq.
Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk isə mətbuata açıqlamasında deyib ki, bu qrup fevralın 24-dən Vaşinqtonun təklif etdiyi razılaşma mətninin üzərində işləməyə başlayacaq. O əlavə edib ki, Ukrayna imza atmaq müqabilində konkret təhlükəsizlik zəmanətləri almaq istəyir.
ABŞ prezidenti Donald Tramp isə fevralın 22-də bildirib ki, Rusiyanın genişmiqyaslı işğalına qarşı Ukraynanın müdafiəsinə kömək məqsədilə ABŞ-nin göndərdiyi milyardlarla dollar geri qaytarmalıdır.
"Mən istəyirəm ki, biz qoyduğumuz bütün pullar qarşılığında nəsə əldə edək. Nadir metallar və neft – əldə edə biləcəyimiz hər şeyi istəyirik", – Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib. "Mən ya bu pulları geri qaytarmağa, ya da təminat altına almağa çalışıram".
Tramp sazişin əldə oluna biləcəyini düşündüyünü söyləyib.
Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ötən həftənin əvvəlində Kiyevə səfər edərək Ukrayna prezidenti Zelenski ilə görüşüb və görüşdən sonra Ukrayna prezidentinin ABŞ ilə saziş imzalamağın "həyati əhəmiyyət" daşıdığını anladığını bildirib.
Təklif olunan razılaşmaya görə, ABŞ-yə Kiyevə verilən yardımı kompensasiya etmək üçün Ukraynanın nadir torpaq mineralları üzərində hüquqlar veriləcək. Zelenskinin ilkin müqaviləni imzalamaqdan çəkindiyi bildirilir, lakin fevralın 22-də adları açıqlanmayan Ukrayna rəsmilərinə istinadən yayılan xəbərlərə görə, o, indi yenilənmiş versiyanı nəzərdən keçirir.
Jurnalist Nurlan Libre həbs olunub

Bu gün, fevralın 21-də Xətai rayon Məhkəməsində jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə bağlı istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onun "MeydanTV işi" ilə bağlı açılan cinayət işi üzrə həbs olunduğu bildirilir.
"MeydanTV işi"ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.
N.Qəhrəmanlının da ittihamı qəbul etmədiyi deyilir.
+++
Jurnalist Nurlan Qəhrəmanlı (Libre) fevralın 20-də Bakıda saxlanıb. Yaxınlarının vurğulamasına görə, onun Sumqayıtda yaşadığı evdə axtarış aparılıb.
+++
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən beşdən çox jurnalist ötən ilin dekabrında tutulub. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti hökuməti siyasi motivlərlə, haqsız saxlananları azad etməyə çağırır.
BMT: Suriyanın bərpası üçün yarım əsr lazımdır

BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatına görə, Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması yarım əsr tələb edəcək.
Hesabatda xəbərdarlıq edilir ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq.
BMTİP xatırladır ki, 2010-cu ildə Suriyanın ÜDM-i 62 milyard ABŞ dolları olub, lakin münaqişə nəticəsində bu göstərici yarıdan çox azalıb və ölkə bu illər ərzində təxminən 800 milyard dollar itirib.
"Təcili humanitar yardımdan əlavə, Suriyanın bərpası uzunmüddətli investisiya tələb edir", - BMTİP-nin administratoru Axim Ştayner bildirib.
Hesabata görə, Suriya daxilində 7.2 milyondan çox insan məcburi köçkün vəziyyətindədir, digər 6 milyon insan isə qaçqın kimi xaricdə yaşayır. Bu insanlar birlikdə ölkə əhalisinin yarısından çoxunu təşkil edir.
Sənəddə münaqişənin digər təsirləri arasında yoxsulluğun artması faktı da yer alır. BMTİP bildirir ki, münaqişədən əvvəl Suriyada yoxsulluq 33 faiz idisə, bu gün 90 faizə yüksəlib. Bu gün hər 10 suriyalıdan 9-u yoxsulluq səviyyəsində yaşayır və hər 4 nəfərdən biri işsizdir.
Xatırlatma
Suriyada müharibə 2011-ci ilin martında prezident Bəşər Əl-Əsəd əleyhinə etirazlar nəticəsində başlayıb. Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib.
BMTİP bildirib ki, müharibə dövründə təxminən 618 min nəfər həlak olub. Təxminən 113 min insan itkin düşüb və onların taleyi hələ də məlum deyil.
Rubio: Tramp-Putin sammiti müharibənin bitirilməsindəki irəliləmədən asılıdır

