Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 02:20

Belarusda AzadlıqRadiosunun jurnalisti həbsdən buraxıldı


AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik Vilnüsdə ailəsi ilə görüşür.
AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik Vilnüsdə ailəsi ilə görüşür.

Belarus həbsdə olan üç nəfəri, o cümlədən AzadlıqRadiosunun Belarus xidmətinin jurnalistini azad edib. Bu addım ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Rusiya ilə danışıqlar üçün zəmin yaratmaq cəhdləri fonunda atılıb.

Ağ ev sözçüsü Karolina Livitt fevralın 12-də jurnalistlərə verdiyi açıqlamada "Bir amerikalının və iki Belarus vətəndaşının təhlükəsiz şəkildə azad olunduğunu təsdiq edə bilərik" deyib.

Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) prezidenti Stiven Kapus fevralın 12-də bildirib ki, AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik Litvada ailəsi ilə yenidən bir araya gəlib. "Bu, Andrey, onun həyat yoldaşı Alesya və onların iki azyaşlı övladı üçün sevindirici bir gündür. Üç ildən çox ayrılıqdan sonra bu ailə yenidən bir araya gəlib və bu, prezident Tramp sayəsində mümkün olub", –Kapus açıqlamasında bildirib.

Jurnalist Kuzneçik 2021-ci il noyabrın 25-də həbs edilib və əvvəlcə xuliqanlıq ittihamı ilə 10 sutka həbs cəzası alıb. Lakin cəzasını çəkdikdən sonra azadlığa buraxılmayıb və bu dəfə ekstremist qrup yaratmaq ittihamı ilə yenidən mühakimə olunub.

"Biz Belarusda və başqa yerlərdə həbsdə olan ABŞ vətəndaşlarının azad olunmasına sadiqik. Belarusda hələ də həbsdə olan 1300-dən çox siyasi məhbusun azadlığa buraxılmasını tələb edirik",- ABŞ dövlət katibi Marko Rubio vurğulayıb.

Donald Tramp və Mark Foqel
Donald Tramp və Mark Foqel
12 fevral

Tramp Foqelin azad edilməsini Ukraynada münaqişənin bitməsinin bir hissəsi adlandırıb

ABŞ prezidenti Donald Tramp Ağ evdə fevralın 11-də Moskvada azadlığa buraxılan amerikalı müəllim Mark Foqellə görüşüb. O, Birləşmiş Ştatlarda həbsdə olan rusiyalı kibercinayətkar Aleksandr Vinniklə dəyişdirilib.

Prezident Tramp Rusiya tərəfinin Foqelin azad olunmasına razılaşmaqla "çox ədalətli" davrandığını vurğulayıb və fevralın 12-də daha bir amerikalının sərbəst buraxılacağına işarə edib.

Tramp bildirib ki, amerikalı müəllimin üç il yarım Rusiya həbsxanasında qaldıqdan sonra geri qaytarılması Rusiyanın Ukraynadakı müharibə baxımından xoş niyyətinin göstəricisidir.

"Düşünürəm ki, bu, müharibənin bitməsində çox vacib bir element, bir hissəsi ola bilər", – Tramp bildirib.

O, fevralın 12-də kimin azad ediləcəyi barədə ətraflı məlumat verməyib və hətta həmin şəxsin hazırda Rusiyada saxlanılıb-saxlanılmadığını da təsdiqləməyib. Tramp həmin şəxsin "çox xüsusi" olduğunu və mediaya tanış birisi kimi xarakterizə edib.

Bu mübadilə çərçivəsində Rusiyanın nə aldığı bəlli deyil. Jurnalist ABŞ prezidentindən Rusiyanın bu razılaşma qarşılığında nə əldə etdiyini soruşduqda o, "çox şey yox" cavabını verib.

11 fevral

Rusiya amerikalı məhbus Mark Foqeli azad edib

ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff Rusiyanı amerikalı məhbus Mark Foqel ilə birlikdə tərk edib. Bu barədə Ağ ev məlumat verib.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun bəyanatında deyilir ki, Foqel mübadilə nəticəsində azad olunub. Onun kimə dəyişdirildiyi açıqlanmır. ABŞ hakimiyyəti öz vətəndaşının buraxılmasını Rusiyanın "xoş məramının təzahürü" və Ukrayna münaqişəsinə son qoyulması yolunda "yaxşı işarə" adlandırır.

Vaşinqtondan şəxsi təyyarənin Moskvaya eniş etdiyini Rusiya mediası hələ fevralın 11-i səhər saatlarında yazırdı. Eyni zamanda, Kreml Trampın ən yaxın adamlarından birinin Moskvaya mümkün gəlişi ilə bağlı məlumatı olmadığını bildirirdi. Prezidentin mətbuat katibi Dmitri Peskov onunla təmasların planlaşdırılmadığını deyirdi.

Mübadilə fevralın 14-16-da keçiriləcək və Ukraynada müharibənin dayandırılmasına həsr olunacaq Münhen Təhlükəsizlik Konfransından bir qədər əvvəl baş tutub.

Xatırlatma

M.Foqel Birləşmiş Ştatların Rusiyadakı səfirliyinin keçmiş əməkdaşıdır. 2022-ci ilin yayında Rusiya məhkəməsi onu narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.

Amerikalı 2021-ci ilin avqustunda Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun üzərindən narkotik aşkar edilib. Həbs olunduğu zaman Foqel Moskva ingilis-Amerika məktəbində müəllim işləyirdi və artıq diplomatik statusu yox idi.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ vətəndaşı günahını tamamilə etiraf edib. Foqel onurğa əməliyyatından sonra tibbi səbəblərdən marixuana istifadə etdiyini söyləyib. Bunu onun tibbi kitabçasındakı qeyd də təsdiqləyir. Foqel Rusiyada tibbi marixuana qadağasından xəbərsiz olduğunu deyib.

XS
SM
MD
LG