Altı məntəqədə nəticələr ləğv edilib
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
Bununla bağlı qərar fevralın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.
İclasda bildirilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab olunur. Sözügedən bələdiyyənin tərkibinə Sabirabad rayonun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.
Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə də bir seçki məntəqəsinin nəticələri ləğv edilib.
Vurğulandığına görə, bələdiyyə seçkilərindən sonra MSK-ya 20, dairə seçki komissiyalarına isə 10 müraciət daxil olub. 119 saylı Ağdam kənd və 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib. 69 saylı Biləsuvar və 82 saylı İmişli-Saatlı seçki dairələri üzrə müraciətlər araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.
Seçkilər ümumilikdə 5 min 846 məntəqədə keçirilib.
MSK bələdiyyə seçkilərinə yekun vurub
Bu gün, fevralın 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinə yekun vurulub.
MSK sədri Məzahir Pənahov deyib ki, ümumilikdə onlara 43 müraciət daxil olub: "43 müraciətin hamısına baxmışıq, müraciət etmə müddəti də başa çatıb. Ona görə tam hüquqla seçkilərə yekun vururuq".
İclasda MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə məlumat verilib. Qərar layihəsinə görə, bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib. Eyni zamanda 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb.
MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı qəbul edilib. Yekun nəticələrə əsasən, 681 bələdiyyə tam, biri isə qismən formalaşıb. İki bələdiyyədə seçkilər etibarsız sayılıb.