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişdən asılıdır. Dövlət katibi bunu fevralın 20-də amerikalı jurnalist Ketrin Herriclə X platformasında yayımlanan müsahibəsində deyib.
O əlavə edib ki, belə görüşlər adətən hər hansı bir nəticə əldə olunmadan və ya müəyyən irəliləyiş qeydə alınmadan keçirilmir.
Ər-Riyad danışıqlarında Moskva və Vaşinqton Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu ilə başlayan müharibənin dayandırılması üçün danışıqlar aparacaq qruplar yaratmaq barədə razılığa gəliblər.
Həm Putin, həm də Tramp sammit keçirmək istədiklərini bildiriblər.
"Düşünürəm ki, bu görüşün nə zaman baş tutacağı, əsasən, Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə edib-etməməyimizdən asılı olacaq. Əgər belə bir irəliləyişə nail olsaq və həmin sammit razılaşmanı rəsmiləşdirərsə, o zaman hər kəs prezident Trampın sülhməramlı olduğunu vurğulamalıdır", –o bildirib.
ABŞ prezidenti D.Tramp müharibəni tez bir zamanda bitirmək üçün razılaşma əldə etməyə çalışır. Lakin Ukrayna və Avropa hökumətləri onun taktikasından narahatdır. Onlar Moskvayla Vaşinqtonun Ukrayna və Avropanın təhlükəsizlik maraqlarını nəzərə almayan bir razılaşmaya gələcəklərindən ehtiyatlanırlar.
Paşinyan referendum keçirib yeni konstitusiyanın qəbulunu zəruri sayır

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var.
O, bu barədə fevralın 19-da telemüraciəti zamanı bildirib.
Baş nazir yeni konstitusiyanın qəbulunun strateji məqsədinin erməniləri "dövlətsiz xalq" statusundan çıxararaq dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi vacibdir, çünki "əvvəlki bütün konstitusiya referendumları, ən azı, ictimai rəydə ciddi legitimlik çatışmazlığından əziyyət çəkirdi".
Ədliyyə naziri istinadın çıxarılacağını istisna etmir
Yanvarda Ermənistanın ədliyyə naziri parlament seçkilərinə qədər yeni konstitusiyanın mətninin hazırlanacağını bildirib.
Ədliyyə naziri Surbuhi Qalyan Konstitusiyanın yeni mətninin preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını istisna etməyib. Baxmayaraq ki, ölkənin Konstitusiya Məhkəməsi delimitasiya normalarının konstitusiyaya uyğunluğu məsələsinə baxarkən qeyd edib ki, Əsas Qanunun preambulası, habelə 1-ci, 3-cü və 203-cü maddələr dəyişməz müddəalardır.
"Hələlik bu məsələ ilə bağlı yekun qərarımız yoxdur. Amma bu ifadənin mətndə olub-olmamasından asılı olmayaraq real həyatımızda heç nə dəyişməyəcək", - nazir bildirib.
Ermənistan müxalifəti iddia edir ki, baş nazir N.Paşinyan rəsmi Bakının tələbini təmin etmək üçün Konstitusiyanı dəyişdirmək qərarına gəlib. Müxalifətin bəzi deputatları vətəndaşları yeni konstitusiyanı boykota çağırıblar.
"Bu qondarma konstitusiyanı boykot etmək lazımdır: boykot et, get, əleyhinə səs ver, amma Əliyevin tələbi keçməməlidir", - müxalifət deputatı Artur Xaçatryan deyib.
Konstitusiyanın dəyişdirilməsi məsələsi Bakının tələbindən sonra Ermənistan hökumətinin gündəliyinə daxil olub.
Azərbaycan Ermənistan Konstitusiyasının preambulasında bu ölkənin Müstəqillik Bəyannaməsinə istinadı problemli hesab edir, çünki bəyannamədə Qarabağın Ermənistanla birləşməsi qeyd olunur. Ötən il Ermənistan Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığı barədə qərar qəbul edib. Lakin rəsmi Bakı tələbini davam etdirib və bunu sülh razılaşması üçün şərtlərdən biri adlandırıb.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.
Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr olub

