Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 02:14

Münhen Təhlükəsizlik Konfransında nələr müzakirə olunacaq?


ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Azadlıq Radiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak məqaləsində bu həftəsonu bütün diqqətlərin Almaniyanın cənubuna yönələcəyini yazır. Dünya liderləri üç gün davam edəcək Münhen Təhlükəsizlik Konfransı üçün "Bayerischer Hof" Hotelində bir araya gələcək.

Rəsmi bəyanatlar və yüksəksəviyyəli müzakirələr gözlənilsə də, bəlkə də, Ukraynanın gələcəyi ilə bağlı ən mühüm danışıqlar konfransın kuluarlarında baş tutacaq.

Konfrans ərəfəsində müzakirə olunan əsas mövzulardan biri ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Bavariyanın paytaxtında çoxdan gözlənilən sülh planını təqdim edib-etməyəcəyidir.

Kelloq "The Associated Press"ə bildirib ki, Ağ ev mümkün danışıqların detalları üzərində işləyir: "Münhendən qayıtdıqdan sonra biz prezidentə mümkün variantları təqdim etmək istəyirik ki, o, sülh prosesinə birbaşa qoşulduqda qarşısında hansı perspektivlərin olduğunu dəqiq bilsin".

Danışıqlar formalaşır

Avropalı bir diplomat AzadlıqRadiosuna bildirib ki, Münhendə "bir növ razılaşmanın ümumi konturları və ya ilkin çalarları" ortaya çıxa bilər. Bunun fonunda Ukrayna prezidenti Volodimir Zelenski və onun administrasiya rəhbəri Andriy Yermak K.Kelloq və ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşməyə hazırlaşır.

Münxendə "Bayerischer Hof" Hoteli
Münxendə "Bayerischer Hof" Hoteli

Danışıqlardan hansı nəticələrin çıxacağı hələ bəlli deyil, lakin diplomatlar arasında yayılan ehtimallara görə, münaqişənin müəyyən dərəcədə dondurulması gündəmdə ola bilər. Bu ssenariyə əsasən, Kiyev ən azı müvəqqəti olaraq bəzi ərazilərin itirilməsini qəbul edəcək və bunun əvəzində təhlükəsizlik zəmanətləri alacaq.

AzadlıqRadiosunun danışdığı NATO rəsmiləri Ukraynanın dərhal hərbi alyansa üzvlüyünü istisna etsələr də, Qərbin Kiyevə silah tədarükünü artırması daha real bir variant kimi qiymətləndirilir.

Kelloq daha əvvəl Ukraynada müəyyən bir mərhələdə seçkilərin keçirilməsi ehtimalından danışıb. Lakin Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət qüvvədə olduğu müddətcə bu, mümkün deyil.

Digər tərəfdən, Tramp son vaxtlar ABŞ-nin Ukraynanın nadir yeraltı mineral ehtiyatlarına çıxış əldə etməsi ehtimalını gündəmə gətirib. O, bunu Vaşinqtonun Kiyevə Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə göstərdiyi dəstək üçün xərclədiyi "yüz milyardlarla dollara kompensasiya" kimi əsaslandırıb.

R.Yozvyak qeyd edir ki, Kremlin Qərb rəsmiləri ilə razılaşma əldə etməyə nə dərəcədə həvəsli olacağı hələ də sual altındadır. Rusiya ABŞ ilə danışıqlara açıq olsa da, hazırda Moskva döyüşlərdə üstünlük əldə etmiş tərəf kimi qəbul olunduğu üçün Kremlin hər hansı bir mövzuda güzəştə getmək istəyi azala bilər.

Olaf Şolts və Fridrix Merts
Olaf Şolts və Fridrix Merts

Qəzzadakı girovların azad edilməsi və Almaniyada seçkilər

Ukrayna ilə yanaşı, Münhendəki bir çox liderlər həm də Qəzzaya diqqət yetirəcək, çünki 15 fevral saat 12:00 HƏMAS-ın əsirlikdə saxladığı israilli girovların geri qaytarılması üçün son tarixdir – bu da konfransın ortasına təsadüf edir. Tramp əvvəlcədən xəbərdarlıq edib ki, əgər onlar azad edilməsə, 'bütün razılaşmalar sona çatacaq və cəhənnəm qopacaq'.

AzadlıqRadiosunun redaktoru xatırladır ki, konfransdan bir həftə sonra keçiriləcək Almaniya parlament seçkiləri də maraqlı bir fon yaradacaq. Hazırkı mərkəz-sol partiyasının lideri kansler Olaf Şolts və onun ehtimal olunan xələfi, mərkəz-sağçı lider Fridrix Merts Bavariyada xarici liderlərlə görüşlərdə iştirak edəcəklər: "Onlar arasında bir-birinə qarşı seçki ilə bağlı ittihamlar olsa da, seçkisonrası ən ehtimal olunan nəticə iki partiya arasında böyük koalisiyanın qurulmasıdır".

Seçkilərdə ikinci yeri tutması gözlənilən antimiqrant xəttə malik rusiyayönümlü "Almaniya üçün Alternativ" (AfD) partiyası, həmçinin oxşar mövqeyə sahib olan və ilk dəfə Bundestaqa daxil olması gözlənilən solçu populist Sara Vaqenknext İttifaqı Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

XS
SM
MD
LG