Bu gün, fevralın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) məlumatına görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.
"Tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin... vacibliyini vurğulayıblar", - məlumatda əlavə edilib.
XİN habelə bildirir ki, eyni gündə onlar arasında siyasi məsləhətləşmələr olub: "Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib".
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.
Başqa tərəfdən, 2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" də imzalanıb. Bu sənəddə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs olunur.
45 vəzifəli şəxs cərimələnib

Hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, 13 milyon 331 min manat artıq, əsassız ödənişlər aşkar edilib.
Bu məlumat Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2024-cü il fəaliyyəti ilə bağlı açıqlamasında yer alıb.
Xidmət bildirir ki, yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib.
Əlavə edilir ki, ötən il həmçinin iş planına əsasən 38 (ümumilikdə 100) təşkilatda yoxlamalar aparılıb. Vurğulandığına görə, bu yoxlamalarla da 6 milyon 360 min manat artıq və əsassız ödənişlər müəyyən edilib: "5 milyon 146.6 min manat hissəsinin təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib. Həmin nəzarət obyektlərindən iki təşkilat üzrə aşkar olunmuş 1 milyon 213.5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Baş Prokurorluğuna göndərilib".
Habelə bildirilir ki, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə 45 vəzifəli şəxsə 40.6 min manat cərimələr tətbiq edilib, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Məlumatda qurum və vəzifəli şəxslərin adları çəkilmir.
Dövlət Maliyyə Nəzarəti Xidməti bundan əvvəlki illərdə də oxşar açıqlamalarla çıxış edib. Amma müstəqil ekspertlər hesab edirlər ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda maliyyə pozuntuları ilə bağlı adekvat araşdırmalar aparılmır. Onların fikrincə, yoxlama və araşdırmalarda, əsasən, kiçik vəzifəli şəxslər cəzalandırılır, iri korrupsiya halları əhatə edilmir.
Norveç Helsinki Komitəsi qadın jurnalistlərin azadlığını istəyir

Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq Azərbaycan hökumətini həbsdə olan səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.
İnsan haqları təşkilatı bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür, ölkədə insan haqları ilə bağlı böhran vəziyyətində "ön cərgədə dayanan" qadın jurnalistlər bunun ağır bədəlini ödəyiblər: "Azərbaycan səkkiz qadın jurnalisti fəaliyyətinə görə həbs edərək misli görünməmiş bir basqıya imza atılıb. Basqınlar, həbslər və əsassız ittihamlarla keçirilən məhkəmə prosesləri təhlükəli bir norma halına gəlib. Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmayıb. Azərbaycanda müstəqil jurnalistika, xüsusilə qadınlar üçün heç vaxt asan olmayıb".
Bəyanatda vurğulanır ki, həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var və onlar təcili tibbi yardıma ehtiyac duyurlar. "Məhkəmə istintaqı zamanı saxlandıqları şərait səbəbindən həyatları təhlükə altındadır. Təhlükəsiz olmayan həbsxana şəraiti, adekvat tibbi xidmətə çıxışın çətinliyi onların sağlamlığı və rifahı üçün ciddi risklər yaradır. Onların bəziləri ailə üzvlərinə baxan əsas şəxslər, analar, ailənin yeganə qazanc təminatçısıdır və ailə məsuliyyəti daşıyırlar".
"Bu mühüm günün (8 Mart) yaxınlaşması ilə Azərbaycan hökuməti öz hərəkətlərini söylədikləri ilə uyğunlaşdırmaq fürsəti əldə edir... Azərbaycanın beynəlxalq tərəfdaşları da bu fürsəti dəyərləndirərək humanitar əsaslarla onların azadlığa buraxılması üçün səylərini gücləndirməli və Beynəlxalq Qadınlar Gününün həqiqi ruhunu dəstəkləməlidirlər", - Norveç Helsinki Komitəsi bəyanatında bildirilir.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Tramp israfçılıqla mübarizəyə görə İlon Maskı tərifləyir

ABŞ prezidenti Donald Tramp USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tənqidlərə baxmayaraq, milyarder işadamı İlon Maskı öz administrasiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etmə qərarını müdafiə edib.
Tramp yanvarın 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini məhdudlaşdırıb və üç ay müddətinə ABŞ-nin xaricə yardımlarını dayandırıb.
Tramp və Mask fevralın 18-də "Fox News"da yayımlanan ilk birgə televiziya müsahibəsində bu addımı müzakirə ediblər. Tramp USAID-in maliyyəsini dondurmaq qərarını əvvəlki Bayden administrasiyasının çox xərcləməsi, bu xərclər arasında Birləşmiş Ştatların maraqlarına xidmət etməyən xarici yardımların olması və büdcə kəsirinin artması ilə əlaqələndirib.
Müsahibə daha çox Trampın dünyanın ən zəngin adamı Mask ilə münasibətinə və niyə onu DOGE-yə rəhbər təyin etməsinə fokuslanıb.
"Bir çox işadamını tanıyıram, amma onların hamısı mütləq yaxşı insanlar deyil", –Tramp bildirib. O deyib ki, Mask ölkənin yaxşı vəziyyətdə olmasını istəyən "böyük" insandır.
Prezidentin sözlərinə görə, DOGE hökumət israfçılığını, saxtakarlığı və sui-istifadəni aradan qaldırıb, amerikalı vergiödəyicilərin milyonlarla dollarını xilas edib.
Trampın yanvarda baş tutan andiçmə mərasimindən bəri DOGE hər bir nazirlikdə yoxlamalar apararaq federal hökumətin ölçüsünü kiçiltmək və xərcləri azaltmaq məqsədilə minlərlə hökumət işçisini işdən çıxarıb.
"Məqsəd kəsirdən bir trilyon dollar çıxarmağa çalışmaqdır" deyən Mask Trampın hakimiyyətə gəldiyi zaman iki trilyon dollarlıq büdcə kəsiri ilə üzləşdiyini iddia edib.
Tramp müsahibədə bildirib ki, Mask ondan öz şirkətləri üçün – xüsusən ABŞ hökuməti ilə bir neçə müqaviləsi olan "SpaceX" və elektrikli avtomobillərin təşviqi məqsədilə ABŞ subsidiyalarından faydalanan "Tesla" üçün heç nə xahiş etməyib.
Mask isə əgər öz şirkətləri ilə əlaqəli bir vəziyyətlə üzləşsə, özünü bu məsələdən kənarlaşdıracağını bildirib. Tramp isə əlavə edib: "Əgər bir münaqişə yaranarsa, o, bu məsələyə qarışmayacaq".
Ələsgər Məmmədli istintaq materialları ilə tanış olub, həbsini 'qanunsuz' sayır

Həbsdə olan media eksperti Ələsgər Məmmədli təsisçisi olduğu "Toplum" İnternet Televiziyası ilə bağlı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və "məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır".
Bunu fevralın 18-də Ə.Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib".
Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün beş gün sərf edib.
"Deməsinə görə, 50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur", - N.Məmmədli bildirib.
Bu fikirlərə istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
19 dekabr
'Həbsxanada Ələsgər Məmmədlinin səhhəti pisləşib'
Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında "Toplum" İnternet Televiziyasının hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy halsız olub. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətlənib. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb".
N.Məmmədlinin əlavə etməsinə görə, Ə.Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır, son günlər ürəyində də problemlər yaranıb.
"10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib", - daha sonra o vurğulayıb.
Ə.Məmmədlinin yaxınları bundan əvvəl də bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Avropa Məhkəməsi Azərbaycanda ifadə azadlığının pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş Milli Televiziya və Radio Şurasının 2010-cu ildə "Obyektiv Radio"ya yayım hüququ verməkdən imtina etməsini ifadə azadlığının pozuntusu kimi dəyərləndirib.
""Obyektiv" Televiziya və Radio Yayım Şirkəti və başqaları Azərbaycana qarşı" işinin detallarına görə, ərizəçilər – "Obyektiv Radio", onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynov, habelə "Alternativ Radio"nun təsisçisi Rəsul Cəfərov 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.
Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi tenderin qalibi isə "Golden Prince LLC" şirkəti ("Azad Xəbər" radiosu) elan olunub.
Tenderin nəticələri ilə razılaşmayan ərizəçilər yerli məhkəmələrə üz tutaraq MTRŞ-ni inhisarçılıq və müstəqil mediaya qərəzlilikdə günahlandırıb nəticələrin ləğvini istəsələr də, onların şikayətləri təmin edilməyib.
Ərizəçilər Strasburq Məhkəməsi qarşısında iddia ediblər ki, MTRŞ-nin qərarı onların ifadə azadlığına özbaşına müdaxilə təşkil edib. Onlar bunu "qüsurlu prosedur", "şəffaflıq və məntiqi əsaslandırmanın olmaması" ilə izah ediblər.
Məhkəmə işinin kommunikasiyası zamanı R.Cəfərov və hökumət dostca razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Cəfərov ərizəsini geri götürməyi, hökumət isə ona 3 min avro kompensasiya ödəməyi öhdəsinə götürüb.
Digər ərizəçilər – "Obyektiv Radio", onun təsisçiləri M.Əliyev və E.Hüseynov isə şikayətlərini davam etdiriblər.
AİHM fevralın 18-də açıqladığı qərarında ərizəçilərə münasibətdə ifadə azadlığının pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərərə görə 4 min 500 avro, xərclərə görə isə 2 min avro məbləğində kompensasiya ödəməlidir.
Milli Televiziya və Radio Şurası (MTRŞ) 2002-ci ildə təsis edilib. Daha sonra onun əsasında Azərbaycan Audiovizual Şurası yaradılıb.
İranda britaniyalı cütlük casusluqda ittiham olunur

Yanvarda İranın cənub-şərqində saxlanılmış britaniyalı cütlük casusluqda ittiham edilir və Qərb kəşfiyyat xidmətləri ilə əlaqədə olmaqda günahlandırılır.
İranın ədliyyə qurumunun sözçüsü Əsgər Cahangir fevralın 18-də bildirib ki, "iki Britaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib". Onun sözlərinə görə, Kirman vilayətində saxlanılan bu cütlüyün düşmən və Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə bağlı gizli qurumlarla əməkdaşlıq etdiyi müəyyənləşib.
İran tərəfi bildirib ki, "şəxslər turist adı altında İrana daxil olub və araşdırma aparmaq adı altında ölkənin müxtəlif bölgələrində məlumat toplayıblar".
Ötən həftə Britaniya mətbuatı İranda saxlanılan britaniyalı cütlüyün adlarını açıqlamışdı. Onlar 50 yaşlarında olan Kreyq və Lindsi Formandır.
Britaniyalı cütlük ötən il dekabrın 30-da Ermənistandan İrana keçib. Dünya üzrə motosiklet səyahətinin bir hissəsi kimi onlar İranda cəmi beş gün qalmağı planlaşdırıbmış.
Böyük Britaniya Xarici İşlər Nazirliyi britaniyalı vətəndaşlara İrana səyahət etməmələrini tövsiyə edir.
"Təkcə Britaniya pasportunun olması və ya Birləşmiş Krallıqla əlaqələr İran hakimiyyətinə sizi həbs etmək üçün kifayət qədər səbəb verə bilər", - XİN-in rəsmi xəbərdarlığında bildirilir.
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Prezident İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
Bu gün, fevralın 18-də MOK-un IX Hesabat-seçki baş məclisi keçirilib. Orada dövlət başçısı İlham Əliyev növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb.
İ.Əliyev ilk dəfə 28 il öncə, 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçilib. O, o vaxtdan bəri bu postu tutur. Həmin vaxt ölkəyə onun atası Heydər Əliyev rəhbərlik edirdi. İ.Əliyev az sonra Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti postuna da gətirilmişdi. O, 2003-cü ildən isə ölkəyə rəhbərlik edir.
Həlledici danışıqlar ərəfəsində Rusiya amerikalı məhbusu azad edib

Rusiya tərəfi fevralın 7-də Moskvada narkotik ittihamı ilə saxlanılmış ABŞ vətəndaşı Kalob Bayersi azad edib. Fevralın 17-si gecə saatlarda açıqlanan bu addım Səudiyyə Ərəbistanındakı danışıqlar ərəfəsində ABŞ-Rusiya gərginliyini azaltmağa yönəlmiş növbəti cəhd kimi görünür. Bu, eyni zamanda, Vaşinqtonun Ukraynada müharibənin dayandırılmasına dair diplomatik səylərini gücləndirdiyi bir vaxta təsadüf edir.
"The New York Times" Kreml rəsmisinə istinadən yazır ki, qarşıdakı danışıqlar ikitərəfli münasibətləri yaxşılaşdırmağa yönəlib, "bu səbəbdən bəzi hadisələr bu kontekstdə dəyərləndirilə bilər".
"The Associated Press"in məlumatına görə, Bayersin nümayəndələri onun hazırda ABŞ səfirliyində olduğunu və vətəninə qayıtmağı gözlədiyini bildiriblər. Qeyd olunub ki, o, məhbus mübadiləsi çərçivəsində deyil, birbaşa azadlığa buraxılıb.
Gömrük xidmətinin əməkdaşları Moskva hava limanında 28 yaşlı Bayersin baqajında çətənə tərkibli marmelad aşkar etdiklərini bildirdikdən sonra Rusiya məhkəməsi onun narkotik qaçaqmalçılığı ittihamı ilə həbsdə saxlanılmasına qərar verib. Məhkəmənin Telegram paylaşımına görə, ona qarşı irəli sürülən ittiham üzrə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Prezident Azər Qasımovu işdən çıxardı

Azər Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Bununla bağlı bu gün, fevralın 17-də prezident İlham Əliyev sərəncam imzalayıb.
58 yaşlı A.Qasımov 2004-cü ildən sözügedən vəzifəni tuturdu.
O, daha əvvəl isə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri olub.
Bir çox kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri Azərbaycanda, bir qayda olaraq, əksər dövlət qurumun mətbuat xidmətləri kimi, Prezidentin Mətbuat xidməti ilə də əlaqə saxlamağın çətinliyindən şikayətlənirlər. Şikayətlərə görə, onlar KİV-lərə lazımı qədər açıq deyillər. Amma onların özləri belə fikirləri qəbul etmirlər.
Bu il də Həcc ziyarəti bahalaşıb

Bu il Həcc ziyarətində qiymətdə artım, kvotada isə azalma var.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) yayılan məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
İdarə ötən il bildirmişdi ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 850 ABŞ dollarıdır.
Ümumiyyətlə, son altı ildə ziyarətin qiyməti 1 min 400 dollardan çox artıb.
APA-nın xəbərinə görə isə, QMİ Xarici əlaqələr şöbəsindən onlara bildirilib ki, kvotanın sayı dəqiq təyin edilməyib: "Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub".
Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.
Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.